“Azərbaycanda gərək 600 manatdan aşağı pensiya olmasın”


Xəbər verdiyimiz kimi, 2023-cü ildən Azərbaycanda bütün növ pensiyalarda artımlar olacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıqlama yayıb. Nazirliyin hazırladığı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, 2023-cü ilin yanvarın 1-dən bütün növ pensiyaların indeksləşdirilərək artırılması mexanizmi tətbiq ediləcək.
Bəs görəsən, Azərbaycanda pensiyaçının aylıq xərclərini qarşılaya bilməsi üçün nə qədər təqaüdə ehtiyacı var?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-alim Nazim Bəydəmirli qeyd edib ki, qiymət artımı fonunda bugünkü təqaüdlər normal yaşamaq üçün kifayət etmir:
“Azərbaycan o ölkələrdəndir ki, pensiya islahatı ilbəil aparılır, amma bunun təsiri hiss olunmur. Ən azından 2006-cı ildən bəri “N” qədər pensiya islahatları haqqında qanunlar qəbul olunub, dövlət proqramı var idi, amma təəssüflər olsun ki, Dövlət Pensiya Fondu üzərinə düşən öhdəlikləri yerinə yetirmədi.
Səlim Müslümov həbs olundu, bir çox problem yaşandı. Bunun kökündə duran səbəblər var, ikili mühasibatlıq mövcuddur, bu da qanunvericiliyin həm vergi, həm dövlət sosial sığorta haqlarının yığılması prosesi çox bərbad vəziyyətdə idi. 2018-ci ildən bu vergilər xidmətinə verildiyinə görə, bir az normallaşma müşahidə edə bilirik, ancaq hökumət hər il büdcəyə qəbul olunana qədər yaşayış minimumunu müəyyən edir.
Bu il işləyənlər üçün 246 manat, pensiyaçılar üçün isə bir az aşağı məbləğ nəzərdə tutulur. Bu rəqəmlərsə reallığı əks etdirmir, çünki istehlak qiymətləri çox yüksəkdir, qiymət artımı müşahidə olunur. Artan cüzi sığorta haqları da “yeyilir”.
İqtisadçının sözlərinə görə, bu gün bir şəxs aylıq xərclərini qarşılaya bilməsi üçün minimum 600 manat təqaüd almalıdır:
“Bu gün pensiyaçıların həm dərman, həm ərzaq, həm kommunal xərcləri baxımından aldıqları təqaüd onlara kifayət etmir. Pensiyaların nə qədər olması barədə konkret məbləğ demək bir az çətindir, amma gərək ortalama pensiyaçı 600 manatdan aşağı pensiya almasın.
Təəssüf edirəm ki, dövlət inzibati orqanlarında, dövlət qulluğunda çalışanlar yüksək təqaüdlə təmin olunurlar. Onlar həm rüşvət və korrupsiya ilə mayalanır, həm də yüksək təqaüd alırlar. 50 il həkim işləmiş şəxs pensiyaya çıxdıqdan sonra onun təqaüdü 250 manat civarında olur, eyni zamanda yaşa görə müavinət 180 manat müəyyən olunub. Bu da acı gülüş doğurur.
Normal ölkələrdə işləyənlərin zamanında ödədiyi sığortalarla işləməyənlərin pensiyası ödənir. Bizdə isə hesabat şəffaf deyil. Büdcədən 100 milyonlarla vəsait mənimsənilir. Naxçıvanda milyonlarla vəsait mənimsənilib, həmin şəxslər bir-iki il həbsdə yatandan sonra azadlığa çıxıb yenidən öz təmtəraqlı həyatlarını sürürlər. Ölkədə sosial ədalət prinsipləri çox ciddi şəkildə pozulur”.
Tarix: 16-12-2022, 22:32
Xəbəri paylaş





Xəbər lenti