ABŞ-dan dollarla bağlı dünyayüklü qərar: "Geri çəkilməyəcək"


ABŞ-dan dollarla bağlı dünyayüklü qərar: "Geri çəkilməyəcək"

Mərkəzi Bank dövriyyədə olan pulun həcmini azaltmağa davam edəcək. İki gün öncə ABŞ Federal Ehtiyat Sistemi 2022-ci ilin sayca səkkizinci və sonuncu toplantısında növbəti faiz qərarını açıqladı. Uzun müddət sonra ilk dəfə əhəmiyyətli dərəcədə azalan inflyasiyanın ardınca sərt pul siyasətində də yumşalma gözlənilirdi.

Qeyd edək ki, son 4 iclasda faiz dərəcələrini 0.75 bənd artıran FED aqressiv faiz siyasətini dəyişdirərək daha aşağı artıma gedib. Belə ki, 0.50 bənd artım qərarı verən FED dərəcələri 2007-ci ildən sonra ilk dəfə 4.50 faizə yüksəlib. Faiz qərarından əlavə iclas, iqtisadi proqnozların son rüblük nəticələri və sədrin bazarlara vacib mesajları ilə də yadda qalıb.

Bu barədə Bizimyol.info xəbər portalına danışan iqtisadçı Pünhan Musayev bildirib ki, əslində artırılacaq faizin miqdarının əvvəlcədən bəlli olması son iclası FED-in ritorikasını ölçmək baxımından bazarlar üçün ağırlıqla seçilən siqnallar toplusuna çevirdi. Belə ki, iclası xüsusi edən rüblük olması ilə yanaşı, həm də il sonuna təsadüfi etməsi idi.
“Çünki belə iclaslar həmçinin perspektiv üçün proyeksiyaların elan edilməsi, yəni Mərkəzi bankın gözləntilərinin hansı istiqamətdə olduğunun ictimaiyyətə bəyan etməsi ilə də seçilir. İqtisadi proqnozlara dair proyeksiyalar isə faizlərin gələn il 5%-in üzərinə çıxacağını işarə edir. Ən mümkün ssenari isə təbii ki, yüksək inflyasiya fonunda davamlı artan faiz dərəcələri və nisbətən aşağı artımdır. Çünki son 1 ildə artan faiz dərəcələri inflyasiyanı son 40 ilin ən yüksək səviyyəsindən bir qədər aşağı aparsa da, inflyasiya hələ də mərkəzi bankın illik hədəfi olan 2%-dən xeyli yüksək olaraq qalır. Bundan başqa, sentyabr proqnozları ilə müqayisədə perspektiv üçün son işsizlik səviyyəsi gözləntilərinin çox cüzi dəyişməsi iqtisadi artımda yol veriləcək enişin bir o qədər də sərt olmayacağı təəsüratını yaradır. Məhz sədrin öz çıxışında ifadə etdiyi “məşğulluq” vurğusu da buradan qaynaqlanırdı. Elə buna görə də sədr faizlərin azaldılması barədə danışmağın tez olduğunu bir daha qeyd elədi”-deyə iqtisadçı bildirib.
O qeyd edib ki, əslində bəyanat və proqnozlar sadə, ancaq inandırıcı bir hekayənin izahı idi. Belə ki, mümkün tənəzzülə baxmayaraq, FED gələn il inflyasiya üzərində daha möhkəm nəzarət naminə daha çox faiz artımına gedərək, inflyasiya təzyiqində geri dönüşün davamlı nəticələrini görməyincə, qəti şəkildə geri çəkilməyəcək.
Nəticə isə ondan ibarətdir ki, FED bununla daha yüksək səviyyəyə işarə etmir, daha uzun müddətə məhdudlaşdırıcı pul siyasətinə eyham vurur.
Yəni qısacası, qiymətlərin artım səviyyəsi azalana qədər Mərkəzi Bank faizləri artırmağa, dövriyyədə olan pulun həcmini azaltmağa davam edəcək.
Tarix: 18-12-2022, 22:15
Xəbəri paylaş





Xəbər lenti