Yeni il demək olar ki, dünyanın bütün ölkələrində təntənə ilə qarşılanır. Elə sovet dövründə də SSRİ-də bu bayramı yüksək əhvalla qarşılayıblar. Şaxta baba və Qar qız isə yeni il təntənələrinin əsas personajlarına çevriliblər, tədbirlərə, ailə şənliklərinə xoş ovqat qatıblar. Amma cütlüyün performansları həmişə şən notlarla bitməyib. 1978-ci ildə uşaqların ən sevimli “qəhrəman”ları sayılan Şaxta baba və Qar qız Moskva sakinlərini qorxu içərisində saxlayıb...Artıq 1978-ci ilin noyabr ayında Şaxta baba və Qar qızlardan ibarət qarətçilər dəstəsi keçirəcəkləri bütün “əməliyyat”ların planlarını hazırlayıblar.
Dəstəyə Yevgeni Krivoşeyev başçılıq edib. Qeyd edək ki, 40 yaşlı Krivoşeyev Moskva Teatr Məktəbini bitirdikdən sonra bir müddət Moskva teatrlarında çalışıb. Amma onun səhnədə fəaliyyəti çox da uzun sürməyib. Alkoqola meylli olması, məşqlərə getməməsi, tufeyli həyat tərzi aktyoru səhnədən birdəfəlik uzaqlaşdırıb.
Krivoşeyev teatrdan qovulduqdan sonra həyatda öz “səhnə”sini yaradıb və “səhnə”yə Moskvanın kriminal aləminin üzvləri cəlb edilib.
Krivoşeyevin həyat yoldaşı isə Moskvadakı uşaq bağçalarının birində işləyib. Ailə daha zəngin yaşamaq üçün yollar axtarıb. Nəhayət, Krivoşeyev öz aktyorluq peşəsindən yararlanaraq bu yolu tapıb.
Krivoşeyev öz ətrafına oğurluq və qarətçiliklə məşğul olan bir neçə nəfəri toplayıb və onları keçirəcəkləri “əməliyyat” haqqında təlimatlandırıb.
“Əməliyyat” yeni il ərəfəsində Şaxta baba və Qar qız formasında ailələrdə şənlik təşkil etmək və sonda həmin evləri qarət etməkdən ibarət olub.
Beləliklə, 1978-ci ilin dekabrın 16-da qarətçi dəstə ilk “uğur”unu qazanıb. Bu işdə Krivoşeyevin həyat yoldaşı Oksananın xüsusi rolu olub. O, işlədiyi uşaq bağçasında hansı uşağın valideynlərinin daha imkanlı olmasını və onların ünvanını qarətçilərə dəqiqliyi ilə çatdırıb. İlk hədəf Barsukovlar ailəsi seçilib. Barsukov Moskvanın ən böyük ərzaq mağazalarının birinin direktoru, həyat yoldaşı isə restoran müdiri olub. Şaxta baba və Qar qız onların mənzilinin qapısını döyüblər.
Çağrılmamış və sifariş edilməmiş qonaqlar ailə üzvlərini təəcübləndirsə də, Şaxta baba formasında olan Krivoşeyev öz aktyorluq məharətini işə salıb, ev sahiblərinə bildirib ki, Moskav şəhər İcraiyyə Komitəsi Moskva sakinlərinə yeni il sürprizi hazırlayıb, uşaqlara hədiyyə göndərib.
Qarətçilər içəri dəvət olunduqdan sonra əsl bayram şousu göstəriblər, ailənin ən kiçik üzvünə hədiyyələr veriblər. Sonda Şaxta baba cibindən bir şüşə konyak çıxarıb:- Biz böyükləri də unutmamışıq...
Süfrə arxasında ev sahibləri həmin konyakdan bir qədəh içdikdən 5 dəqiqə sonra dərin yuxuya gediblər. Konyaka əvvəlcədən güclü yuxu dərmanı əlavə olunub.
Krivoşeyev balacanı başa salıb ki, valideynləri yorğundur, ona görə yatıblar, daha sonra ailənin yeganə uşağına gizlənpaç oynamağı təklif edib.
Balaca çarpayının altında gizlənəndə Qar qız onu gizləndiyi yerdən çıxmağa qoymayıb. Krivoşeyev mənzildəəki qiymətli əşyaları və pulları götürərək sərbəst şəkildə evi tərk edib.
