AQTA bu məhsullara nəzarət edə bilmir – Təhlükəli qidalar təkcə bazarlarda yox, marketlərdə də satılır



Qidalanma mədəniyyətdir və sağlamlıqdır. Bəzən yediklərimizə diqqət etməmək ağır nəticələrə səbəb olur. Qida zəhərlənməsi içərisində ən təhlükəlilərindən biri olan botulizm toksinindən baş verən zəhərlənmədir.
Botulizm ağır qida toksiki infeksiyası qrupuna aid olan xəstəlikdir, düzgün konservləşdirilməmiş qida məhsullarının - balıq, ət konservləri, meyvə-tərəvəz və s. qəbulu nəticəsində yaranır.
Bu cür zəhərlənmə çox ağır olur və ölümlə nəticələnə bilir.
Konservləşdirmə çox böyük diqqət və texnika tələb edən proses olduğundan ev üsulu ilə bu tipli məhsulların hazırlanması təhlükəlidir. Təəssüf ki, bu gün bazarda, mağazalarda kifayət qədər evdə kustar üsulla hazırlanmış turşular, hisə verilmiş balıq və s. məhsullar satılır. Bu cür məhsulların nə hazırlanmasının, nə də satılmasının qarşısı alınır.   
Mövzu ilə bağlı TNS-ə açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanın qida mədəniyyətində bir mədəniyyətsizlik hökm sürdüyünü bildirib: “Evdə hazırlanan şorabalar, turşular və s. hazırda ən ciddi problemlərdən biridir. Əgər zəhərlənmələri, botulizm zəhərlənməsindən ölənləri araşdırsaq, öndə evdə hazırlanan bu cür məhsulların dayandığını görərik. Evlərdə hazırlanan bu məhsullar təkcə açıq bazarlara deyil, müasir marketlərə qədər gedib çıxır. Xüsusilə, regionlarda bu problem daha geniş yayılıb.
Təəssüf ki, Qida Təhlükəsizliyi Agentliyi ev şəraitində hazırlanan məhsullara  nəzarət edə bilmir. Əslində qadağandır, amma hər yerdə satılır".
Eyyub Hüseynov deyib ki, 27 ildir, AİB evdə turşu hazırlanmasına son qoyulmasını təşviq edir: "Nəhayət, ötən il gördük ki, bunun qarşısını ala bilmirik. Ona görə də hazırda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ayırdığı qrantla “Təhlükəsiz qida məhsullarının ev şəraitində hazırlanmaqla bazara çıxışının təşviqi” adlı layihə həyata keçiririk. Layihə çərçivəsində bir neçə rayonda qruplar yaradacağıq. Ağdam, Ağcabədi, Füzuli rayonları ərazilərində bu işlə məşğul olan və sosial müdafiəsi zəif olan insanlar arasında işlər aparacağıq.
Evdə şoraba hazırlayan insanlarla treninqlər keçirəcəyik. Bu işdən uzaq olmaları üçün təşviqat aparacağıq. Hazırlayacaqları halda, heç olmasa təhlükəsiz hazırlanmasını, etiketləşdirilərək bazara çıxarılmasını təşviq edəcəyik”.
AİB sədri bildirib ki, əgər insanların ürəkləri bu cür məhsulları çox istəyirsə, sənaye üsulu ilə hazırlananlardan istifadə edə bilərlər.
Onun sözlərinə görə, sənaye üsulu ilə hazırlanan məhsullarda da təhlükəli amillər ola bilər: “Müəssisələrin birində göy noxudun konservləşdirilməsi  prosesini izləmişəm. Konservləşdirmənin nə qədər dəqiqliklə həyata keçirildiyini görmüşəm. Yəni məhsulun içində hər hansı yad cisim olub-olmadığı aparatlar vasitəsilə izlənilir, konsrevləşdirmədən sonra satışa çıxarılmadan əvvəl məhsul müəyyən müddət müşahidədə saxlanılır və s. Yəni, əhali bilməlidir ki, ev şəraitində hazıralanan şoraba və digər konservləşdirilmiş məhsullar çox təhlükəlidir. Torpaq bütün sərvətlərin olduğu kimi, ən təhlükəli bakteriyaların da mənbəyidir. Xüsusilə, tez çirklənən, daha riskli balıq konservlərindən, hisə verilmiş balıqlardan, göbələk konservlərindən uzaq olmaq lazımdır”.


Tarix: 11-05-2024, 11:53
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}