Dinini sünni və sələfilərdən qoruyur, Quranı izah etməyə qoymur – Husilər kimlərdir?

Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarından ABŞ və Böyük Britaniya Yəmənin şimalında hakimiyyətdə olan “Ənsar Allah” hərəkatının (husilər) obyektlərinə qarşı əməliyyata başlayıb. Qırıcılar Səna Beynəlxalq Hava Limanına və ona bitişik Əd-Dleymi aviabazasına dörd reyd keçiriblər. Husi qrupunun Hudeydə limanına bitişik Əl-Katib bölgəsindəki hava limanı və kazarmalarına, eləcə də qrupun Hudeydə şəhərinin şərqindəki düşərgəsinə səkkiz hava zərbəsi endirilib. Taiz şəhərinin Əl-Cənd ərazisindəki 22-ci mexanikləşdirilmiş briqadanın düşərgəsi də hücuma məruz qalıb. Eyni şəhərdə hava limanına zərbələr endirilib. Xarici KİV-in məlumatına görə, təkcə ABŞ Hərbi Hava Qüvvələri Yəmənin husi üsyançı hərəkatının 16 obyektinə 60-dan çox hədəfə zərbələr endirdiyini yazıb.

Əməliyyat qərarı Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Nazirlər Kabinetinin fövqəladə iclasından sonra qəbul edilib. ABŞ Prezidenti Co Bayden usilərin Qırmızı dənizdə gəmilərə hücumlarına cavab olduğunu bildirib.Husilər kimlərdir?
Husilər İslamın sağ məzhəblərindən biri olan Zeydi məzhəbinə etiqad edən bir qrup şiə müsəlmanlardır.Onlar əsasən Yəmənin şimalında yaşayırlar. Müxtəlif hesablamalara görə, onların sayı ölkə əhalisinin üçdə biri (ümumilikdə Yəməndə təxminən 31 milyon insan yaşayır) qədərdir. 2015-ci ilin əvvəlindən, Yəmənin paytaxtı Sənanın ələ keçirilməsindən və İnqilab Şurası yaradıldıqdan sonra Yəməndə faktiki hakim təşkilat olub.
Qrup 2004-cü ilin sentyabrında Yəmən ordusu tərəfindən öldürülən qurucusu və keçmiş lideri Hüseyn əl-Husinin adını daşıyır. Onun ölümündən sonra qardaşı Abdel-Malik əl-Husi liderlik edir.
Husilər hesab edirlər ki, Quran təfsir etməyə icazə vermir və müsəlman cəmiyyətinin qurulması üçün lazım olan hər şeyi ehtiva edir. Onlar öz dinlərini sünni və sələfiliyin təsirindən, ölkələrini isə xarici təcavüzdən qoruduqlarını iddia edirlər.
2003-cü ildə ABŞ-ın İraqa hücumundan sonra husilər: “Allah böyükdür. ABŞ-yə ölüm. İsrailə ölüm. Yəhudilərə lənət və İslamın qələbəsi” ,-adlı şüar səsləndirdilər.
Onlar öz hərəkatlarını ” HƏMAS” və” Hizbullah”la birlikdə İsrail, ABŞ və bütün Qərbə qarşı İranın rəhbərlik etdiyi “Müqavimət oxunun” bir hissəsi kimi görürlər.
Avropa Sülh İnstitutunun Yəmən üzrə eksperti Hişam əl-Omeisi deyir ki, bu, husilərin Fars körfəzində İsrail gəmilərinə niyə hücum etdiyini izah edir: “İndi onlar həqiqətən imperialistlərlə,İslam xalqının düşmənləri ilə vuruşurlar” .
Husilər Yəmənin böyük hissəsini necə ələ keçirdilər?
2009-cu ildə Səudiyyə Ərəbistanı Yəmən hökumətinə dəstək verdiyini açıqladı. Husilərin üsyanı yatırıldı. 2010-cu ildə atəşkəs imzalanana qədər toqquşmalar davam edirdi.
2011-ci ildə prezident Əli Abdulla Saleh rejiminə qarşı etirazlar fonunda hərəkat ölkənin şimalında öz təsirini genişləndirə bildi. Husilər təkcə hökumətə qarşı deyil, digər qruplara qarşı da silahlı mübarizə aparırdılar. Məsələn, “Əl-İslah” hərəkatı, “Haşd” qəbilə konfederasiyası və s.
