2023-də də islahatlar görünmür


İqtisadçı Qaşqay İsmayıl
Minimum əmək haqqının və pensiyaların son artımından sonra, ənənəvi tərif və təbliğatla yanaşı, qısa müddətdə artımları inflyasiyanın “yeyəcəyi” barədə fikirlər də səslənir
Əlbəttə, bu yanaşma haqlı və təbiidir, lakin problemin kökü daha dərindədir.
Burada bir-biriylə qarşılıqlı əlaqədə olan iki məqama toxunmaq vacibdir. Əvvəla, hökumət bu qərarı ilə göstərdi ki, hər hansı islahat və dəyişiklik barədə kövrək ümidlər tamamilə yersizdir. Az qala 20 ildir davam edən “sosial təminat əvəzinə loyallıq” proqramı əvvəlki temp ilə davam etdirilir. Hökumət nəinki bu siyasətdən imtina etmək fikrindədir, hətta ən kritik dövrlərdə (2019-2020-ci illər) də yaranmış sosial ziddiyyətləri, problemi totalitar üsullarla və ya kənara daşımaqla (Covid karantinləri, müharibə, sərhədləri bağlı saxlamaq və s) həll etməsi ilə, heç bir halda əsaslı struktur islahatlarına getməyəcəyini göstərdi
2023-cü ilin son artımları isə birmənalı olaraq hökumətin əvvəlki xətdən imtina etməyəcəyinin elanı kimi başa düşülə bilər.
Bununla yanaşı, yaranmış situasiyaya hökumətin gözü ilə baxdıqda bu siyasətin uğurlu olduğunu görə bilərik. Çünki mövcud rejim üçün daxili siyasətin uğurlu olmasının göstəricisi ölkənin inkişafı deyil, öz hakimiyyətini bacardıqca uzatmaqdır. Bu baxımdan sınanmış və etibarlı üsul kimi əhalinin loyallığının cüzi sosial təminatla alınması metodundan niyə imtina edilməlidir?
Düzdür, bu artımlar əhalinin vəziyyətini müsbətə doğru dəyişməyəcək, amma büdcədən maaş və pensiya hesabına yaşayan çoxmilyonluq kütlə üçün nəfəslik olaraq qalmaqda davam edəcək. Hazırki məqamda hökumətin və geniş kütlələrin istədiyi də elə budur. Bir sözlə, 2023-cü ildə hər hansı islahatların olacağı real görünmür. Əksinə, manatın tənzimlənən kursu, idxalda monopoliya, iqtisadiyyatın daha da deqredasiyası labüddür və gec-tez (böyük ehtimalla, enerjidaşıyıcılarıyla bağlı növbəti qlobal şok və ölkə miqyaslı iqtisadi kollapsa qədər) belə də davam edəcək
İqtisadi hüquq və azadlıqlar isə, artıq formalaşmaqda olan sinifsiz cəmiyyətdə tamamilə mənasız və gülünc görünməyə başlayıb
Tarix: 7-01-2023, 17:00
Xəbəri paylaş





Xəbər lenti