“Separatçıların HHM və REM sistemlərini maskalaması göstərir ki, düşmən Qarabağda...”
“Sözsüz ki, istənilən istiqamətdə nəzarət həyata keçirə bilən, həmçinin 2020-ci ilin payızındakı savaşda ermənilərin 30 il ərzində yaratdığı ən çətin yeraltı və yerüstü maneələri yarıb keçmiş ordumuz qarşısında belə istehkam qurğuları davam gətirə bilməz...”
"Bütün bunlar və Azərbaycan ordusunun Qarabağda - öz torpağında legitim olaraq atacağı addımların qarşısını ala bilməz...” “Qarabağdakı qanunsuz birləşmələrdəki dəyişikliklərdən danışsaq, öncə yada salaq ki, separatçı bölgə hələ də Ermənistan tərəfindən maliyyələşdirilir. Bu heç guzlədilmir də. Ermənistan hökumətinin rəsmi məlumatlarında həmin yardımların məbləği də açıqlanır və məlum olur ki, hazırkı yardımların həcmi 30 il ərzində ayrılan yardımların həcmindən dəfələrlə çoxdur. Bu maliyyə yardımları, təbii ki, Azərbaycan torpaqlarındakı quldur dəstələrinin silahlandırılması və komplektləşdirilməsini də ehtiva edir”.
Bu fikirləri
Moderator.az-a açıqlamasında
“44 günlük savaşdan bu yana keçən son təxminən 3 il ərzində Azərbaycan Respublikasının Yuxarı Qarabağ ərazisinin bir hissəsindəki qanunsuz erməni hərbi birləşmələrində sayca və silahlanma baxımından baş vermiş dəyişikliklər haqda məlumatınız varmı?” sualını cavablandıran araşdırmaçı jurnalist, Ordu.az saytının baş redaktoru Şahin Qocayev ifadə edib.
“44 günlük savaşdan sonra say azlığı baxımından belə qərara gəlinib ki, Qarabağdakı həmin qanunsuz hərbi birləşmələr guya elitləşdirilsin. Təbii ki, burada hansısa real elitləşdirilmədən söhbət gedə bilməz. Çünki gerçək xüsusi hərbi birliklərin yaranması üçün çox böyük maliyyə imkanları gərəkdir. Eyni zamanda həmin birlik üzvlərinin xarici ölkələrdə müvafiq kurslardan keçmələri lazımdır”,- deyə şərhçi davamında söyləyib.
“Separatçı silahlı birləşmələr tərəfindən həyata keçirilən və bizi təhdid edən fəaliyyətlər isə gizli səngər və sığınacaqların, fortifikasiya qurğularının qurulmasından ibarət ola bilər. Bu haqda Azərbaycan tərəfindən rəsmi məlumatlar səsləndirilir və belə fəaliyyətlərin qarşısı, təbii ki, ordumuz tərəfindən alınır... İkincisi də, bu cür fəaliyyətlər separatçıların əməliyyatlar öncəsi öz başlarını qatması deməkdir və sözsüz ki, istənilən istiqamətdə nəzarət həyata keçirə bilən, həmçinin 2020-ci ilin payızındakı savaşda ermənilərin 30 il ərzində yaratdığı ən çətin yeraltı və yerüstü maneələri yarıb keçmiş ordumuz qarşısında belə istehkam qurğuları davam gətirə bilməz...
Qarabağdakı erməni terrorçularının müasir silahlanma proqramlarına gəlincə, düzdü, separatçıların əlində yalnız köhnə sovet silahları var. Amma burada Rusiya “sülhməramlı”larının mütəmadi olaraq həmin qanunsuz birləşmələrə silah-sursat daşımasını mütləq nəzərə almaq lazımdır... Eyni zamanda bu yaxınlarda Qarabağdakı separatçı rejimin əlindəki hava hücumundan müdafiə(HHM) və radio-elektron mübarizə(REM) sistemlərinin maskalanmasına dair məlumatlar və video-görüntülər meydana çıxdı ki, bunların da məqsədli şəkildə həyata keçirildiyi aydın olur. Mümkündür ki, düşmən hansısa təxribat fəaliyyətlərinə hazırlığa başlayıb. Lakin bütün bunlar və Azərbaycan ordusunun Qarabağda - öz torpağında legitim olaraq atacağı addımların qarşısını ala bilməz...”,- deyə araşdırmaçı vurğulayıb.
Tarix: 17-08-2023, 12:08