Dövlət büdcəsinə dəyişiklik gözlənilir: Xərclər və gəlirlər hissəsinin artırılması təklif edilib


Maliyyə Nazirliyi deyir ki, Böyük Qayıdış Dövlət Proqramı üçün əlavə maliyyə təminatı yaranıb
Azərbaycanın 2024-cü il dövlət büdcəsinə dəyişiklik təklifi hazırlanıb. Büdcənin xərcləri və gəlirlərilə bağlı hissəsinə yenidən baxıla bilər. Bu barədə Azərbaycan Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində gəlirlər 36 milyard 353 milyon manat proqnozlaşdırılıb. Bu, təsdiqlənmiş hazırki göstəriciyə baxanda 2 milyard 180 milyon manat (6,4 faiz) çoxdur.
Xərclərə gəlincə, yenidən baxılma ilə 39 milyard 707,3 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 944,3 milyon manat və ya 8 faiz yüksəkdir.
Səbəblərə gəlincə, qeyd edilir ki, Böyük Qayıdış Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə təminatı yaranıb.
Ərazi bütövlüyü təmin ediləndən sonrakı dövr üçün dövlətin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin möhkəmləndirilməsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi üçün əlavə maliyyəyə ehtiyac var”.
Həmçinin əsas kimi infrastruktur layihələrinin həyata keçirilməsi, beynəlxalq fəaliyyət və tədbirlər üzrə xərclər, dəmiryol vasitəsilə şəhərətrafı sərnişin daşınması və digər daşımalar üzrə subsidiyaların verilməsi, nəqliyyat vasitələrinin utilizasiyası fondunun xərcləri də göstərilib.
Layihədə neftin bir barelinin orta illik ixrac qiyməti 60 ABŞ dollarından 75 ABŞ dollarına çatdırılır. Hazırda dünya bazarında bir barel neftin qiyməti 90 dollar civarında dəyişir.
Təklif edilən layihədə sosial müdafiə və sosial təminat xərclərinin azaldılması gözə dəyir. Mövcud büdcədə sosial müdafiə və sosial təminat xərcləri 4 milyard 542,2 milyon manat təsdiqlənib.İndi bu məbləğin 4391,4 milyon manat və ya 150,8 milyon manat (3,3 faiz) az proqnozlaşdırılması təklif edilir.
Layihə yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılmalıdır.
meydan.tv
Tarix: 25-05-2024, 21:54
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}