2,2 milyard manat artıq qalıb: Maaş və pensiyalar artırılacaq?


2,2 milyard manat artıq qalıb: Maaş və pensiyalar artırılacaq?


Dövlət büdcəsində 2 milyard 217,2 milyon manatlıq profisit yaranıb. 
Maliyyə Nazirliyinin məlumatına əsasən, 2023-cü ilin yanvar-fevral aylarında dövlət büdcəsinə 5 milyard 877,6 milyon manat vəsait daxil olmuşdur.
Bildirilib ki, 5 milyard manatlıq vəsaitdən 3 milyard 660,4 milyon manat vəsait xərclənmişdir.
Bəzi ekspertlər hesab edirlər ki, bu artıq vəsait müəyyən labüd istiqamətlərdə, pensiyaların, sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılmasına yönəldilməlidir.
Məsələyə fərqli münasibət bildirən iqtisadçı-ekspert Xalid Kərimli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, sosialyönümlü gəlirlərin artırılmasını büdcədə profisitə görə əsaslandırmaq düzgün deyil. 
O bildirib ki, büdcədə profisitin yaranmasının bir çox səbəbləri var:

"İlin əvvəlində büdcədə ancaq cari və sosial xərclərin icrası həyata keçirilir. İnvestisiya xarakterli xərclərin həyata keçirilməsi baş vermir. Bunun bir neçə səbəbləri var. 
İnvestisiya xərclərində ilk növbədə müəyyən layihələr hazırlanmalıdır, təsdiqləmələr və hesablamalar həyata keçirilməlidir, eləcə də müxtəlif prosedurların icrasına diqqət yetirilir. Bütün bunlar müəyyən zaman aparır. Bu baxımdan büdcə gəlirlərinin daha çox xərclənməsi ilin ikinci yarasında təsadüf edilir.
Eyni zamanda burada digər məsələləri də nəzərə almaq lazımdır. Hökumət cari və sosial xərcləri təxirəsalınmaz xərclər hesab edir. Ancaq investisiya xarakterli xərclərin icrasını təxirə salmaq mümkündür. Həm də nəzərə alaq ki, Azərbaycan Respublikasının 2023-ci il büdəcəsinin gəlir hissəsi 30,17 milyard manat, xərclər isə 33 milyard manat proqnozlaşdırılıb. Çünki bu il üçün büdcə kəsrli büdcə kimi planlaşdırılıb.
Hazırda iki ayın nəticəsində büdcədə profisit yarınıb kimi düşüncələrin yalnış olduğunu hesab edirəm. Biz ölkə büdcədə profisitin yaranıb yaranmamasını ilin sonunda müəyyən edə bilərik. Çünki proses gedişində icra olunmayan xərclərlər icra olunacaq.
Təsəvvür edək ki, büdcədə daha bir profisit ortaya çıxıb və sırf buna görə sosial gəlirləri artırırıq. Əməkhaqqını və pensiyanı artırdıqdan sonra bu məbləği hər ay ödəmək məcburiyyətində olacaqsan.
Bəs növbəti ayda profisit yaranmasa nə olacaq? Əməkhaqlarını və pensiyaları necə ödəyəcəksən? Pulları haradan tapıb verəcəksən? Ona görə də iki aylıq nəticəyə görə əməkhaqları, pensiyalar və sosial təqaüdləri artırılmalıdır kimi fikirlər yalnışdır. Onsuzda hökumət inflyasiyanı nəzərə alaraq əməkhaqlarını, pensiyaları və sosial təqaüdləri artırır". 
Tarix: 28-03-2023, 17:49
Xəbəri paylaş





Xəbər lenti