Növbəti hədəf mövcud dövrdə Moskvanın tanınmış həkimlərindən biri olub.
Əvvəlcədən əldə olunmuş məlumata görə bir kiçik yaşlı qızı olan həkimin maddi vəziyyəti yaxşı olub. Bu dəfə mənzilin qapısını Qar qız döyüb.
Həkim qapını açanda Qar qıza bildirib ki, qızı və həyat yoldaşı nənəsigilə qonaq gedib, yəni heç bir şənliyə ehtiyac yoxdur. Qar qız şirin dilini işə salıb:- Biz təkcə uşaqları yox, böyükləri də əyləndirə bilirik. Mənim kimi Qar qızdan imtina etməklə çox şeyləri itirmiş olarsınız.
Bu dəfə Qar qız böyük qırmızı çantasından konyak şüşəsini çıxararq stoıun üstünə qoyub. Həkim bir iki qədəhdən sonra yuxuya gedib. Qar qız qapını liftin yanında gözləyən üç Şaxta babanın üzünə açıb. Mənzildən bütün qiymətli əşyalar daşınıb.
Üçüncü hədəfə partiya orqanlarında çalıçan İnşukin düşüb. O, qapını qonaqların üzünə açsa da onları evə buraxmayıb:- Mən evə heç kimi dəvət etməmişəm və bizə heç bir əyləncə lazım deyil.
Bu sözləri eşidən Krivoşeyev küt alətlə ev sahibinə zərbə endirərək onu dəhlizə uzadıb. Şaxta babalar evi qarət edərək növbəti hədəflərinə tələsiblər.
Beləliklə, 13 gün ərzində qarətçi Şaxta babalar 21 evi soyublar. Onların izinə düşmək isə müçkülə dönüb. Belə ki, dekabr ayında Moskva küçələrində saysız-hesabsız Şaxta babalar fəaliyyət göstərib.
Baş verən qarət hadisələri ilə bağlı SSRİ daxili işlər naziri Nikolay Şelokov əməliyyat müşavirəsi keçirib və Moskva milsini ayağa qaldırıb.
Qarətçilər isə öz “əməliyyat”larını davam etdiriblər.
Növbəti hədəf Moskvanın ən böyük kitab və kargüzarlıq mağazalarını birinin müdirinin mənzili olub. Şaxta baba mənzilin qapısını döyəndə qonşu mənzildə yaşayan qadın qapının gözlüyündən onların bir neçə nəfər olduğunu görəndə şübhələnib və dərhal milisə zəng edib. Qonşu qadının diqqətindən qapnın zəngini basan Şaxta babanın orta barmağındakı qızıl üzük formasındakı döymə də (nakolka) yayınmayıb. Amma bu dəfə də qarətçi Şaxta babalar aradan çıxa biliblər.
Nəhayət, dekabrın 30-da milislər Krivoşoyevi tuta biliblər. Bu dəfə Şaxta baba qarətçiliyinin yox, mərhəmətinin güdazına gedib. Krivoşoyev “gərgin” iş günündən sonra evə qayıdarkən küçələrində tək-tənha gəzən və bir az da kədərli görünən uşağa yaxınlaşaraq ona bahalı bir oyuncaq hədiyyə edib. Uşaq secincək evlərinə qaçıb və valideynlərinə hədiyyə haqqında danışıb. Valideynlər dərhal milisə məlumat veriblər. Uşaq Şaxta babanın hansı binaya doğru getdiyini də göstərib. Bir neçə saatlıq axtarışdan sonra Krivoşeyev öz mənzilində həbs edilib.
İstintaq və məhkəmə prosesində Krivoşeyev şəriklərinin adını şəkməyib. Bütün bu qarətlərə görə yalnız iki nəfər həbs edilib, Şaxta baba Krivoşeyev və onun həyat yoldaşı Qar qız Oksana. Vurulmuş maddi ziyan nəzərə alınaraq Şaxta babaya 5 il, Qar qıza 3 il azadlıqdan məhrumetmə cəzası verilib.
1979-cu ilin yanvarında SSRİ Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında isə nazir Şelokov “Şaxta baba” əməliyyatını ən uğurlu əməliyyatlardan biri kimi qiymətləndirib.
İlham Cəmiloğlu,Musavat.com