İri məmurlara bağlı şəbəkə marketlər biznes məntiqi ilə də idarə edilmir, biznes məntiqi ilə idarə edilsəydi



İri məmurlara bağlı şəbəkə marketlər biznes məntiqi ilə də idarə edilmir, biznes məntiqi ilə idarə edilsəydi
Bu gün gecə yaxın insanlardan birini hava limanından yola salırdım, şəhərdə onlarla 24 saat işləyin böyük marketlər olduğunu gördüm, hətta S.Vurğun küçəsində üzbə-üz iki iri market işləyirdi, onlardan 200 metr aşağı daha birisi açıq idi. Mən iqtisadi olaraq bunun məntiqini anlamağa çalışıram, amma hələ ki, başa düşmürəm, bəlkə müzakirələr zamanı birlikdə məntiqi tapa bildik.
Yüzlərlə m2 ərazisi olan iri marketlərin 24 saat işləməsinin ziyanı xeyrindən çox olmalıdır, elektrik enerjisi pulu, gecə növbəsində çalışanların maaşı – bu xərclər gecə alverindən gələn gəliri qarşılıyırmı?! Gecə çox zaman siqaret və spirtli içkilər alınır, şəhərdə kiçik mağazalar, hətta köşklər var ki, 1 lampa, 1 işçi ilə o təlabatı ödəyirlər – mən düşünmürəm ki, məsələn, kimsə gecə saat 3-də marketə gəlib böyük ev bazarlığı etsin.
Mənə maraqlıdır ki, iri marketlər şəbəkələri bunun gəlirini, xərcini hesablayırlarmı?! Xərcini satışdan gələn gəliri ödəyirmi?! Bu sualların cavabı mənə maraqlıdır, amma onu da bilirəm ki, iri məmurlara bağlı şəbəkə marketlər biznes məntiqi ilə də idarə edilmir, biznes məntiqi ilə idarə edilsəydi ölkənin ən böyük şəbəkəsi “Bravo” ziyanla işləməzdi.
Məncə, məmurlar bu tipli biznesə iki yöndən önəm verirlər:
1) Ölkə əhalisinin 70-75%-ə yaxını öz ərzaq təlabatını şəbəkə marketlərdən ödəyirlər, məmləkətdə primitiv model var – büdcədən maaş-təqaüd alan camaat o pulu geri qaytarmalıdır, bu da marketlər şəbəkəsi vasitəsi ilə baş verir, onu da nəzərə alın ki, əhalinin gəlirlərinin 50-55% arasını məhz ərzağa xərcləyir (yeri gəlmişkən, bu ölkə əhalisinin kasıblıq göstəricisidir – normalda, qazancın 20-25%-dən çoxunu ərzağa xərcləyən insan kasıb sayılır),
2) Bu layihələr biznes yox, sosial layihələrdir, əhalinin işsizlik problemini həll edir, az maaşlı da olsa iş tapmasını təmin edir – işi varsa, səhərdən axşama çalışıb maaş alırsa, həmin vətəndaşı idarə etmək daha asan olur, itirəcəkləri yaranır.
Siz bu məsələ haqqında nə düşünürsünüz?!
Natiq Cəfərli
Tarix: 5-01-2023, 13:35
Xəbəri paylaş





Xəbər lenti