Zeynəb Xanlarovanı düşdüyü “siyahıdan” çıxarmaq bizim gücümüzdə deyil…

Zeynəb Xanlarovanı düşdüyü “siyahıdan” çıxarmaq bizim gücümüzdə deyil…
Azərbaycan xalqı öz dövlət televiziyası olan AzTV-nin təqdimatında 2024-cü ilə yenə xalq artisti, milyoner Zeynəb Xanlarova ilə girdi. Deyilənə görə, bu ənənə 50 ildir ki, davam edir. Biz yaşda olanların nəvələrinin hazırda gördüyü mənzərəni zamanında bizim babalarımız görüb. Sosial şəbəkələrdə paylaşılan statuslardan aydın olur ki, artıq xalqımız bu mənzərədən bezdiyini açıq ifadə edir. Çünki həm gözlər eyni mənzərəni görməkdən “mazol” olub, həm də Zeynəb o Zeynəb deyil…
Mən bunun səbəbini Azərbaycanda hakim olan bir maraqlı tendensiya ilə izah edərdim. Bunun adına “siyahıya düşmək” deyə bilərik. Ölkənin bir çox sahələrində belədir. Sən müxtəlif sahələrdə tərtib edilən siyahılardan hansınasa düşdünsə, iş belə də- “yağ” kimi gedəcək. Məsələn, zamanında radikal müxalif mövqedə olan, sonra əqidəsini 360 dərəcə dəyişərək, mövcud hakimiyyəti dəstəkləmək yolunu tutan eyni talehli bir neçə siyasətçi və ya jurnalistin həyatını, yaşam tərzini analiz etdikdə, onlara bəslənən tam fərqli münasibətin şahidi olursan.
Digərlərindən heç nəyi ilə fərqlənməyən, müstəsna qabiliyyəti olmayan belələrindən hansılarasa yüksək qayğı bəslənir, qəzetlərinə, QHT-lərinə pul ayrılır, özlərinə fəxri adlar, mandat verilir, övladları vəzifəyə qoyulur, ancaq digərlərinə isə elə radikal müxalifətdə olduğu zamandakı münasibət bəslənir.
Bir misal çəkim. Zamanında jurnalistika ilə məşğul olan bir nəfərlə əməkdaşlıq edən şirkət, əlamətdar günlərdə bu adama hədiyyələr göndərirmiş. Bu şəxs uzun müddətdir jurnalistikadan aralanıb, tam fərqli sahədə çalışır, ancaq yenə də həmin şirkət ona hədiyyələri göndərir. Özü gülə-gülə deyirdi: “ Qoy hara kimi gedirsə, getsin da, niyə üstünü açıram?” Zeynəb Xanlarova efirdən könüllü imtina etməyənə kimi, bu adam da məlum şirkətdən hədiyyələrini alacaq. Çünki adı zamanında “siyahıya” düşüb, vəssəlam.
Dövlət qurumlarının da “siyahıları” 10 illiklər keçsə belə, dəyişməkdə maraqlı deyillər. Çalışdığımız jurnalistika sahəsində elə adamlar var ki, nə yazır- nə pozur, heç bir fəallığı yoxdur, adını çəksəniz jurnalist olduğunu heç öz cameəmiz də bilməyəcək, amma: jurnalistlər binasından ev alır, fəxri ad verilir, QHT-si var, işlədiyi yerdən aldığı maaşdan əlavə, bəlli xətdən güya sosial şəbəkələrdə göstərdiyi “fəallığa” görə aylıq paket belə alır.
Buna görə də, Zeynəb Xanlarovaya qəzəblənməyin. Allah ona uzun ömür versin, ancaq bilin ki, onu düşdüyü “siyahıdan” çıxarmaq bizim gücümüzdə deyil. Görək, hara kimi gedir?..
Məhəmmədəli Qəribli
AZİNFORUM.AZ
Tarix: 1-01-2024, 11:26
Xəbəri paylaş





Xəbər lenti