Azərbaycanda 246 manatla dolanmaq olar? - “Adamın gülməyi gəlir”


Gələn il Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi 246 manat götürüləcək. Bu, Milli Məclisdə qəbul edilən “2023-cü il üçün yaşayış minimumu haqqında” və “2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanunlarda da əksini tapıb.
Qeyd edək ki, ehtiyac meyarının həddi 2022-ci illə müqayisədə 23 faiz artırılıb.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı Natiq Cəfərli bu məbləğlə yaşamağın qeyri-mümkün olduğunu bildirib:
“Hesablama qaydaları ilə bağlı hökumət qarşısında dəfələrlə məsələ qaldırılsa da, bunda bir dəyişiklik olmur. Əslində, problemin kökü bundan qaynaqlanır. Yəni “Yaşayış minimumu”, “minimum istehlak zənbili” kimi anlayışların hesablama qaydasında ciddi problemlər var. Bunlar çox köhnə indikatorlarla hesablanır. Həmin indikatorlarla hesablamada çox aşağı qiymətlər alınır və nəticə etibarı ilə hökumət bu hesablamalara istinadla, yaşayış minimumunu və istehlak zənbilinin dəyərini müəyyənləşdirir. Bundan sonra da minimum əmək haqqı, təqaüd, sosial müavinət və s. ödənişlər həmin rəqəmlərə əsaslanır”. 
N. Cəfərli daha sonra qeyd edib: “Azərbaycanda 246 manatla dolanmaq mümkün deyil, bunu hamı, hətta hökumət üzvləri də bilir. Amma bu məbləğə maraq var, çünki bu cür kiçik rəqəmlərlə, qəribə səslənsə də, ölkə üzrə makroiqtisadi, sosial göstəricilər yaxşılaşır.
Əgər yaşayış minimumu 246 manat yox, 450 manat olarsa, o zaman məlum olacaq ki, Azərbaycanda yoxsulluq həddində yaşayan insanların sayı rəsmi rəqəmlərə görə, 4,8% deyil, 18-20%-dir. 
Beləliklə, rəqəmlər çox yüksək olmasın deyə, yaşayış minimumu və minimum istehlak zənbilinin çox aşağı meyarlarla hesablanmasının şahidi oluruq. 
Nazirlər Kabinetinin saytında minimum istehlak zənbilinin siyahısı var. Həmin siyahıya baxanda həm gülmək, həm də ağlamaq istəyirsən”.
Tarix: 10-12-2022, 12:37
Xəbəri paylaş





Xəbər lenti