2014-cü ilin avqustunda husilər Yəmənin bəzi bölgələrində benzinin qiymətinin artmasına səbəb olan neft subsidiyalarının kəsilməsinə qarşı kütləvi nümayişlər keçirdilər. Sentyabrın ortalarında qruplaşma Yəmənin paytaxtı Sənanın bir neçə ərazisini iələ keçirdilər. 2014-cü il sentyabrın 21-də BMT-nin iştirakı ilə husilərlə ölkə hakimiyyəti arasında sülh sazişi imzalandı. Onun şərtlərindən biri Məhəmməd Bəsindva hökumətinin istefası idi. Yəmənin baş naziri vəzifəsi Əhməd Avad bin Mübarəkə təklif edildi, lakin o, husilərin təhdidləri səbəbindən bundan imtina etdi.
2014-cü il oktyabrın 13-də qrupun təsdiqi ilə Xalid Mahfuz Bahah hökumətin başçısı oldu. Razılığa baxmayaraq, husilər döyüşləri davam etdirirdilər. 2014-cü il noyabrın 8-də BMT Təhlükəsizlik Şurası “Ənsar Allah” qruplaşmasının silahlı qanadının liderlərinə qarşı sanksiyalar tətbiq etdi.
2015-ci il yanvarın 19-da husilər baş nazir Xalid Məhfuz Bəhanın kortejinə hücum etdi, daha sonra Sənadakı kəşfiyyat binasını və prezident iqamətgahını ələ keçirdilər. Ölkə başçısı Əbd-Rabbu Mənsur Hadi və baş nazir Xalid Mahfuz Bahah istefa verdilər və onlar ev dustaqlığına getdilər. 2015-ci ilin 6 fevralında husilər parlamentin buraxıldığını elan etdilər.
Onlar ölkədə keçid şurasının yaradılmasını nəzərdə tutan konstitusiya bəyannaməsini təqdim etdilər. Fevralın 15-də BMT Təhlükəsizlik Şurası hərəkatın dövlət qurumlarını azad etməsini və danışıqlar masasına qayıtmasını tələb edən qətnamə qəbul etdi. 2015-ci il fevralın 21-də husilər prezident Abd-Rabbu Mansur Hadini azad etdilər. O, Ədən şəhərinə gedib və ölkə başçısı postunu tutmağa davam edəcəyini və onu tərk etmək niyyətində olmadığını bəyan etdi.
Şəbva vilayətinin qəbilələri prezidentin tərəfinə keçdi. 2015-ci il martın 16-da husilər baş nazir Xalid Mahfuz Bahahı və hökumətin digər üzvlərini də azad etdilər. 2015-ci il martın 25-də ölkənin Xarici İşlər Nazirliyi ərəb monarxiyalarını Yəmənə Yarımada Qalxanı birgə silahlı qüvvələrinin kontingentini göndərməyə çağırıb. Çağırışa Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, İordaniya, Sudan, Seneqal, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Qətər və Mərakeş cavab verdi. Husilərə qarşı hücum ABŞ, Böyük Britaniya və Pakistan tərəfindən dəstəkləndi.
2015-ci ilin 21 aprelində Yəməndə hərbi koalisiya əməliyyatının başa çatdığı elan edildi. Yəmən ordusunu bərpa etməli və üsyana son qoymalı olan ikinci əməliyyat başladıldı.
Buna baxmayaraq, koalisiya hava qüvvələri kütləvi hava hücumları həyata keçirməyə və döyüş əməliyyatlarına davam etdi.
2016-cı il iyunun 3-də BMT-nin baş katibi Pan Gi Mun Yəmənə təcavüz zamanı uşaq hüquqlarını pozduğuna görə koalisiyanı qara siyahıya saldı.
Lakin Səudiyyə Ərəbistanının təzyiqindən sonra təşkilat siyahıdan çıxarıldı. 2016-cı ilin iyununda Birləşmiş Ərəb Əmirlikləri qoşunlarını Yəməndən, ardınca isə oktyabrda Misirdən çıxardığını elan etdi.
Husilər 2016-cı il avqustun 6-da Yəmənin Ali Siyasi Şurasını yaratdılar və o bu gün də mövcuddur. Ancaq digər dövlətlər tərəfindən tanınmadı. Husilər hazırda Yəmənin böyük hissələrinə nəzarəti davam etdirir.
2017-ci ildə Əli Abdullah Saleh səudiyyəlilərin tərəf keçməyə çalışdı və husilər tərəfindən öldürüldü. Elə həmin il koalisiya uşaqları öldürdüyünə görə yenidən BMT-nin qara siyahısına salındı. Elə həmin il Qətər Yəməndə “Əl-Qaidə” və “İslam dövləti” təşkilatlarını dəstəklədiyinə və üsyançılarla əməkdaşlıq etdiyinə görə üzvlükdən çıxarıldı.
