Dələduz professor. 2-ci hissə

 
Qədim yunan filosofu Heraklit deyirmiş ki, guya bu dünyada hər şey axır, hər şey dəyişir. Bir dəfə çimdiyin çaya, ikinci dəfə girə bilməzsən. Biləcəriyə hər dəfə ayrı qatarlar gəlir. Yunus Oğuz növbəti dəfə prezidentliyə namizəd ola bilməz. Və sairə. Təbii ki, tarixi gedişat bütün bunların boş söhbət olmasını ortaya qoyubdur.
Ümumiyyətlə, qədim yunanlar sarsaq adamlar idi. Məsələn, biri də deyib ki, filankəs mənim dostumdur, ancaq həqiqət daha əzizdir. Pah. A kişi, nə həqiqət? Nə düzgünlük? Bizim dədələrimiz daha praktik olmuşdur: “Düzlük adamı düzdə qoyar”. Bəli. Konkret. Onluqdan. Yalan danış, hökumət sənə ev versin, qışın günü düzdə qalma.
Yaxud, guya biri çəlləkdə yaşayırmış, hökmdar gəlib yanına, deyib dilə məndən, nə dilərsən, bu da narazılıqla donquldanmışdır: “Günəşin qabağını kəsmə, bəsimdir”. Təmiz təxribatdır. Onu çəllək qarışıq içəri basmaq lazım idi. Hökmdarın özünün günəş olmasını qanmadığı üçün.
Ancaq çox dərinə getməyək, hər şeyin dəyişməsi temasının yalan olmasını yazırdım. Bugünlərdə onun daha bir isbatı yaşanmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının Hüquq və İnsan Haqları İnstitutunun professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin (ada bax, bunun tək adına hər idarədən 50 manat almaq olar –Z.H.) keçmiş direktoru Rövşən Novruz oğlu Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində Rövşən müəllimə 6 il həbs cəzası verilmişdir. Nəyin üstündə? Dələduzluq maddəsiylə. Kiməsə 80 min manat atıbdır.
İşin, türkün sözü, ilginc tərəfi odur ki, Rövşən müəllim 2007-ci ildə də dələduzluq maddəsiylə həbs edilmişdi. O zaman bu həbsini Bakının müdiri Hacıbala müəllimin şikayətiylə bağlamışdı, indi isə Hacıbala müəllim müdir deyil. Ümumiyyətlə, köhnə jurnalistlər Rövşən müəllimin fantasmaqorik geopolitik açıqlamalarını, “araşdırmalarını” yaxşı xatırlamış olar. Misal üçün, bir də görürdün Rövşən müəllim ermənilərin Qarabağda öldürdüyü azərbaycanlı sayını 1 milyona-filana çıxardı. Yaxud, Ermənistanda əsirlərimizi yadplanetlilərin zavodunda işgəncə altında çalışdırdıqları açıqlaması verərdi. (Əslində günah onda deyildi, həmin dezoları yayan mediada idi). Elə AMEA saytında bu Ostapvari professorun tərcümeyi-halına baxanda görürsən dələduzluq fışqırır. Orda yazılana inansaq Rövşən müəllim ABŞ, Rusiya, İran, Türkiyə və Misir Xarici İşlər Nazirliklərinin mükafatını alıb. Əhatə dairəsini gördünüzmü? Gorun çatlasın, Kissincer...
Mükafatlar bununla bitmir, Rövşən müəllim “İlin ən dəyərli ziyalısı” və “Qızıl qələm” (2 dəfə!!!) mükafatları da alıbmış. Elmi əsərlərinin adları isə budur: “Azərbaycan dövlətçiliyinin təhlükə mənbələri” (5 cildlik! – o qədər təhlükə tapmaq hünərdir), “Yanacaq resursların təhlükəsizliyinin təmin olunması”, “Dağlıq Qarabağ: nəzarətsiz zona”. Adətən milli dələduzlarımız eyni zamanda patriot olurlar, ancaq bu başqa temadır.
Maraqlısı həm də odur ki, insan haqları institutunun elmi işçisi həbsə atılıb, lakin ortada “çırt” da yoxdur. Nə AMEA-dan, nə xalqdan. Belə çıxır insan haqları heç kimin vecinə deyil. Təklif edirəm “Fridom Haus”-filan bu işə qarışsın. Zarafat üçün bəyanat da vermək lazımdır. Ara yerdə kefimiz açılardı.
Deməli heç nə dəyişmir. Dələduzlarımız da sabitdir. Bu neqativ haldırmı? Düşünmürəm. Müdriklərin çoxunun qənaətinə görə insanlara azadlıqdan və dəyişimdən çox sabitlik və güvən lazımdır. Hətta çinli Konfutsinin adına çıxılan belə bir qarğış oxumağım da yadıma gəlir: “Səni görüm keçid dövründə yaşayasan”. Heç yana keçmək, hər hansı istiqamətdə dəyişmək lazım deyil. Xalqımız necə deyir: “Qoy oturmuşuq”. Bu haqda hörmətli xalq şairimiz Ramiz müəllimin də qızıl misrası var: “Hamı mənə tərəf gəlir, Mən durmuşam yerimdə”. Guya yerində durmaq böyük hünərdir.
Gözləyək, Rövşən müəllim çıxsın. Bu iş davam etməlidir.
Tarix: 24-12-2023, 20:32
Xəbəri paylaş





Xəbər lenti