Ermənilərin Yevlax görüşündən imtinasının səbəbi bilindi

Qərbdən Bakıya artan təzyiqlər onları “ruhlandırıb”

“BMT-nin bir qrup ekspertinin Laçın yolunun açılmasının və bütün insanların təhlükəsizliyinin və rifahının təmin edilməsinin zəruriliyini vurğulayan bəyanatı da alqışlanasıdır. Mənim beynəlxalq ictimaiyyətə son mesajım və Beynəlxalq Cinayət Məhkəməsinin birinci baş prokuroru Luis Moreno Okamponun hesabatı beynəlxalq mediada böyük əks-səda doğurdu. Nəticədə onlarla aparıcı media mövcud vəziyyətə istinad edərək "artsax hakimiyyəti"nin və aparıcı ekspertlərin “davam edən soyqırım”la bağlı qiymətləndirmələrini və müraciətlərini təqdim ediblər".
Axar.az yazır ki, bu bəyanat əslində Yevlaxda nəzərdə tutulan görüşdən ermənilərin niyə imtina etməsinə aydınlıq gətirir.
Yada salaq ki, Azərbaycan XİN müəyyən razılaşmaların olduğu haqda məlumat yaymışdı. Bildirilirdi ki, beynəlxalq tərəfdaşların səyləri nəticəsində Ağdam-Xankəndi yolundan BQXK tərəfindən yüklərin daşınması üçün istifadə olunması və bundan 24 saat sonra Laçın yolundan BQXK vasitəsilə keçidin daha da intensivləşməsinə dair razılıq vardı. Bununla yanaşı, Yevlaxda Azərbaycanın nümayəndələri ilə Qarabağda yaşayan erməni sakinlərin nümayəndələri arasında görüşün keçirilməsi razılaşdırılmışdı və logistik məsələlər yekunlaşmışdı. Bütün bu razılıqlara baxmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri razılıqları son anda pozdu. Deməli, Araikin sifariş və göstəriş aldığı dairələr belə bir görüşün “vacib olmadığına” və “Azərbaycanın təzyiqlər qarşısında geri çəkiləcəyinə” inandırıblar.

Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov bütün bu oyunların arxasında Rusiya izini görür: “Bu barədə dəfələrlə yazmışıq, demişik. Araiklərə cəsarət verən Kremldir. Bütün bu oyunlar da məhz oradan idarə olunur. Rusiya Qarabağ torpaqlarımızda yaşayan bir para separatçı erməni toplumunun əli ilə Azərbaycanla Ermənistan arasındakı gərginliyi saxlamaqdadır. Təəssüf ki, bu gün erməni-rus birliyinin qurduğu "humanitar yardım" şousunu yalnız kənar qüvvələr dəstəkləmirlər. Sapı özümüzdən olan bir para “siyasilər” də  hökumətin bu məsələdəki mövqeyini tənqid etməyə qalxaraq, “ağıl öyrədirlər”. Anlamaq istəmirlər ki, Azərbaycan dövləti bu addımı ilə bizə basqı göstərmək istəyən güclərə nə demək istəyir. Biz suveren dövlət olaraq Laçın-Xankəndi dəhlizini dünyanın gözləri qarşısında bağladıq və bununla da bütün dünyaya beynəlxalq qaydalar çərçivəsində hərəkət etdiyimizi göstərdik. Atdığımız bu addıma qarşı demək olar ki, heç kim çıxa bilmədi. Çünki tam haqlı idik. Həm də ona görə ki, biz bundan bir neçə il əvvəl “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistanın baş nazirinə "Qarabağ Azərbaycandır" dedirtmişdik. Bu gün də biz bu prizmadan çıxış edərək, öz sərhədlərimizdə baş verən bütün məsələləri müstəqil həll edirik.
Artıq Ermənistandan Qarabağa silah və təxribat daşıyan dəhliz adlı bir keçid yoxdur. Ermənistandan Azərbaycan ərazisinə hər hansı bir yük müstəsna olaraq Azərbaycan hökumətinin nəzarəti altında keçə bilər. O ki qaldı öncədən bəyan olunmamış bu “humanitar yardım”a, bu məsələdə də Azərbaycan ərazisinə kimin haradan və necə daxil olmasını özü müəyyən edir. 44 günlük İkinci Qarabağ savaşından sonra Ermənistandan Laçın yolu ilə Xankəndinə silah-sursat  daşıyanların bu gün də bunu humanitar yardım adı altında etməyəcəklərinə heç bir təminat yoxdur. Bu səbəbdən Azərbaycan həmin yüklərin Qarabağ bölgəmiz və bütövlükdə dövlətimiz üçün daha təhlükəsiz bir ərazidən keçməsini təkid edir. Biz bu humanitar yardımın qarşısını almamışıq, sadəcə, onun haradan keçməsinin lazım olduğunu qarşı tərəfə göstərmişik. Qarşı tərəfin doğrudan da məqsədi Qarabağda yaşayan ermənilərə humanitar yardım göstərməkdirsə, buyursunlar - Ağdam-Xankəndi yolu açıqdır. Əgər Ermənistan gerçəkdən Qarabağdakı ermənilərə humanitar yardım etmək istəyirsə, onun üçün bu yardımın oradakı ermənilərə hansı yolla çatmasının nə fərqi var? Deməli, söhbət humanitar yardımla bağlı deyil - bu, sadəcə, məqsədyönlü şəkildə rus-erməni birliyinin qurduğu bir oyundur. Sülh müqaviləsinin bağlanmasının qarşısını almaq üçün Moskva hər vəchlə Ermənistanla Azərbaycan arasında gərginliyi artırmağa çalışır. Bu dəfə onlar bunu Azərbaycana beynəlxalq səviyyədə təzyiqlərin göstərilməsi yolu ilə etməyə çalışırlar.
Bu gün sülh müqaviləsini pozmaq üçün göstərilən bütün çabalar əbəsdir. Ermənistan yaxşı anlayır ki, sülh müqaviləsini öz istəyi ilə bağlamasa, Azərbaycan hərb maşınını yenidən işə salacaq və onu buna məcbur edəcəkdir. Araiklərin sonu isə Azərbaycan qanunları qarşısında cavab vermək olacaq. O günə çox qalmayıb".

