Bütün dünyanın eyni valyutadan istifadə etməsi mümkündürmü?

Bütün dünyanın eyni valyutadan istifadə etməsi mümkündürmü?Foto: GettyImages

Bütün dünyanın eyni valyutadan istifadə etməsinin daha yaxşı olacağını düşünürsünüzsə, tək deyilsiniz. Məşhur iqtisadçı Con Meynard Keynsin belə bir fikri var idi.

İkinci Dünya Müharibəsindən sonra yaşanan böyük dağıntı, müharibədən sonra yeni pul vahidinin necə işləyəcəyi sualını ağıllara gətirmişdi. Məhz, bu suala cavab tapmaq və mümkün iqtisadi böhranın qarşısını almaq üçün 1944-cü ildə keçirilən və 44 ölkənin qatıldığı Bretton Woods konfransında Keyns “Bancor” adlı pul vahidi təklifini ətraflı məruzə ilə təqdim etdi. Keyns təklif etdi ki, Bancor Dünya Mərkəzi Bankı kimi bir təşkilat daxilində və yalnız hökumətlər tərəfindən bir-birinə edilən ödənişlər üçün istifadə olunsun. O, dünyanın ehtiyat valyutasına çevriləcəkdi. Bancor qəbul edilsəydi, digər valyutaların dəyərləri Bancor-a indeksləşdirilərək istifadə ediləcəkdi. Əsas məntiq ondan ibarət idi ki, ölkələrin valyutaları hazırda bağlandıqları qızıl standartı əvəzinə Bancor adlı valyutaya bağlanırdı. Beləliklə, hər bir ölkə valyutasını Bancor-a sabitləyəcək, dalğalanma baxımından dəyişkənliyi (qeyri-sabitliyi) müəyyən bir limitdə məhdudlaşdıracaqdı.
Dəyişmələrin məhdudlaşdırılması həm də ölkələrə beynəlxalq ticarətdə öz xarici tarazlığını qoruyub saxlamağa kömək edərdi. Başqa sözlə, məqsəd məzənnə bərabərsizliyini tarazlaşdırmaqla xarici ticarət kəsiri ilə xarici ticarət profisiti olan ölkələr arasındakı bərabərsizliyi tarazlaşdırmaq idi.
Təəssüf ki, Bancor ABŞ kimi böyük xarici ticarət profisiti olan ölkələr üçün işləyəcək bir üsul deyildi. Keynsin təklif etdiyi valyuta xarici ticarət kəsiri olan ölkələr üçün üstünlük yaratsa da, bərabərliyi təmin etmək məqsədilə xarici ticarət profisiti olan ölkələrə qarşı sanksiyalar tətbiq etdiyi üçün ABŞ üçün də mənfi cəhətlər yaratdı. ABŞ-ın bu fikrə sərt etirazı nəticəsində Bancor Bretton Woods konfransında qəbul edilmədi. ABŞ Xəzinədarlığının baş iqtisadçısı Harri Dekster Uayt Keynsin təklifinə qarşı çıxdı və Dünya Bankı və BVF kimi qurumların yaradılmasını təklif edərək, qızıl və ABŞ dollarına bağlı sabit məzənnə sistemini təklif etdi.  Uaytın təklif etdiyi sistemlə ABŞ dolları dolayı yolla bir növ ehtiyat valyutaya çevrildi. Nəticədə Bancor ABŞ dolları ilə, mərkəzi bank isə FED ilə əvəz olundu.

İqtisadçı Pünhan Musayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, valyuta məhfumu təkcə nominaldan ibarət deyil, onun spesifik fəlsəfəsi var. Valyuta ilk növbədə milli kimlikdir, bir növ pasportdur. Kim milli kimliyindən imtina edər?! Digər tərəfdən, müştərək valyuta təkcə bank-maliyyə əməliyyatlarının bir çərçivədə yerləşməsi ilə məhdudlaşmır, burada iqtisadiyyatların bir-birinə inteqrasiyası, əmək və kapital axınlarının mobilliliyi də önəmli şərtdir.
“Daha kasıb Avropa ölkələri ilə müqayisədə Britaniyada kapital və əmək qiymətləri daha yüksək idi ki, nəticədə krallıq üzv olduğu müddət ərzində funtdan imtina etmədən birliyi tərk etdi. Habelə, kasıb Mərkəzi Asiya ilə daha zəngin Baltikyanı regionu əhatə edən Sovetlər birliyinin də süqutu bu kimi təməl-fundamental səbəblərdən irəli gəlirdi.
Universal valyuta ölkələrin bir blokdan da böyük sistemdə təmərküzləşməsi deməkdir ki, ölkələr ixtiyari ittifaqdan fərqli olaraq bu sistemdən çıxa bilməz. Çıxsa, gərək dünyadan təcrid oluna. Həm də ki,vahid valyutanın yaranması onu çap edən vahid Mərkəzi Bankı da labüd edir. Bəs bu qurum harada olacaq, ona nəzarəti kim edəcək, digər ölkələrin buna münasibəti necə olacaq? Həmçinin, hər bir milli iqtisadiyyatın unikal xarakterə malik olması isə dünya Mərkəzi Bankının ədalətli, yəni digərilə müqayisədə bir regionun xeyrinə davranmasının əleyhinədir”-deyən iqtisadçı bildirir ki, yəni ölkələrin iqtisadi şəraitini nəzərə almadan, verilən eyni maliyyə qərarları ölkələrin birinə faydalı təsir edəndə, digəri üçün fəlakətlə nəticələnə bilər. Bundan başqa, perespektivi də müəyyən etmək mümkün deyil. Belə ki, bu gün yüksək inkişaf edən hansısa ölkə ola bilər ki, onilliklərdən sonra durğunluq və ya geriləmə yaşasın. Yəni templər zaman-zaman dəyişir. Vahid olmasa da, bir zamanlar qlobal valyuta statusu daşıyan qızıl, gümüş indi əmtəə və investisiya alətidir, ingilis funtu milli valyutadır.
“Hətta indiki dolların da son dövrlər taxtının laxladığını görürük. Hamısı nəyə görədir? Fundamental faktorlardan qaynaqlanır – hansılar ki, iqtisadiyyatlararası balansızlıqlar, fərq və ziddiyyətlər, inkişaf dinamikasının zamanla dəyişməsi, eləcə də hazırki bloklaşma prosesi və s”-deyən iqtisadçı bildirib ki, ölkələri vahid valyuta çətiri altına yığmaq və saxlamaq heç də asan iş deyil. Lap nəzəri olaraq təsvir etsək də, reallıqda məsələn, xəfif maliyyə siyasəti ilə ixrac və iqtisadiyyatını təşviq edən Çinin inflyasiya, kəsir, borc və s.-ə görə sərt kurs yürüdən Argentina, Venesuela, Zimbabve ilə maraqları üst-üstə düşməz. Ona görə də, vahid valyutanın tətbiqi praktiki olaraq inandırıcı görünmür. Bu baxımdan, baxmayaraq ki mübadilə zamanı kommission ödənişlər, məzənnə oynaqlığı, spekulyasiya kimi neqativləri var, yenə də ən optimal variant hazırda üstünlük təşkil edən qarışıq yanaşmanın davam etməsidir.
Tarix: 22-05-2023, 09:54
Xəbəri paylaş





Xəbər lenti