Əfsanəvi futbolçu matçların fasiləsində niyə araq içirmiş? - ŞOK SƏBƏBLƏR



Futbol dünyasının əfsanəvi qolkiperlərindən biri hesab edilən Lev Yaşinin müasir futbolçuların rejiminə tam uyğun gəlməyən həyat tərzi sürməsi hamıya məlumdur. Pis vərdişlərə İkinci Dünya Müharibəsi illərində fabrikdə işləyərkən, 14 yaşında siqaret çəkməklə başlamışdı. İçki və siqaret illər sonra onun sol ayağının amputasiyasına səbəb oldu.

Lakin ciddi tütün asılılığı dünya futbolu tarixinə düşən sovet futbolçusunun yeganə problemi deyildi. Hətta karyerası ərzində Yaşin mədə problemlərindən əziyyət çəkirdi.
“Komandamız oynayanda və mən Yaşinin qapısının arxasında dayananda o, vaxtaşırı mənə tərəf dönüb, “Doktor, soda!” deyirdi. O, mədə xorasından əziyyət çəkirdi”, - deyə SSRİ yığmasının həkimi Saveli Mışalov onun haqqında danışarkən bildirib.
Lev Yaşinin dul arvadı Valentina Timofeyevna bu hekayələri İqor Rabinerin "Dövrümüz Qəhrəmanları" kitabında təsdiqləyib. Onun sözlərinə görə, gələcək qapıçı uşaqlıqda pis qidalanma səbəbindən mədə xəstəliyi keçirib. "16-17 yaşlarında o, müalicə üçün cənubda sanatoriyaya göndərilmişdi" - deyə Timofeyevna bildirib. O, Yaşinin ağır məşq rejiminin xoranın inkişafına təsir göstərdiyini söyləyib.
Kiyev "Dinamo"sunun və SSRİ yığmasının futbolçusu Viktor Serebryanikov Yaşində mədə deyil, onikibarmaq bağırsaq xorası olduğunu iddia edib:
“Uruqvayda məni Yaşinlə eyni otağa yerləşdirdilər. Böyük qapıçı, gözəl insan idi. Qaydaları pozduğuna görə yığıncaqlarda kimsə danlansa, onları müdafiə edirdi. Yaşin özü içirdi. Sakitcə, yavaş-yavaş. Onikibarmaq bağırsağın xorası var idi. Araq ağrını uyuşdururdu. Ağrı olan zaman matçın fasiləsi zamanı da bir qurtum içirdi. Komanda xəbərdar idi? Yox, Yaşin bunu gizlədirdi. Hamı bunun su olduğunu düşünürdü, amma əslində spirt idi. Üstəlik, araqdan başqa heç nə içməyib”.

Serebryannikov bir dəfə otaq yoldaşını təcili xilas etməsindən də danışıb:
"Uruqvayda bir epizod var idi. Gecə saat 2-də Yaşin içməyə başladı, bir müddət sonra "benzin" bitdi. Artıq yuxuya gedirdim, bir inilti eşitdim. Bir söz demədi, sadəcə özünü divara sıxdı. Ağrıyırdı, görünür əzab çəkirdi. O, idman kostyumunu geyindi, küçəyə qaçdı və çaşqınlıq içində donub qaldı - gecə burada haradan spirt ala bilərəm?
Həmin an Cənubi Amerikadan Kanada vasitəsilə necə qayıtdığımızı xatırladım. SSRİ xokkey komandası təyyarədə idi. Hər kəsin çantasında spirt butulkaları var idi. Jenya Zimin onun yanında oturdu və dedi: niyə gündəlik pulunuzu barlarda spirtə xərcləyirsiniz? Aptekdə spirtin litri 1,5 dollardır. Bunu xatırlayandan sonra dərhal aptekə qaçdım. O, spirti birnəfəsə içdi. Soruşdu ki, gecə spirti haradan tapmısan?! "Aptekdən, Lev İvanoviç" - deyə cavab verdim. Buna görə təşəkkür etdi".
Yeri gəlmişkən, Lev İvanoviçin dul arvadı ərinin yalnız mədə problemlərinə görə araq içdiyini təsdiqləyib.
55 yaşında qanqrena səbəbindən sol ayağını itirən Yaşin bundan sonra da pis vərdişlərini tərgitməyib. Siqaret və içki onun daimi dostu olub. Nəticədə çox yaşamayıb. 1990-cı ilin mart 20-də 61 yaşında dünyasını dəyişib.


Heybət
Tarix: 27-02-2024, 14:10
Xəbəri paylaş





Xəbər lenti