Deputat Bəhruz Məhərrəmov hesab edir ki, təcavüzkar hələ də reallıqla barışmayıb: “Son günlər müşahidə olunan situasiya və Qərbin riyakar davranışları göstərir ki, əslində son 30 ildə Azərbaycanın yaratdığı yeni reallıq istisna olmaqla, dəyişən heç nə yoxdur. Ermənistan təcavüzkar niyyətindən əl çəkməyib, Qərb isə regionda sülh və sabitlik istəmir və 30 il etdiyi kimi, münaqişəli vəziyyətin davamlılığında maraqlıdır. Aydındır ki, Azərbaycanın müharibədə qələbəsi və cənab İlham Əliyevin qətiyyəti ilə formalaşan postmüharibə reallığı regionumuzu heç vaxt olmadığı qədər sülhə yaxınlaşdırıb. Lakin Laçın sərhəd-buraxılış məntəqəsi ətrafında humanitar fəlakət şousu göstərir ki, İrəvan reallıqla barışmayıb, Qərb isə bu vəziyyətə xaç yürüşü başlamaq üçün fürsət kimi baxır. Son günlər Qərb mediasında, 3-cü sektorda və muzdlu siyasi dairələrdə başlanan anti-Azərbaycan kampaniyası, Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqlarını görməzdən gəlmə cəhdləri bunu bir daha sübut edir. Qərb 30 il işğal və təcavüzə birbaşa və dolayı dəstək verdiyi kimi bu gün də regionda sülh və birgəyaşayışa hər vəchlə maneə olmaqdadır. Təsadüfi deyil ki, məhz başlanan anti-Azərbaycan kampaniyasından sonra qısa müddət öncəyə qədər ümidlərini itirib təslimçi ruhda olan separatçılarda "özgüvən" yaranıb, qorxudan çıxışların rabitəsini itirmiş separatçı Araik Arutyunyan artıq Azərbaycan əleyhinə bəyanatlar verməyə başlayıb. Hətta Ermənistan hakimiyyətinin fitvası ilə Qarabağın erməni icmasının nümayəndələri onlar üçün tarixi şans olan və Yevlaxda nəzərdə tutulan görüşdən imtina etdi. Lakin sirr deyil ki, heç bir kampaniya əbədi davam edə bilməz və  Azərbaycana “beynəlxalq təzyiq” də tədricən “effektini” itirdikcə səlibçilərin əsl niyyəti də ifşa olunmaqdadır. Araik Arutyunyanın minnətdarlıqla istinad etdiyi beynəlxalq təxribatlar, BMT-nin bir qrup ekspertinin, Beynəlxalq Cinayət Məhkəməsinin sabiq baş prokuroru Luis Moreno Okamponun hesabatının kağız parçasından başqa bir şey olmadığı reallığı tədricən aydınlaşmaqdadır. Belə olan halda Qarabağ erməniləri bir daha düşünməli və cənab İlham Əliyevin ötən il, Zəfər Günü Şuşadan verdiyi bəyanatı unutmamalıdır ki, “heç kim gəlib onların yerinə döyüşməyəcək”, nə fərari Ermənistan, nə də regionda təsir gücü yalnız bəyanatlarla məhdudlaşan Qərb dairələri".
Tarix: 15-08-2023, 09:28
Xəbəri paylaş





Xəbər lenti