Global Firepower portalı dünyanın ən güclü ordularının illik reytinqini açıqlayıb. Azərbaycan ordusu 59-cu yerdədir.Bu göstərici ilə Azərbaycan keçmiş SSRİ respublikaları arasında Rusiya (2-ci), Ukrayna (18-ci) və Qazaxıstandan (58-ci) sonra 4-cü yeri tutur.
Ümumilikdə reytinqdə 145 ölkə yer alıb. Onların ordularının gücü hərbi hissələrin və insan resurslarının sayı, maliyyə vəziyyəti və texnoloji inkişaf, coğrafi mövqe və mobillik üzrə, ümumilikdə 60 meyarla qiymətləndirilib.
Bu reytinq cədvəlində hazırda bizimlə passiv müharibə şəraitində olan Ermənistan 102-ci yeri tutur. Yerdə qalan keçmiş müttəfiq ölkələrin göstəriciləri belədir: İki ildən bəri Rusiyaya qoşularaq Ukraynaya hərbi müdaxilə edəcəyi barədə söhbətlər gəzən Belarus reytinq cədvəlində 64-cü, 37 milyona yaxın əhalisi olan Özbəkistan cədvəldə 65-ci pillədədir.
Özünü neytral dövlət elan etmiş Türkmənistanın ordusu gücünə görə dünyada 83-cü, bağrında iki separatizm yuvası olan və onları Rusiyanın əlindən alıb yenidən özünə qatmaq istəyən Gürcüstan isə 84-cüdür. Estoniya və Litva 87 və 88-ci yeri tuturlar. Latviya və Qırğızıstan da qonşudurlar (99 və 100-cü yerlər).
Əfqanıstanın qonşuluğunda olan və oradakı “Taliban” rejiminin təhdidini hiss edən Tacikistanın ordusu dünyanın 107-ci güclü ordusudur.
Bəs Əfqanıstan özü neçəncidir? Heç demə, iki il öncə bütün Orta Asiyanın çəkindiyi Əfqanıstanın ordusu müvafiq reytinq cədvəlində 115-ci yerdəymiş.. Bu da o deməkdir ki, məşhur ifadə elə desək, “şeytan qorxulduğu qədər də qorxunc deyil”. Yəni 2021-ci ilin avqustunda hücum edərək ölkənin iri şəhərlərini ələ keçirən, sonra paytaxt Kabula girən “Taliban”ın hərbi gücü həddən çox şişirdilib və
ABŞ hərbi kontingenti istəsə asanlıqla onun öhdəsindən gələ bilərmiş.Daha bir postsovet ölkəsi – Moldova cədvəldə 144-cü yerdədir və bu da o deməkdir ki, onun Rusiya tərəfindən işğal olunmuş Dnestryanı bölgəni nə vaxtsa hərbi yolla azad etmək şansı sıfıra bərabərdir.
Dünyanın ən güclü orduları bunlardır:
ABŞ, Rusiya, Çin, Hindistan, Cənubi Koreya, Böyük Britaniya, Yaponiya, Türkiyə, Pakistan, İtaliya.İddialılığına görə dünyanın 3-5 ölkəsindən biri olan Fransa ordusunun gücünə görə ilk onluğa girə bilmir. İlk onluqda olan ölkələrdən Türkiyə və Pakistanın hərbi müttəfiqimiz olması isə sevindiricidir.
Cənub qonşumuz İranın ordusu sözü gedən reytinq cədvəlinin 14-cü pilləsində qərar tutub. Beləliklə aydın olur ki, dünyanın 14 ən güclü ölkəsindən 3-ü Azərbaycanın bilavasitə qonşuluğundadır.
Heç qonşusu olmayan, Sakit okeanın uzaq dərinliklərindəki bütöv bir materik-adada yeganə dövlət olan Avstraliya özünə hansı təhlükəni hiss edib ki, dünyanın 16-cı ən güclü ordusunu yaradıb? Müəmmalıdır.
İsrail ordusunun bi cədvəldə 17-ci olmasını isə anlamaq olar – onun yox olmasını istəyən düşmənlərin əhatəsindədir.
Dünyanın 18-ci güclü ordusuna malik olan Ukraynanın bu cədvəldə 2-ci olan Rusiyaya 2 ilə yaxındır ciddi müqavimət göstərməsinin sirrini isə həmin siyahıda daha öndə olan müttəfiqlərinin gücündə axtarmaq lazımdır.
Bəlkə də iki dünya müharibəsində baiskar qismində iştirak etmiş və məğlub olmuş Almaniyanın hazırda dünyanın ən güclü ordularının sırasında ilk iyirmiliyə güclə düşməsi (19-cu yer) onun şansıdır. Əvəzində
bu dövlət əsas gücünü iqtisadi inkişafa və əhalinin rifahına yönəldir və uğur qazanır.Polşa isə ona görə 21-ci ən güclü orduya malikdir ki, o, vaxtilə həm şərqdən (Rusiya), həm də qərbdən (Almaniya) hərbi təcavüzə, istilaya, işğala məruz qalıb, hələ də öz mövcudluğuna təhlükə hiss edir.
Cəmi bir qonşusu olan Kanadanın hərbi qüvvəyə bu qədər xərc tökərək dünyada 27-ci olması da anlaşılan deyil. ABŞ-la “bir millət” olandan sonra onu hansı təhlükə gözləyir ki?
Bütün varlığı ilə NATO-ya can ataraq gücünə güc qatmaq istəyən İsveç isə heç də zəif deyilmiş – cədvəldə 29-cu yerdədir.
Qüdrətli Çinlə ağac-ağaca duran Tayvan cədvəldə 24-cü,
Türkiyə ilə sönmüş düşmənçilik ocağını altdan-altdan közərdən Yunanıstan isə 32-ci yerdədir. Ya tərsinə olsaydı, Türkiyə 32-ci, Yunanıstan 8-ci ən güclü orduya güvənsəydi, nə olardı? Çox pis olardı.
Siyahıya baxarkən bir mətləbin yəqin olmasını görmək olar: güclü ordu qura bilmək imkanına malik olan heç bir ölkə bundan vaz keçməyib və özünü sərhəd qonşularının mərhəmət və insafına, yaxud xoşməramlılığına buraxmayıb. Hər ölkə gücü çatdığı qədər özünü müdafiə etmək üçün ordu formalaşdırıb.
Varlı və böyük ölkələrin ordusu güclü, kiçik və kasıblarınkı zəifdir.
Bir də bir məqam var: hər bir ordunun gücü cədvəllərdə və kağız üzərində yox, hərb meydanında ortaya çıxır. Bəlkə də bu cədvəlin ikinci 100-lüyündə olan elə ordular var ki, ilk 10-luqda olanla kəllə-kəlləyə gələ bilər – bir vaxtlar Vyetnamın ABŞ-a, Əfqanıstanın SSRİ-yə dirəşdiyi kimi. Təbii ki, hər iki halda arxada dayanıb dəstək verən böyük dövlətlər olmasa, onların müqaviməti elə güclü və uğurlu olmazdı. Amma yenə də bu, döyüşkən, igid, fədakar əsgərlərin rolunu azaltmır.
Son 3 ildə ordumuzun gücünə inamımız o qədər artıb ki, bizim üçün o, 59-cu güclü ordu deyil, onun yeri qat-qat irəlidə, gözümüzün üstündədir.
Araz Altaylı, Musavat.com