“Paşa Holdinq” Özbəkistanda 200 milyon dollara “Ritz Carlton” oteli tikir


2026-cı ilə kimi Azərbaycan Özbəkistan iqtisadiyyatına 276,9 milyon dollar investisiya yatıracaq.
 
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat Özbəkistan Nazirlər Kabineti tərəfindən təsdiqlənən 2024-cü ilin birinci rübü üzrə investisiya proqramında yer alıb.
 
Məlumatda bildirilir ki, Özbəkistanda ən böyük investisiya layihəsini Azərbaycanın aprıcı şirkətlərindən olan “Paşa Holdinq” həyata keçirəcək. “Paşa Holdinq” tərəfindən 2023-cü ildə Özbəkistanda təsis olunan “PD Estates” şirkəti tərəfindən məşhur “Ritz Carlton” brendi altında 5 ulduzlu otel inşa olunacaq. Otelin inşası 2024-2026-ci illərdə həyata keçiriləcək. 150 nömrəli 5 ulduzlu otelin istifadəyə verilməsi 2026-cı ilə planlaşdırılır. Layihənin dəyəri 200 milyon dollar həcmində qiymətləndirilir və bunun 7 milyon dolları gələn ayın sonunadək ayrılacaq. “Paşa Holdinq” tərəfindən inşa olunacaq otelin paytaxt Daşkəndin “Tashkent City” adlı biznes mərkəzinin ərazisində tikiləcəyi bildirilir. Bu məqəsədlə “Paşa Holdinq”ə “Tashkent City” ərazisində mehmanxana, mənzillər, biznes mərkəzi və butikləri olan çoxfunksiyalı kompleksin tikintisi üçün 1,5 hektardan çox ərazi ayrılıb.
 
Onu da qeyd edək ki, Bakıda fəaliyyət göstərən “The Ritz-Carlton” otelinin sahibi də “Paşa Holdinq”in törəmə şirkəti olan “Abşeron Hotel Qrup” MMC-dir.
 
Bundan başqa Azərbaycan şirkətləri Özbəkistanda aşağıdakı layihələri də icra edəcəklər:
 
- Azərbaycandan olan iş adamı Məmmədhəsənov Naiq Əli oğlu tərəfindən təsis olunan “Tovuz Aqroprom” MMC tərəfindən meyvə və tərəvəz emalının təşkili müəssisəsi tikiləcək. 2024-25-ci illərdə həyata keçiriləcək bu layihəyə  2 milyon dollar sərmayə qoyulacaq. Naiq Məmmədhəsənova məxsus başqa bir Azərbaycan şirkəti - "Tovus Baltia LTD"  şirkətinin Özbəkistanda təsis etdiyi “Tovuz Qranat” nar şirəsi istehsalının təşkili üçün 2024-2025-ci illərdə 14 milyon dollar dəyərində layihə icra edəcək.
 
- Azərbaycanın aparıcı şirkətlərindən biri olan “Mətanət A” şirkəti tərəfindən tikinti materialları istehsalının genişləndirilməsi layihəsi üçün 2023-25-ci illər ərzində Özbəkistan iqtisadiyyatına 20 milyon dollar vəsait yatırılacaq.
 
- Daha bir Azərbaycan şirkəti - “Bakı İstiqbal” MMC Özbəkistanda ümumi dəyəri 36,9 milyon olan 5 layihə həyata keçirəcək. Bu şirkət Özbəkistanda 2023-24-cü illərdə armatur istehsalının yaradılması, fermer təsərrüfatının bazasında heyvandarlığın inkişafı, mal-qaranın kəsimi və hazır dəri məmulatlarının istehsalı üzrə ixtisaslaşmış müasir müəssisənin yaradılması, bitki yağı istehsalının genişləndirilməsi və heyvandarlıq və quşçuluğun inkişafının təşkili layihələrini reallaşdıracaq.
 
- İş adamı Həsənli Ruslan Həsən oğlu tərəfindən yaradılan “AXB-fruits” adlı şirkət isə meyvə-tərəvəz məhsullarının çeşidlənməsi və saxlanmasının təşkili məqəsdi ilə  2023-2024-cü illərdə Özbəkistan iqtisadiyyatına 4 milyon dollar investisiya yatıracaq.
Tarix: 25-02-2024, 11:36
Xəbəri paylaş





Xəbər lenti