Azərbaycanda əhali kredit hesabına yaşayır: Banklarda böyük problem


2023-cü ilin ilk 3 ayında (yanvar-mart) bankların cəmi kredit portfeli 444 milyon 241 min manat artıb. 
Bankların cəmi kredit portfeli daha çox əhali tərəfindən götürülən istehlak və ipoteka kreditlərinin hesabına artıb. 2023-cü ilin yanvar-mart aylarında bankların istehlak kreditləri portfeli 188 milyon 300 min manat artaraq 5 milyard 942 milyon 445 min manata, ipoteka kreditləri portfeli isə 139 milyon 596 min manat artaraq 3 milyard 124 milyon 755 min manata çatıb. 31 mart 2023-cü il tarixində, əhalinin banklara cəmi borcunu göstərən istehlak və ipoteka kreditləri üzrə cəmi qalıq kredit 9 milyard 67 milyon 199 min manat təşkil edib. İlin ilk 3 ayında bu iki kredit üzrə artım 327 milyon 896 min manat təşkil edib.
Ötən ilin sonunda istehlak və ipoteka kreditləri üzrə cəmi qalıq borc 8 milyard 739 milyon 304 min manat təşkil etmişdi. Beləliklə, əhalinin banklara borcu 9 milyard manatı keçib. Qeyd edək ki, son vaxtlar əhalinin istehlak kreditlərinə “marağı” getdikcə artır. Hətta vətəndaşlar nəinki əmlak almaq üçün banklardan kredit əldə edirlər, ən kiçik məbləğ üçün belə, banklara üz tutmalı olurlar. 
Mövcud vəziyyət əhalinin əksər hissəsinin bankların hesabına yaşadığının göstəricidirmi? 
Siam.az-ın məlumatına görə, iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, əhalinin istehlak kreditlərdən istifadəsi yalnız Azərbaycana xas deyil: 

“Son 30-40 ildir ki, bütün dünya istehlak cəmiyyətidir. Hər yerdə insanlar daha çox istehlak etmək istəyir. Sovet dövrünə və ondan əvvəlki dövrə qayıtsaq görərik ki, insanlar daha çox mal dalınca qaçmırdılar. Heç ağlına da gəlmirdi ki, gedib əmlakı borcla almaq olar. Hamının paltarı, ayaqqabısı az sayda idi, onu gec dəyişirdilər. Hər kəs ayağını yorğanına görə uzadırdı. İstehlak krediti Qərbdə son 50-60 ildə formalaşıb, sonra da bütün dünyada yayılıb. Bu, məhz iri ticarət şəbəkələrinin, reklam siyasətidir. Onlar işi belə qurublar ki, insanlar daha çox mal alsınlar. Banklar da buna xidmət edir. Bizim cəmiyyət də istisna deyil. Bu baxımdan insanların buna meyilli olması başadüşüləndir. Yəni istehlak kreditlərinin daha çox artması ancaq onunla bağlı deyil ki, gəlirləri azdır. Onsuz da insanların gəlirləri nə qədər artsa da, gedib borca girəcəklər ki, daha çox mal alsınlar. Burada önəmli olan amil bankların istehlak kreditlərini verməsidir. Yəni insanlar almaq istəyir, bəs banklar niyə verir? Əsas məsələ budur”. 
O bildirib ki, inkişaf etmiş ölkələrdə istehlak krediti çoxdur: 
“Ancaq orada banklar əsasən biznes krediti verməkdə maraqlıdır. Çünki bu, uzunmüddətli qoyuluşlardır, daha sabitdir, daha çox gəlirlər görürürlər. Uzunmüddətli perspektivdə iş yelərinin açılması deməkdir. Ancaq bizdə banklar istehlak krediti verməyə daha çox meyillidir, nəinki biznes kreditləri. Çünki bizim bankların əksəriyyəti uzunmüddətli perspektivə işləmirlər. Onlar sahibkarlara etibar etmirlər ki, nəsə iş quracaq, qazanacaq, onlara pul qaytaracaq. Ödəniş qabiliyyətli sahibkar azdır, ölkədə məhkəmə-hüquq sisteminin vəziyyəti bərbaddır, qanunçuluq təmin olunmur. Ona görə də banklar özlərinə ən asan yol axtarırlar və istehlak kreditləri verəcəklər. İstehlak kreditləri üzrə faiz dərəcələri biznes kreditlərinə nisbətən daha yüksəkdir. Biznesdə problem yarananda  krediti qaytarmaq çətindir. İstehlak kreditində nisbətən asandır. Çünki qarşısındakı adi vətəndaşdır və bu baxımdan bizim banklar istehlak kerditi verməkdə maraqldır”. 
Ekspertin fikrincə, bu, perspektivdə bank sistemi üçün faciədir:
“Çünki insanların gəliri son zamanlar artmır, qiymətlər artdığı üçün xərcləri artır. Bu baxımdan əvvəl-axır banklarda problemli kreditlərin artmasına gətirib çıxaracaq. Çünki insanlar o kreditləri bağlaya bilməyəcək. Digər tərəfdən də yeni iş yerləri yoxdur və maaşlar artmır ki, gəlib kreditləri bağlasınlar. Sadəcə banklar bunu bu gün əlverişli sayırlar”. 
Tarix: 27-04-2023, 08:59
Xəbəri paylaş





Xəbər lenti