"İşin harasıdır ki, dövlət büdcəsi kimi “anbarı” da neft xətti ilə doldururuq"

"İşin harasıdır ki, dövlət büdcəsi kimi “anbarı” da neft xətti ilə doldururuq"

“Soruşsanız, maliyyə sektorunun ümumi vəziyyəti sizi tam qane edir? Deyərdim ki, etmir. İstəyirəm maliyyə sektorunun iştirakçıları risklərin idarə edilməsi və korporativ idarəetmə üzrə qabaqcıl təcrübənin tətbiqini daha da artırsınlar”… Bu sözləri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sədrin bu çıxışında önə çıxan əsas məqam bilgidən çox qətiyyət nümunəsidir. Çünki hazırki maliyyə vəziyyətini qiymətləndirmək üçün mütəxəssis olmağa da ehtiyac yoxdur: “Az-çox maliyyə savadlılığı olan bir adamdan soruşsan, o da başqa bir formada bu və ya buna yaxın bir fikri ifadə edər. Mərkəzi bank rəhbərinin bunu qəbul etməsi və açıq bəyan etməsi isə alqışalayiqdir. Ona görə ki, biz belə hallara hər qurumda təsadüf etmirik. Əksinə, müşahidələr göstərir ki əksər hallarda nöqsan və çatışmazlıq kənarda axtarılır”.

Qaldı ki, maliyyə sektorunda mövcud çatışmazlıqlara, iqtisadçı qeyd edib ki, bu baxış bucağından asılıdır.
“Məsələn, sədr özü bankların pərakəndə bankçılıqla fəaliyyət göstərdiyini arqument gətirib. Ümumi götürəndə də, Azərbaycanın maliyyə sistemi bu günə qədər kredit-depozit mexanizmindən irəli gedə bilməyib. Hansı ki, ölkədə qiymətli kağız bazarının səviyyəsi uzun illər çox aşağı olub. Bunun da bəlli səbəbləri var təbii ki. Ən əsası isə, iqtisadiyyatın dəyər və pul yaradıcı sektoru çox məhduddur – neft-qaz sahəsi. Məhz bu yolla ölkəyə valyuta axını təmin olunur, ehtiyac duyduğmuz məhsullar xaricdən bu vəsaitlərlə əldə olunur. İşin harasıdır ki, dövlət büdcəsi kimi “anbarı” da birbaşa və dolayı formada neft xətti ilə doldururuq. Yerli istehsal demək olar "yox" səviyyədədir. Bir halda ki, iqtisadiyyat bir-birinin güzgüsü olan real və maliyyə sektorunun məcmusudursa, birinin vəziyyəti necədirsə, digəri də ona bənzər olacaq. Diqqət yetirsək görərik ki, sədr özü də cari maliyyə vəziyyətimizin iqtisadiyyatın durumu baxımından güclü olduğunu bildirib. Bəli, yəni hazırki maliyyə sistemi real sektora adekvat və onun əks-effektidir. Halbuki, bu sistemlə müasir dünyadan çox uzağıq”-deyə Pünhan Musayev bildirib. Onun sözlərinə görə, dünya praktikasında firmalar, müəssisələr öz vəsaitlərini cəlb etmək üçün dövriyyəyə səhm, istiqraz buraxırlar.

Ölkəmizdə bu praktika nə qədər geniş yayılıb?

Pünhan Musayevin fikrincə, bircə önə çıxan Dövlət Neft Şirkətinin qiymətliləridir. Onlar da yenə neft sektoru təyinatlıdır. Elə bu çatışmazlığa görə də iqtisadçı hesab edir ki, sektorda banklar necə deyərlər, “at oynadır”, kredit faizləri də yüksək olur. Halbuki, subyektlərin sayı və oyun qaydalarındakı kimi bazarda oyunçu çox olsa, banklar da məcburən kredit faizlərini aşağı salarlar.
“Bununla belə, mövcud vəziyyətə və xüsusən də sədr kimi mötəbər tribunadan bunun etiraf edilməsinə görə bədbinliyə birdəfəlik qapılmaq da olmaz. Ən azı son illər bu sahədə ciddi təşəbbüsləri görmək mümkündür. Hansı ki, hökumət depozitlərə tətbiq etdiyi vergi güzəştini aradan götürüb, əvəzində güzəşti qiymətli kağızlar üzrə dvidentlərə tətbiq etdi. Həmçinin, bu yaxınlarda Mərkəzi Bank da öz notlarını (qiymətli kağızlarını) almaq hüqunu kommersiya banklarından, maliyyə və sığorta sahəsində fəaliyyət göstərənlər istisna olmaqla, qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya şirkətlərinə qədər artırdı”-deyən iqtisadçı bildirib ki, tədbirlər bunlarla da yekunlaşmayacaq. Böyük ehtimalla, bu addımların say və profilləri artırılacaq. Çünki bunlar həm də ölkənin ortamüddətli vizyonu olan 2022-2026-cı illər üçün nəzərdə tutulan sosial-iqtisadi inkişaf konsepsiyasından da irəli gələn tələblərdir.
“Hansı ki, strategiyada yer alan maliyyə sektorunun beynəlxalq praktikaya uyğunlaşdırılması, maliyyəyə çıxışın artması, bank sektoru üzrə tələb-təklifin təşviqi kimi hədəflər bizə bu baxımdan pozitiv olmaq üçün əsaslar verir”-deyə iqtisadçı əlavə edib.
Tarix: 7-05-2023, 23:02
Xəbəri paylaş





Xəbər lenti