Kiçik ölkələrin böyük sərvətlərinin sirri – Sinqapur, Makao, BƏƏ zəngin əhalinin vətənidir
Onlar aşağıdakılardır: Lüksemburq, Sinqapur, İrlandiya, Qətər, Makao, İsveçrə, Birləşmiş Ərəb Əmirlikləri, Norveç, Bruney. Dünyanın ən zəngin ölkələrini müəyyən etmək üçün Beynəlxalq Valyuta Fondu AQP (alıcılıq qabiliyyəti pariteti) ilə adambaşına düşən ümumi daxili məhsuldan (ÜDM) istifadə edir. Ümumi daxili məhsul (ÜDM) ölkədə istehsal olunan bütün mal və xidmətlərin dəyərini ölçür və həmin məhsulu daimi sakinlərin sayına bölür. Bu üsul 2024-cü ildə dünyanın ən zəngin ölkələrinin reytinqini tərtib edərkən ən yaxşısıdır. Diqqət edirsinizsə, zəngin ölkələrin hamısı, demək olar ki, kiçik ölkələrdir. Bu ölkələrin içində nisbətən böyük sayıla biləcək iki ölkə İsveçrə və Norveçdir, onların da biri əhalisinin sayına görə dünyada 99-cu, digəri 118-ci yerdədir. Bu ölkələrin iqtisadiyyatları onların az əhalisi ilə müqayisədə qeyri-mütənasib şəkildə böyükdür. Ayrı-ayrı ölkələrdə inflyasiyanın dərəcəsini və mal və xidmətlərin dəyərini nəzərə almaqla ölkədə orta yaşayış səviyyəsinin daha dəqiq təsvirini əldə etmək olar. Bu ölkələrin əhalisinin alıcılıq qabiliyyəti pariteti digər 241 ölkədə olduğundan daha yüksəkdir. Lüksemburq
Rəsmi olaraq bu dövlət Lüksemburq Böyük Hersoqluğu adlanır və Avropanın qərb hissəsində yerləşir. Hersoqluq bu ərazinin ofşor zonası olması və iqtisadiyyatına böyük investisiyaların qoyulması ilə xarakterizə olunduğu üçün dünyanın ən zəngin 10 ölkəsi arasında 1-ci yeri tutur. Bu ölkə beynəlxalq transmilli təşkilatların və şirkətlərin qeydiyyatda olduğu böyük maliyyə və turizm mərkəzidir. Qeyd edək ki, ofşor zona vergi ödəmədən fəaliyyət göstərilməsini nəzərdə tutur, buna görə də Lüksemburqda 200-dən çox bank qurumu və 1000-dən çox investisiya fondu qeydiyyatdan keçib. ÜDM-in əsas hissəsi xidmətlər, maliyyə və ticarətdən əldə edilən gəlirlərdən formalaşır. Hersoqluqda metallurgiya, poladtökmə, kimya, saxsı qablar, ağac emalı kimi sənaye növləri yaxşı inkişaf edib. Dəmir-mədən sənayesinin inkişafı sayəsində Lüksemburq bu metal növlərinin əsas ixracatçılarından birinə çevrilib. İxracdan əldə edilən gəlirin böyük hissəsi 140 694 ABŞ dollarına bərabər olan ÜDM-i təşkil edir. Sinqapur
Sinqapur inkişaf etmiş bazar sistemi ilə məşhurdur. Ölkənin bütün iqtisadiyyatı məişət texnikası və elektronika, əczaçılıq malları və maliyyə xidmətlərinin ixracı üzərində qurulub. Ərazisinə görə dünyada 176-cı yerdə olan Sinqapurun öz aviaşirkəti var və bu hər il dövlət büdcəsinə xeyli gəlir gətirir. 1965-ci ildə Sinqapur Malayziyadan ayrılıb. Bu qərar birinci üçün bir çox problem yaradıb. Ölkə bir çox resurs, o cümlədən içməli su çatışmazlığı ilə üzləşib. Lakin Sinqapur hökuməti biotexnologiya, enerji və ticarət sektorlarına xarici investisiyaları cəlb etmək üçün hər cür səy göstərib. Ağıllı siyasət sayəsində Sinqapur Asiyanın ən zəngin ölkəsinə çevrilib. Bu gün 5.5 milyon əhalisi olan ölkənin dövlət büdcəsinin həcmi 700 milyarddan çoxdur. İrlandiya
1,5 milyona yaxın əhalisi olan İrlandiya inkişaf etmiş sənaye-aqrar ölkədir. Xarici ticarət onun iqtisadi göstəricilərinin asılı olduğu əsas amildir. Son zamanlar elektronika, multimedia və informasiya texnologiyaları, əczaçılıq və tibbi avadanlıqların istehsalında irəliləyişlər baş verib. Əsas diqqət ənənəvi sənaye sahələrinə də yönəlib: maşınqayırma və elektrik enerjisi, eləcə də şüşə, tekstil, qida, kimya və geyim sənayesi. İrlandiya ilk dəfə olaraq ən zəngin 10 ölkə sırasına daxil olub. 2015-ci ildə bu ölkə görünməmiş ÜDM artımı ilə dünya ekspertlərini heyrətləndirdi. Demək olar ki, 30% inkişaf etmiş ölkələrin iqtisadiyyatları arasında rekord göstəricidir. İrlandiya hakimiyyəti irəliyə doğru təkan verən bir növ “vergi islahatı” həyata keçirib. Adambaşına düşən ÜDM-in həcmi 124 596 ABŞ dollarıdır. Qətər
