Premium markalı benzinlərin idxal edilməsi Azərbaycan üçün utancverici haldır - NƏ ETMƏLİ?




Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu (BNEZ) bu ay "Euro-5" ekoloji standartlarına uyğun avtomobil benzininin istehsalına başlamağı planlaşdırır.
Bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, bu il yenidənqurma və təkmilləşdirmə çərçivəsində BNEZ-də izomerləşdirmə və MTBE qurğusu istifadəyə verilib. Son 70 ildə zavod 370 milyon ton neft emal edib.
2023-cü ildə BNEZ-də 6,3 milyon ton neft emal edilib və nəticədə 1,5 milyon ton avtomobil benzini istehsal edilib.2023-cü ildə BNEZ-də neft emalı dərinliyi 98 % (2022-ci ildə - 96,3 %) təşkil edib. Zavod hazırda genişmiqyaslı modernləşdirmə və yenidənqurma layihəsini həyata keçirir.
Bəs yanacaq təminatının daxili isthsal hesabına təmin olunması Azərbaycanda benzin qiymətlərinə necə təsir edəcək?
Məsələ ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli News24.az-a açıqlamasında bildirib ki, Azərbaycanda hazırda premium markalı benzinin qiyməti endirilməlidir:
"Daxili bazara yeni benzin növünün daxil olmasının digər markalı benzinlərdə artıma və ya enməyə səbəb olacağını düşünmürəm. Amma Azərbaycanda premium (Aİ-95) markalı benzinin qiyməti ucuzlaşmalıdır. Aİ-95 markalı benzini biz xaricdən alırıq. Biz onu ölkədə 2 manata qaldıranda o zaman dünyada neftin qiyməti 120 dollara yaxın idi. İndi həmin qiymət 30-40 faiz ucuzlaşıb, amma bizdə yenə də premium markalı benzin bahadır".
İqtisadçı qeyd edib ki, Azərbaycanın özündə daxili istehsal başlanılarsa, bu zaman mütləq qiymətlər ucuzlaşmalıdır, məntiq də bunu deyir. Onun sözlərinə görə, Azərbaycan premium markalı benizini hazırda xaricdən, əsasən də Rumınyadan alır: "Yerli istehsal başlanılsa, Aİ-95 markalı benzinin qiymətində ucuzlaşma olmalıdır. Bu gün premium markalı benzin Gürcüstanla bizdə demək olar ki, eyni qiymətədir, bu da anlaşılan deyil. Azərbaycanın neft ölkəsi olduğu bir şəraitdə, ciddi iqtisadi əlaqələrinin olduğu bir şəraitdə Gürcüstanla bizdə premium markalı benzinin eyni qiymətdə olması düzgün deyil".

İqtisadçı ekspert Xalid Kərimli "Sherg.az"a bildirib ki, hələ də 95 və 98 yəni premium markalı benzinlərin idxal edilməsi Azərbaycan üçün utancverici haldır:

“Bütün gün qeyri neft sektorunun inkişafından və uğurlu liderliyimizdən danışsaq da hələ də neftdən yüksək keyfiyyətli benzin istehsalını təşkil edə bilmirik. Bu zavodun modernləşdirilməsi 2022-ci ildə gözlənilsə də həmin ildə təxirə salındı. Daha sonra bildirdilər ki, modernləşdirilmə 2023-cü ildə olacaq. Ancaq hazırda 2024-cü ili yarı etmişik və hələ də neft emalı zavodunun istismara veriləcəyi tarix məlum deyil. Ümumiyyətlə SOCAR dövlət və xalqın şirkətidir. Lakin xalqa şəffaflıq, hesabatlılıq və əhəmiyyətlilik investisiyaları ilə bağlı ətraflı məlumat təqdim etmir. Digər tərəfdən həm layihənin təhvil verilməsi uzanır, həm də büdcəsi və büdcəsinin nə qədər artması barədə cəmiyyət olaraq heç bir məlumatımız yoxdur. Ötən ilin əvvəlindən 92 markalı benzinin istehsalını yenidənqurma və bərpa adı ilə dayandıraraq xaricdən almağa başladılar. 95 və 98 markalı benzinin nə vaxt ölkə daxilində istehsal olunacağını isə bilmirik. Təbii ki, 95 və 98 markalı benzinin ölkə daxilində istehsalına başlayandan sonra onun maya dəyəri düşəcək. Çünki həm bir çox xərclərə qənaət edilmiş olacaq, həm də yerli istehsal olduğuna görə cmövcud qiymətlərdə ucuzlaşma müşahidə edilə bilər. Ancaq qiymətin azalıb-azalmaması hökumətin və SOCAR-ın mövqeyindən asılıdr. 92 və Dizel markalı benzinlərin qiyməti nisbətən aşağıdır. Çünki onların qiymətini Tarif Şurası tənzimləyir. Ancaq 95 və 98 markalı benzinin qiymətini SOCAR təyin edir. Yüksək qiymətə satdığnı isə baha alması ilə əsaslandırır. Neft 120 dollar olan zaman benzini 2 manat, 2 manat 50 qəpiyə qaldırdılar. Neftin qiyməti 80 dollara düşəndə isə qiymətləri endirmədilər. Belə halda da cəmiyyətdə haqlı olaraq suallar yaranır. Ümumiyyətlə SOCAR əhali ilə düzgün oynamır.”
Tarix: 6-06-2024, 12:18
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}