Bu ilin may ayının 2-də hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, AB Yaşayış sahəsi (Yeni Günəşli qəs.) ev 149, m. 10-da yerləşən “Araf Corp Company” MMC (VÖEN – 1905612471) adlı şirkət dövlət qeydiyyatına alınıb.
Yeniavaz.com xəbər verir ki, nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Əfkari Eldar Məhərrəm oğludur.
MMC dövlət qeydiyyatına alındıqdan 2 gün sonra – 4 may tarixində ölkə mətbuatında Nizami rayonu, Keşlə qəsəbəsi, K.Əfkari küçəsi, ev 23-də yaşayan Əfkari Eldar Məhərrəm oğlunun yaşadığı evdə asılı vəziyyətdə meyitinin aşkarlanması barədə
məlumat yayılıb.
Əfkari Eldar Məhərrəm oğlunun meyitinin aşkarlanması xəbərindən 4 gün sonra – 8 may tarixində hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Məşədi Hilal Kazımov ev 40, m. 40-da yerləşən daha 3 MMC dövlət qeydiyyatına alınıb.
Qeyd olunan ünvanda qeydiyyata alınan “Perarina Trade” MMC (VÖEN – 1605124811), “Toranera Servis” MMC (VÖEN – 1605124941) və “Pakonme One” MMC-lərin (VÖEN – 1605124791) qanuni təmsilçiləri də Əfkari Eldar Məhərrəm oğlu olub.
Məlumat üçün qeyd edək ki, adları qeyd olunan MMC-lərin hüquqi ünvanlarında yaxın zamanlarda yüzlərlə şirkət qeydiyyata alınıb.
Daha əvvəl eyni ünvanda qeydiyyatda olan şirkətlərin müxtəlif tender müsabiqələrində qalib olduqları və daha sonra böyük həcmdə vergi borclarının yarandığı barədə məlumat vermişdik.
Eyni zamanda bu cür şirkətlərin qanuni təmsilçilərinin qeydiyyata alınan şirkətlər barədə məlumatsız olduqlarını da qeyd etmişdik.
Aşağıdakı linklərə daxil olaraq ətraflı məlumat ala bilərsiniz:
Azərbaycanda insanların xəbəri olmadan adlarına şirkətlər açıb milyonlarla borca salırlar - FAKTLARAzərbaycanda milyonluq tenderləri kimlər “udur”? - Narkoman, oğru, sürücü... - ARAŞDIRMA