Sığorta şirkətlərinin şantaj taktikası: - İcbari Sığorta Bürosu bitmə tarixini qəsdən gizlədir

Sığorta şirkətlərinin şantaj taktikası:
Sosial media istifadəçilərindən biri maraqlı müşahidəsini qeyd etmişdi. O yazırdı ki, qanunvericilikdə nəsə dəyişiklik təklif olunanda yenə cibimizə girəcəklərini anlayır. Çünki yeni qanunlar əksər hallarda sıravi adamlara baha başa gəlir. Sadə insanlar ölkədəki dəyişikliklərdən xüsusilə sosial müstəvidə fayda görmür.
SİAM.AZ Bizimyol.info-ya istinadla xəbər verir ki, hökumətin sığorta siyasəti də insanların maddi yükünü artırmağa hesablanıb. Məsələn, mənzillərin sığortalanması ilə bağlı böyük ajiotaj yaradılıb. İnsanların əks halda cərimə olunacağı haqda söz-söhbət var. Hiss olunur ki, bilərəkdən belə şərait yaradılır. Halbuki bunun heç bir hüququ əsası yoxdur.

Son günlər avtomobillərin sığortalanması barədə də eyni vəziyyət müşahidə edilir. Sığorta şirkətləri maşın sahiblərinə zəng vuraraq nəqliyyat vasitəsinin mütləq sığortalanmalı olduğunu bildirir, sürücülərdə təşviş yaradırlar. Özü də hamıya ardıcıl zəng vururlar. Necə deyərlər, qarmaq atırlar. Zəng vuran sığorta şirkətinin əməkdaşları qısa danışmır, söhbəti uzadır, axırda şantaj taktikasına keçirlər. Hüquqlarını bilənlər belə ritorikanın düzgün olmadığını deyirlər. Əksər hallarda sürücülər aldanır, avtomobilin sığortası olduğu halda yenidən bunu rəsmiləşdirirlər.

İqtisadçı Samir Əliyevin başına məhz belə əhvalat gəlib. Özünü “Azərsığorta”nın əməkdaşı kimi təqdim edən xanım kommersiya şirkətinin xidmətini irəli sürüb. İqtisadçının avtomobilinin artıq sığortalandığını bilsə də, əl çəkməyib. Xanım əməkdaş Samir Əliyevi cərimələrlə qorxutmağa cəhd göstərib. Söhbətin sonrakı mərhələsində zəng vuran şəxs onu çalışdığı müəssisədən məhz belə tərzdə davranmağı tələb etdiklərini boynuna alıb.

Samir Əliyev bildirir ki, ardıcıl bu cür zənglər alır. İqtisadçı İcbari Sığorta Bürosunu məlumat bazasındakı materialları sığorta şirkətlərinə ötürməkdə ittiham edir. O, belə davranışla həm konstitusiya, həm də istehlakçı hüquqlarının pozulduğunu bildirir.

Sosial platforma istifadəçilərindən Məmməd Məmmədov yazır ki, onun da başına bənzər hadisə gəlib. Avtomobil sahibinə zəng vurub şantaj ediblər. Amma Məmməd Məmmədov sığorta müddətinin deyildiyi kimi iki günə yox, xeyli gec bitdiyini deyib, tələyə düşməyib.

Tam bir özbaşınalıq baş verir. Heç bir halda mülkiyyətçilərlə belə davranmaq olmaz. Avtomobil sahibləri əksər hallarda sığorta müddətinin başa çatmasını İcbari Sığorta Bürosunun bazasından düz-əməlli öyrənə bilmirlər. Amma şirkətlərə rahatca hamını narahat etməyə şərait yaradılır.

Vətəndaşa belə münasibət heç bir qanuni, eyni zamanda, mənəvi çərçivəyə sığmır.
Tarix: 12-06-2023, 09:17
Xəbəri paylaş





Xəbər lenti