Maaş az, vergi və sosial müdafiə ödənişi çox: - Hökumət problemi niyə həll etmir?

Maaş az, vergi və sosial müdafiə ödənişi çox: -
“Azərbaycanın əmək bazarındakı problemləri əsasən bir neçə qrupa bölmək olar”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə bildirib.

O qeyd edib ki, "Bunlar əmək münasibətlərinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməməsi, uçotdankənar əməkhaqqının verilməsi, bəzi yerlərdə əmək haqqının sektor üzrə orta göstəricidən aşağı olmasıdır".

Qeyd edək ki, bu gün əmək bazarında bir sıra problemlər mövcuddur və onların bir qismi də məhz adıçəkilən dövlət qurumu yetkilisinin göstərdikləridir. Lakin qeyd edilənlərlə yanaşı, ən böyük problemlərdən biri də maaşın xərclərə, bahalaşmaya, inflyasiyaya uyğun olmamasıdır.

Bütün mövcud problemləri dövlət qurumu özü də göstərirsə, bəs həll yollarını kim təqdim edəcək?

SİAM.AZ-ın məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, dövlət qurumu rəsmisinin fikirləri etirafdır və əslində doğru nəticələri deyib:

“Ancaq hökumət orqanının, icra strukturunun vəzifəsi nəticənin elan olunması deyil, səbəblərin aradan qaldırılması üçün işlərin görülməsidir. Sadalanan nəticələr niyə yaranıb? Bizdə əmək haqqları bəzi sektorlarda niyə aşağıdır? Niyə qeydiyyatsız çalışanlar, rəsmi maaşı az alıb, “paketdə” maaş alanlar var. Bu sualların cavabını verməlidirlər. Dövlət orqanları bundan çıxış yollarını tapmalıdırlar. Onlar tənqidçi, ekspertlər deyillər ki, öz sahələrində olan problemi tənqid etsinlər. Çıxış yolları isə çox sadədir. İş yerlərinin rəsmiləşdirilməsinin azlığı, qeyri-rəsmi maaşların olmasının səbəbi vergi qanunvericiliyinin doğru olmamasıdır. Belə ki, vergi dərəcələrinin həddindən artıq böyük və sıx olmasıdır.

Bundan başqa, minimum əmək haqqına görə hesablanan verginin yüksək olması, işə götürənin və işçinin Dövlət Sosial Müdafiə Fonduna ödədiyi vəsaitin çox yüksək olmasıdır. Bütün bunlar ona gətirib çıxarır ki, qeyri-rəsmi əmək münasibətləri yaranır. İşə götürən də işçiyə də sərf edir ki, qeyri-rəsmi maaş alsın, vergi ödəməsin, DSMF-yə ödənişlər həyata keçirməsin. Bununla bağlı hökumət şikayət yox, təkliflərlə çıxış etməlidir”.

Maaşların inflyasiyanı qarşılamaması ilə bağlı ciddi problem olduğunu deyən ekspertin sözlərinə görə, Azərbaycanda təəsüf ki, daha çox orta aylıq əmək haqqından və digər gəlir göstəricilərindən danışırlar:

“Ancaq medyan maaşdan danışmırlar və bu, çox vacib göstəricidir. Medyan maaş o deməkdir ki, ölkədə nə qədər işçi çalışırsa, onun yarısı hansı həddə qədər maaş alır. Bizdə bu, təqribən 405 manatdır və çox aşağı göstəricidir. Yəni ölkədə çalışanların yarısı 405 manata qədər maaş alır. Bu problem aradan qalxmalıdır. Bunun həlli üçün dövlət və hökumət orqanları düşünülmüş addımlar atmalıdırlar”.
Tarix: 15-05-2023, 22:43
Xəbəri paylaş





Xəbər lenti