"Elektrik enerjisini dövlətdən ucuz qiymətə alıb əhaliyə baha satmaq yolverilməzdir" - SƏRT REAKSİYA


Milli Məclisdə “elektroenergetika” haqqında qanunun müzakirəyə çıxarılması bir sıra müzakirələrə yol açıb. Belə ki, bəzi mütəxəssislər hesab edirlər ki, qanun qəbul edilsə, elektrik enerjisinin nə satışı, nə də alışı ilə artıq “Azərenerji” ASC məşğul olmayacaq. Yəni bu iş özəl şirkətlərə tapşırılacaq ki, belə olan halda elektrik enerjisinin qiymətlərində artım müşahidə oluna bilər. Bəs görəsən qanun qəbul edilsə, əhaliyə verilən elektrik enerjisinin qiyməti bahalaşacaqmı? 
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı alim Elşad Məmmədov bildirib ki, elektroenergetika sektoru elə bir sahədir ki, orada aparılan islahatlar mütləq şəkildə xüsusi ehtiyatla həyata keçirilməlidir: Beynəlxalq təcrübə və mütərəqqi elmi yanaşmalar də belə deməyə əsas verir: “Enerji generasiyası, paylanması və satışı vahid kompleks təşkil etməlidir. Bu vahid kompleksin ayrı-ayrı hissələrə seqmentləşdirilməsi bir çox problemlərə yol aça bilər. Əgər hansısa özəl sektora aid qurum enerji satışı ilə məşğul olmağa can atırsa və ya paylaşdırıcı xidmətləri həyata keçirmək istəyirsə, bu zaman onun generasiya ilə bağlı müvafiq öhdəlikləri olmalıdır. Çünki elektrik enerjisini dövlətdən ucuz qiymətə alıb öz bazar məqsədlərinə görə əhaliyə və istehsala baha satmaq yolverilməzdir. Bu, həmin özəl sektorların zənginləşməsinə, iqtisadiyyatımızın və əhalinin sosial vəziyyətinin isə daha da çətinləşməsinə gətirib çıxara bilər”.

Elşad Məmmədov
İqtisadçının sözlərinə görə, bu məsələdə sözsüz ki, sosial amillər nəzərə alınmalıdır: “Eyni zamanda islahatların aparılması fəlsəfəsi  iqtisadi effektivliyin yüksəlməsi ilə bağlı olmalıdır. Hansısa bazar mexanizmlərinin formalaşmasına dominant yanaşmalar sosial-iqtisadi inkişafa zərər gətirməməlidir. Ona görə də bu sahədə özəlləşmə və liberallaşma aparılmazdan öncə bazar effektiv şəkildə öyrənilməlidir. Elə şirkətlər bazara daxil olmalıdır ki, onlar yalnız enerji satışı və paylanmasında deyil, paralel olaraq generasiya prosesində də iştirak etsinlər. Əks halda bir sıra sosial-iqtisadi problemlərin meydana çıxmasının şahidi olacağıq”.
Tarix: 1-03-2023, 22:14
Xəbəri paylaş





Xəbər lenti