Cəbrayıl İcra Hakimiyyəti əmlakı girovda olan şirkəti tenderdən qalib çıxarıb


 


Bildiyimiz kimi, Cəbrayıllı məcburi köçkünlərin böyük əksəriyyəti Biləsuvar rayonu ərazisində salınmış 4 saylı qəsəbədə məskunlaşmışlar. Qəsəbədə hər cür infrastruktur yaradılmış, Cəbrayıllılar burada məşğulluqlarını təmin etmiş, mövcud imkanlar daxilində pambıq və barama təsərrüfatları quraraq iqtisadiyyatımızın inkişafına da töhfə verməkdədirlər.
Mediatv.az xəbər verir ki,Hələ 2016-cı ildə Cocuq Mərcanlı kəndinə yaxın yerləşən Lələtəpə yüksəkliyi 4 günlük müharibə zamanı Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad ediləndən sonra sual olunurdu ki, nə əcəb Cəbrayıl Rayon İcra Hakimiyyətinin inzibati binası Biləsuvar rayonundan Cocuq Mərcanlıya köçürülmür. 2020-ci ildə 44 günlük müharibədən sonra torpaqlarımız, o cümlədən Cəbrayıl rayonu tam azad olunandan sonra bu məsələ yenidən xatırladılmaqdadır.
Dövlət, onun rəhbərliyi nə vaxt məqsədəuyğun hesab edəcək, onda da Cəbrayıl rayonunun idarəetmə strukturlarının, dövlət və hökumət orqanlarının inzibati binalarını da Cəbrayıl şəhərinə köçürəcək. Bu məsələlər Böyük Qayıdışın tərkib hissəsi kimi gec-tez həllini tapacaq. Sözümüz onda deyil. Yəqin razılaşarsınız, bir halda ki, yaxın perspektivdə Cəbrayıl rayonuna qayıdış nəzərdə tutulub, o halda Biləsuvarda çox bədxərclik eləmək o qədər də məqsədəuyğun sayılmamalıdır. Əlbəttə, son dərəcə vacib məsələlərin həllini təxirə salmaq olmaz. Amma xərclərin optimallaşdırılmasını, israfçılığa yol verilməməsi də mühüm əhəmiyyət kəsb edir. Biz inanırıq ki, tezliklə Cəbrayıl rayonunda, inzibati mərkəz sayılan Cəbrayıl şəhərində həyat qaynayacaq, orada düşmənin viran qoyduğu, həm də sayı yetərincə çox olan qədim tarixi-mədəni abidələr restavrasiya olunacaq, Ümummilli lider Heydər Əliyevin adını daşıyacaq prospektlər, parklar salınacaqdır.
İndi isə keçək əsas məsələyə.Mediatv.az xəbər verir ki, Cəbrayıl Rayon İcra Hakimiyyətinin  Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbədə Ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında aparılacaq abadlıq işləri üçün keçirdiyi tenderdə “İNTER STAR” beynəlxalq şirkəti qalib gəlib. İcra Hakimiyyəti adı çəkilən şirkətə 183197.72 AZN vəsait ödəyəcək.
Maraqlıdır ki, informasiya resurslarında “İNTER STAR” beynəlxalq şirkəti ilə bağlı məlumat çox kasaddır. Şirkətin yalnız 2021-ci il mart ayında  “AZƏRALÜMİNİUM” MMC-nin elan etdiyi mexaniki ölçü və elektrik alətlərinin satın alınması ilə bağlı tenderdə qalib gəldiyi barədə məlumata rast gəlinir. Daha bir neçə il əvvəl isə şirkət rəhbərinin 245 min manatlıq qeyri-yaşayış sahəsini banka girov qoyduğu, şirkətə 24 faizlə götürülən kredit kimi rəsmiləşdirilmiş 65000 manat pulun “Kapitalbank”ın əməkdaşı tərəfindən mənimsənilməsi barədə informasiya gözə dəyir, vəssalam.
Sual olunur: “İNTER STAR” şirkətinin əsas profili nədir, hansı sahə üzrə ixtisaslaşıb – mexaniki ölçü və elektrik alətləri satmaq üzrə, yoxsa, parklarda abadlıq işlərini yerinə yetirmək üzrə? Görəsən, “İNTER STAR” beynəlxalq şirkətinin yenə hansısa banka borcunun olub-olmadığı, əmlakının girov saxlanılıb-saxlanılmadığı dəqiq öyrənilibmi? Yoxsa, Cəbrayıl RİH-nin başçısı hörmətli Kamal Həsənov qarşıdan gələn və “Heydər Əliyev ili” elan olunmuş 2023-cü ildə Ulu Öndərin adı ilə bağlı xərclərə görə hesabat tələb olunmayacağını, “Satınalmalar haqqında” AR Qanununun tələblərinin gözardı ediləcəyini düşünür?//Mediatv.az//
Tarix: 27-12-2022, 17:38
Xəbəri paylaş





Xəbər lenti