2020-ci ilin iyununda BMT-nin baş katibi Antonio Quterreş Səudiyyə koalisiyasını qara siyahıdan çıxardı. 2021-ci ildə ABŞ prezidenti Co Bayden ABŞ-ın koalisiyaya dəstəyini dayandırdığını elan etdi.
Husiləri kim dəstəkləyir?
Husilər Livanın şiə silahlı qruplaşması “Hizbullah”ı nümunə götürürlər. Amerikanın Terrorla Mübarizə Mərkəzinin tədqiqat institutunun məlumatına görə, “Hizbullah” 2014-cü ildən husilərə döyüşçülərin hazırlanmasına kömək edir və onlara zəngin hərbi təcrübə təqdim edir. Husilər İranı müttəfiq hesab edirlər, çünki Səudiyyə Ərəbistanı onların ümumi düşmənidir. Tehran husiləri silahla təmin etməkdə şübhəli bilinir.
ABŞ və Səudiyyə Ərəbistanı 2017-ci ildə husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadı atəşə tutmaq üçün istifadə etdiyi ballistik raketləri İranın təmin etdiyini bildirir.
Bundan əlavə, Səudiyyə Ərəbistanı İranı husilərin 2019-cu ildə Səudiyyənin neft obyektlərinə hücumu üçün istifadə etdiyi qanadlı raketlər və pilotsuz təyyarələr verməkdə ittiham edib. Husilər Səudiyyə Ərəbistanına on minlərlə qısa mənzilli raket atıb və BƏƏ-dəki hədəflərə də hücum ediblər. İran husilərə silah verdiyini inkar edir.
Husilər nə qədər güclüdür və Yəmənin nə qədər hissəsinə nəzarət edirlər?
Ölkənin rəsmi hökuməti Prezident Abdrabbou Mansur Hadinin səlahiyyətlərini 2022-ci ilin aprelində təhvil verdiyi Prezident İdarəetmə Şurasıdır. O, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşir. Bununla belə, Yəmən əhalisinin əksəriyyəti husilərin nəzarəti altında olan ərazilərdə yaşayır. Üsyançılar ölkənin şimal hissəsində vergi toplayır, həmçinin pul çap edirlər.
BMT Təhlükəsizlik Şurası husi eksperti Əhməd əl-Bəhriyə istinadən iddia edir ki, 2010-cu ilə qədər husilərin silahlı qrupların üzvləri də daxil olmaqla 100-120 min tərəfdarı olub. BMT Yəmən üsyançıları tərəfindən cəlb edilən təxminən 1500 uşağın 2020-ci ildə, yüzlərlə uşağın isə 2021-ci ildə döyüşlərdə öldüyünü bildirib.
Husilər Qırmızı dəniz sahillərinin əhəmiyyətli bir hissəsinə nəzarət edir və oradan gəmilərə hücum edirlər. ABŞ və Böyük Britaniyanın endirdiyi cavab zərbələrinə baxmayaraq, husuilər
Qırmızı dənizdən keçərək İsrailə gedən istənilən gəmiyə hücumu davam etdirəcəklərini devirirlər.
“Biz işğal olunmuş Fələstinin limanlarına gedən İsrail gəmilərinə hücum etmişik və hücuma davam edəcəyik”,- hərəkatın rəsmi nümayəndəsi Məhəmməd Abdel Salam bildirib.
Oktyabrın 19-da İsrail Qəzzada cavab əməliyyatına başladıqdan az sonra üsyançılar İsrailə doğru bir neçə raket və pilotsuz təyyarələr atıblar. 2023-cü ilin noyabrında isə husilər Qırmızı dənizdə İsrailə məxsus yük gəmisini qaçıraraq Yəmən sahillərinə apardıqlarını bildiriblər. İsrail o zaman gəminin İsrail olmadığını və ekipajı arasında heç bir israilli olmadığını demişdi.
Dekabrın 3-dən husilər nəzarət etdikləri Yəmən sahillərindən atılan pilotsuz təyyarələr və ballistik raketlərlə Qırmızı dənizdə bir neçə ticarət gəmisinə hücum edib.
ABŞ-ın Yaxın Şərqdəki hərbi əməliyyatlarını idarə edən ABŞ hərbi agentliyi Centcom: “Bu hücumlar Yəməndən olan husilər tərəfindən həyata keçirilsə də, İran tərəfindən tam dəstəklənir”, -deyib.
azvision.az
Tarix: 13-01-2024, 12:06
Xəbəri paylaş





Xəbər lenti