Qətər Ərəbistan yarımadasında yerləşən kiçik dövlətdir (11570 kv.km). Paytaxtı Dohadır. Cəmi bir əsr əvvəl Qətər dünyanın ən inkişaf etmiş və zəngin ölkələrindən biri adlandırıla bilməzdi. Bu şərq ölkəsinin çox hissəsi səhralarla əhatə olunub. Lakin 1940-cı ildə dövlət ərazisində neft hasilatı işlərinə başlanılıb. İnanılmaz dərəcədə zəngin resurslar sayəsində Qətər bir neçə onillik boyunca ümumi daxili məhsulun həcminə görə dünyanın ən zəngin ölkəsinə çevrilə bilib. Dövlət qaz ehtiyatlarına görə dünya reytinqində 3-cü yeri tutur və yalnız Rusiya və İrandan geri qalır. Statistikaya görə, Qətər “qara qızıl” ixracatçılarının reytinqində 21-ci yerdədir. Ölkənin iqtisadiyyatı neft və qaz hasilatı üzərində qurulub. Bu faydalı qazıntıların hasilatı ümumi daxili məhsulun 55%-dən çoxunu təmin edir. Mədəndən əldə olunan gəlirlər də ölkənin dövlət büdcəsinin 70%-ni təşkil edir. Bu gün Qətər inkişaf etmiş infrastruktura malik məşhur turizm mərkəzidir. Neft hasilatı sayəsində dövlət gübrə, polad, sement istehsalını artırıb. Hökumət başa düşür ki, neft hasilatının azalması ilə ölkənin dünyanın ən zəngin ölkələrindən biri statusunu saxlamaq çətin olacaq. Ona görə də hakimiyyət dövlət büdcəsinə gəlirlərin daxil olmasını və ümumi daxili məhsulun formalaşmasını təmin etmək üçün digər sahələri və sənayeləri inkişaf etdirmək niyyətindədir. Bu gün ölkədə turizm çox inkişaf edib. Bundan ötrü Qətərdə çoxlu əyləncə kompleksləri, istirahət mərkəzləri, mehmanxanalar, restoranlar tikilib. Dövlət həmçinin 150-dən çox marşruta xidmət göstərən aviaşirkətindən -Qatar Airways-dən gəlir əldə edir. Makao
Cəmi bir neçə il əvvəl çoxları Asiyanın Las-Veqasının dünyanın ən zəngin ölkəsi olmaq yolunda olduğuna şübhə edirdilər. Portuqaliya imperiyasının keçmiş müstəmləkəsi olan Makao hazırda Çin Xalq Respublikasının xüsusi inzibati bölgəsidir. 2001-ci ildə oyun sənayesinin liberallaşdırılmasından sonra Makao heyrətamiz sürətlə böyüyüb. 700.000-ə yaxın əhalisi olan və təxminən 30 kvadrat kilometr əraziyə yayılmış 40-dan çox kazino ilə bu dar yarımada pul qazanma ocağına çevrilib. COVİD-19 pandemiyası ilə bağlı turizm sektoru sarsılanda Makao bir müddət ən zəngin 10 ölkənin siyahısından çıxıb. Bu gün Makao siyahıda adambaşına düşən alıcılıq qabiliyyəti pandemiyadan əvvəlkindən aşağı olan yeganə ölkədir. Makao indiyədək materik Çindən, Honq Konqdan və Tayvandan gələn turistlərə arxalanır. 2024-cü ildə Makaonun ÜDM-i 85,611-dir. Birləşmiş Ərəb Əmirlikləri
20-ci əsrin 50-ci illərinə qədər BƏƏ haqqında çox az adam bir şey bilirdi. Bu, balıqçılıq və mirvari ovu ilə məşğul olan çox kasıb bir ölkə idi. 1962-ci ildə dövlət neft ixrac etməyə başladı. Lakin BƏƏ bir az sonra, yəni 1973-cü ildə neftin qiymətində kəskin sıçrayış olduğu zaman “varlanmağa” başladı. Cəmi 25 il ərzində BƏƏ neft hasilatı və turizm sənayesini mükəmməl şəkildə inkişaf etdirə bilib. Bu gün Birləşmiş Ərəb Əmirlikləri yüksək keyfiyyətli xidmətlərlə, habelə alış-veriş üçün dünya brendlərinin çoxsaylı mağazaları ilə dolu ən bahalı və axtarılan kurortlardan biridir. Statistikaya görə, bu ştatın hər onuncu sakini milyonçudur. ÜDM turizm və neft sənayesindən əldə olunan gəlirlər hesabına formalaşır və 78 225 ABŞ dollarına bərabərdir. Bruney
Rəsmi olaraq bu dövlət Bruney Darussalam adlanır. Bu ölkə sultanlıqdır, yəni müdafiə naziri, dini lider və hökumət başçısı bir nəfərdir – sultan. Ənənəyə görə, bütün dövlət vəzifələrini sultanın qohumları tutur. Bruneyin demək olar ki, bütün iqtisadiyyatı neft və maye qazın istehsalı və ixracı üzərində qurulub. 2008-ci ildə ölkə iqtisadi böhranla üzləşdi. İstehsal həcmi kəskin şəkildə azaldı, lakin artıq 2010-cu ildə Bruney hökuməti vəziyyəti yaxşılığa doğru dəyişdi. Sultanlıq metanol istehsal edən bir zavod açmaq qərarına gəldi. Bruneydə ÜDM səviyyəsi ildə 74,953 ABŞ dollarıdır. Bunlardan başqa, ÜDM-ə görə dünyanın ən zəngin 20 ölkəsinin sırasına aşağıdakı ölkələr də daxildir: Honq Konq (Çin), San Marino, Danimarka, Tayvan, Hollandiya, Avstriya, İslandiya, Andorra, Almaniya, İsveç. Göündüyü kimi, bunların da tam əksəriyyəti kiçik ölkələrdir. Araz Altaylı