"Bəzi kütbeyin, Azərbaycan Konstitusiyasından xəbəri olmayan məmurlarımız bunu qəbul etmək istəmir" - Qarabağda ermənilərə hansı hüquqları verəcəyik?

"Bəzi kütbeyin, Azərbaycan Konstitusiyasından xəbəri olmayan məmurlarımız bunu qəbul etmək istəmir"
“Erməni dövlət aparatında yüksək vəzifə tuta bilməyəcək, çünki dövlət dilini yaxşı bilmir”.

DİA.AZ bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Zərdütş Əlizadə deyib.

O, Qarabağ separatçısı Tiqran Petrosyanın “Facebook” səhifəsində paylaşdığı “Qarabağ ermənilərinin inteqrasiyası layihəsi”nə bildirib.

Z. Əlizadə bildirib ki, ortada iki seçim var: ya yeni müharibə, ya da beynəlxalq hüquqda təsbit olunmuş və heç bir dövlətin mənafeyinə ziyan vurmayan haqların tanınması”.

“Bu gün Qarabağda ermənilər yaşayır və onların bələdiyyə qurumları var. Bələdiyyələrin qərarı ilə onların ərazisində, yol işarələrində, kənd adlarında və s. yerlərdə Azərbaycan dili ilə yanaşı, erməni dilindən də istifadə olunacaq. Mən bunda heç bir qəbahət görmürəm. Milli azlıqlarınə məktəbi də olmalıdır. Azərbaycan Konstitusiyası ilə buna icazə verir, qadağan deyil”.

Müsahibimiz əmin edib ki, o ermənilər Azərbaycanın dövlət dilini zəif bilərsə, bu, onların problemi olacaq:

“Deməli, dövlət aparatında yüksək vəzifə tuta bilməyəcək, çünki dövlət dilini yaxşı bilmir. Ona görə də Azərbaycan dilini mükəmməl bilməlidir. Deyək ki, Qarabağ erməniləri indiki mərhələdə öz dillərinin qorunmasını tələb edir. Bir azdan onları heç biri erməni dili ilə maraqlanmayacaq.

Təhlükəli olan azərbaycanlıları yurd-yuvasından qovmaq, silahlı qüvvələr yaradıb, Azərbaycan dövləti ilə müharibə aparmaqdır. Bu, cinayət idi, 44 günlük müharibədə bunun cəzasını aldılar. “Yerablur” panteonu üçrəngli erməni bayraqlarıyla “bəzəndi”. Onlara 27 il barışıq təklif etdik. Qarabağ ermənilərinə ən yüksək səviyyədə status verməyə hazır idik. Onlar isə deyirdilər, biz qalibik. Buyur, indi görüm, necə qalibsən...”.

Siyasi təhlilçi hesab edir ki, Azərbaycan hökuməti Konstitusiyada insan hüquqlarını pozmayan istənilən hüququn tanınmasına razı olmalıdır:

“Bu adamlar erməni kilsəsinə getmək istəyirsə, getsin, mahnı və kitab oxumaq istəyirsə, oxusun, ermənicə təhsil almaq istəyirsə, alsın. Kim ona mane olacaq? Bu, dövlətə qarşı fəaliyyət deyil, insan haqlarının icrasıdır. Bunlar bütün demokratik ölkələrdə qəbul olunub. Lakin bəzi kütbeyin, Azərbaycan Konstitusiyasından xəbəri olmayan məmurlarımız bunu qəbul etmək istəmir.

Bəzən Azərbaycanın hansısa bir kənd yerində yaşayan milli azlıq festival keçirib, öz milli mətbəxinə aid olan ənənələri, habelə folklorunu təbliğ etmək istəyir. Lakin hansısa başıboş məmur bu hüquqları qadağan edir. Məni də hirs boğur ki, bu cür adamı haradan tapırlar ki, nəticəsi də belə olur. Ölkəmizi dünyada biabır edən budur”.

Müsahibimiz diqqəti ona yönləndirib ki, ölkəmizdə yaşayan bütün millətlər bizim qardaş-bacılarımız, çoxmillətli Azərbaycan xalqının tərkib hissəsidir:

“20 ildən sonra azərbaycanlılar və ermənilər yenidən dostlaşa, düşmənçiliyi unuda bilərlər. Özümdən misal çəkim, ömrümün son 20 ilində ən yaxın dostum Georgi Vanyan idi. O, çox müdrik, cəsarətli adam idi, Azərbaycanı hədsiz sevirdi, xalqına açıq deyirdi ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımalı, azərbaycanlılarla dost olmalıyıq. Vanyanı çərlədib öldürdülər.

Milli mənafe deyilən bir şey var. Erməni xalqının mənafeyi tələb edir ki, özünün ən yaxın qonşuları olan Azərbaycan və Türkiyə ilə sıx, normal münasibətləri olsun. Mən demirəm ki, sevgi-məhəbbət, yox, qarşılıqlı hörmət etməlidirlər bizə. Bütün dünyada bu qaydalar adi olsa da, bir erməninin belə beynində işləmir. Çünki 130 ildir onları zəhərləyirlər”.
Tarix: 17-08-2023, 12:17
Xəbəri paylaş





Xəbər lenti