Dünya Bankından böhran gözləntiləri – Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlar açıqlandı



Dünya Bankımqlobal iqtisadi perspektivlərə dair yeni rüblük qlobal hesabatını yayımlayıb. 2023-cü illə bağlı hesabatına görə, Azərbaycanda iqtisadi artım göstəricisi 2.8 faiz olacaq. Ötən ilin ilk 11 ayının nəticəsinə görə, Azərbaycan iqtisadiyyatı 4.8 faiz böyüyüb. 
Bu baxımdan aydın olur ki, 2023-cü ildə Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2022-ci illə müqayisədə daha az böyüyəcəyini düşünür. Bank 2024-cü illə bağlı Azərbaycan iqtisadiyyatının böyümə gözləntisini bir qədər də aşağı salaraq 2.6 faizə endirib.
Dünya Bankının Güney Qafqaz ölkələri ilə bağlı göstəricilərindən aydın olur ki, qurum Gürcüstan iqtisadiyyatının 2023-cü ildə 4 faiz, 2024-cü ildə 5 faiz, Ermənistan iqtisadiyyatınınsa, uyğun olaraq, 4.1 və 4.8 faiz böyüyəcəyini ehtimal edir.
Proqnozlardan məlum olur ki, bu il qurumun qlobal iqtisadiyyatla bağlı böyümə gözləntiləri 1.7 faizə düşüb. Daha öncəki proqnoz 3 faiz idi. Proqnozların aşağı düşməsi bankın inkişaf etmiş ölkələrin iqtisadi böyüməsinə dair gözləntilərini 95 faiz, inkişaf etməkdə olan ölkələrinkini isə 70 faiz azaltmasından qaynaqlanır.

Bankın açıqlamasında bildirilir ki, artan inflyasiya göstəriciləri, uçot dərəcələrinin yüksəldilməsi, investisiyaların azalması, Rusiyanın Ukraynaya müdaxiləsi fonunda qlobal artım kəskin yavaşlayır. Dünya Bankının fikrincə, kövrək iqtisadi şərtlər gözə alınsa, gözləniləndən yüksək inflyasiya, onu əngəlləmək üçün faiz dərəcələrinin qəfil yüksəlməsi, COVID-19 pandemiyasının yenidən canlanması və ya geosiyasi gərginliyin artması kimi hər hansı yeni mənfi tendensiya qlobal iqtisadiyyatı asanlıqla tənəzzülə sürükləyə bilər. Bu halda son 80 ili aşan müddətdə ilk dəfə eyni onillikdə iki qlobal tənəzzül baş vermiş olacaq.
Dünya Bankı iqtisadi artım göstəricilərinin azalmasının yoxsulluğu artıracağından da ehtiyatlanır. Qurumun hesabatında bildirilir ki, dünyadakı ifrat yoxsulların təxminən 60 faizi Səhraaltı Afrikanın payına düşür. 2023-24-cü illərdə orada adambaşına düşən gəlir artımının ortalama cəmi 1.2 faiz olacağı gözlənilir. Bu, yoxsulluq səviyyəsini azaltmaqdan çox, artıra bilər.
Bankın narahatlığını bildirdiyi daha bir məsələ qlobal iqtisadiyyatda investisiyaların azalmasıdır. Dünya Bankının fikrincə, investisiyaların azalması zəif məhsuldarlıq və ticarətlə əlaqəli olduğundan ciddi narahatlıq doğurur və ümumi iqtisadi perspektivləri zəiflədir. Nəzərə almaq lazımdır ki, güclü və davamlı investisiya artımı olmadan daha geniş inkişaf və iqlimlə bağlı məqsədlər baxımından ciddi irəliləyiş mümkün deyil. Bank bu düşüncədədir ki, investisiyaları artırmaq üçün sağlam maliyyə və pul siyasətinin müəyyənləşdirilməsi və investisiya mühitində hərtərəfli islahatların aparılması çox vacibdir.
“AzPolitika.info”
Tarix: 11-01-2023, 14:48
Xəbəri paylaş





Xəbər lenti