Qiymət baha, gəlir az: - Pulumuzu ancaq yeməyə xərcləyirik

Qiymət baha, gəlir az:
Vətəndaşlar son zamanlar əməkhaqqının bu aydan digər aya keçmədiyindən, alınan maaşın yemək və kommunal ödənişlərə xərcləndiyindən şikayətlənirlər.

Gəlirinin yarıdan çoxunu ərzaq məhsullarına xərcləyən vətəndaşlar geyim və əyləncələrinə çox az pul xərcləyirlər. Əlbəttə, dincəlməyən, əylənməyən və gündəlik qayğılarla yaşayan insanları küçədə, ictimai nəqliyyatda yorğun, gərgin görməyə hazır olmalıyıq. Dövlət Statistika Komitəsinin rəqəmləri də yuxarıdakı məlumatları təsdiqləyir.

Belə ki, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda vətəndaşlar ən çox ərzaq məhsullarına pul xərcləyiblər. Azərbaycanlılar pərakəndə ticarət şəbəkəsində 40,4 milyard manat məbləğində ərzaq məhsulları, içki və tütün məmulatları, 17,7 milyard manat məbləğində qeyri-ərzaq məhsulları alıblar. Dövlət Statistika Komitəsinin məlumatına görə, insanlar gəlirlərinin 51.6 faizini ərzaq, 4.6 faizini tütün, 14 faiz geyim və toxuculuq məhsullarına, 5.7 faiz dizel və avtomobil yanacağına, 2.2 faiz əczaçılıq məhsullarına xərcləyiblər.

SİAM.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, ərzaq qiymətlərinin baha olması ilə yanaşı, gəlirlərin də az olması buna təsir göstərir:

“Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə belə bir yanaşma var ki, əhali öz gəlirlərinin maksimum 20 faizinə qədərini ərzağa xərcləsə, bu, normal yazılır. Daha yuxarısı kasıblıq əlaməti kimi qavranılır. Bizdə bununla bağlı vəziyyət, təəssüf ki, əhalinin rəsmi gəlirlərinin 52-53 faizi ərzaq məhsullarına xərclənir. Bu, çox yüksək göstəricidir. Buna qiymətlərin baha olması ilə yanaşı, gəlirlərin az olmasının da təsiri var. Çünki bir çox Şərqi Avropa ölkələri ilə müqayisə etsək, bizdə ərzaq qiymətləri onlardan ucuz deyil, bəzi hallarda daha bahadır. Amma gəlirlərə, təqaüd və əməkhaqqına baxanda məsələ fərqlidir.

Nümunə üçün Polşanı götürsək, Polşada ən aşağı maaşlar min dollardan başlayır. Bu, indiki məzənnə ilə 1700 manat edir. Bizdə 1700 manat çox yaxşı maaş sayılır. İnsanlar bunu yüksək maaş hesab edirlər. Amma bəzi ərzaq növləri üzrə qiymətlər Polşada bizdən ucuzdur. Bura kərə yağları, dəniz və ya ət məhsulları da daxildir”.

Ekspert qiymətlərin baha, gəlirlərinsə az olduğunu qeyd edib:

“Bizdə bəzi ölkələrlə müqayisədə həm qiymətlər bahadır, həm də gəlirlərimiz, təqaüd və maaşlar çox aşağıdır. Bu nöqteyi-nəzdən məcburən elə alınır ki, biz gəlirlərin yarıdan çoxunu xərcləmək məcburiyyətində qalırıq. Onun üzərinə kommunal, səhiyyə xidmətlərini də gəlsək, təqribən 70 faizdən yüksək nəticə əldə olunacaq ki, bu da çox pis göstəricidir”.

Qeyd edək ki, ailə gəlirlərindən qida məhsullarına ən çox xərclənən 9 ölkə sırasında Azərbaycan 40.1 faizlə yer almaqdadır.
Tarix: 28-02-2023, 18:39
Xəbəri paylaş





Xəbər lenti