“Artsax Azərbaycanın tərkibində ola bilməz...”- Yuxarı Qarabağdakı "FSB" rezidenti...

Rusların Qarabağda RUS İCMASI HOQQASI...
Dünən - avqustun 29-da Xankəndindəki “mədəniyyət və gənclər sarayı”nda Yuxarı Qarabağdakı qondarma “rus icması” nümayəndələrinin görüşü keçirilib.

SİAM.AZ moderator.az-a istinadla xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, tədbir erməni apostol kilsəsinin Qarabağdakı qanunsuz nümayəndələrindən biri və Xocalı ərazisində tikilmiş rus pravoslav kilsədəki “ruhani ata”nın xeyir-dua və çıxışları ilə başlayıb.

Son 3 ilə yaxın müddətdə mediada Rusiya “FSB”-nin agenti, Yuxarı Qarabağdakı rezidenti olduğu haqda davamlı məlumatlar yayılan “rus icması”nın rəhbəri Aleksandr Bordov çıxışında qeyd edib ki, “dağlıq qarabağ respublikası bu gün çətin vəziyyətdədir və yalnız artsax xalqına xas olan ruhun gücü və dözümü onlara bu sınaqlardan aylardır şərəflə çıxmağa imkan verir…”

“Təbii ki, biz xatırlayırıq ki, babalarımıza, atalarımıza da asan olmayıb, çünki müqəddəs Qarabağ torpağının bütün tarixi boyu əcdadlarımızın torpağında azadlıq, yaşamaq hüququmuz uğrunda mübarizə aparmışıq”- deyə A.Bordov çərənləyib.

“Rus icması”nın başçısı Ermənistan-Rusiya münasibətlərinə, bu kontekstdə Rusiyanın Qarabağdakı “mövcudluğunun tarixinə də tarixi istinad edib”.

“FSB” rezidentinin sözlərinə görə, əsrlər boyu ermənilərlə ruslar arasında mənəvi bağlar yaranıb ki, bu da hər iki xalq, ölkələr və inanc naminə möhkəm müttəfiqlik münasibətlərinin qurulmasının zəruriliyindən xəbər verir.

Üzdəniraq natiqin sözlərinə görə, “həm artsax xalqı, həm də Rusiya sülhməramlıları çətin, faktiki böhran vəziyyətinə düşüblər… Aydındır ki, bu gün biz barrikadaların eyni tərəfində olmalıyıq", - deyə “rus icması” rəhbəri əminliyini ifadə edib

“Bizim Azərbaycan əhalisinə qarşı qətiyyən heç bir iddiamız yoxdur, lakin biz üçtərəfli bəyannamənin əksinə olaraq, 206 gündür davam edən blokadanın və Azərbaycanın hərbi-siyasi rəhbərliyinin Qarabağ torpağında həyata keçirdiyi əməliyyatların əleyhinəyik. Bütün bunlar, eləcə də Sumqayıtda, Bakıda, Dağlıq Qarabağda erməni əhaliyə qarşı amansız cinayətlərin törədildiyi faciəli hadisələrin tarixi yaddaşı yaradılmış şəraitdə artsaxın Azərbaycanın tərkibində olmasının, birgə yaşamağın mümkünsüzlüyünü diktə edir. İtkilərin yaraları çox ağırdır”, - deyə “FSB” rezidenti təxribatçı çıxışında vurğulayıb. Sonda Putin rejiminin nümayəndəsi “təhlükəsiz və firavan bir Artsaxa sahib olmaq uğrunda mübarizəyə çağırıb”.

“Sonra rus icmasının nümayəndələri çıxışlarında Ermənistan-Rusiya dostluğunun əhəmiyyətini vurğulamış, blokada nəticəsində yaranmış vəziyyətdən çıxış yollarına və imkanlara da toxunmuşlar”- xəbərdə belə deyilir.

Zəruri şərh:

Rusiyanın işğalçı diktatoru Putinin müdaxiləsi ilə yarımçıq saxlanılmış, Xankəndinin azad edilməsinə imkan verilməmiş 44 günlük savaşımızın nəticəsi olan 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından keçən 3 ilə yaxın müddətdə Azərbaycanın Yuxarı Qarabağ ərazisində baş verənlər, Kremlin Azərbaycanla münasibətlərdə və beynəlxalq siyasətdə apardığı oyun və manipulyasiyalar, həmçinin “Ermənistanla sərhəddə son “humanitar yardım” şousu, eləcə də Rusiya “sülhməramlı”larının Ağdam-Xankəndi yolunun açılmasına şərait yaratmağa çalışdığı kimi görünməsi fonunda Xankəndindəki “FSB” rezidentinin son çıxışına özünüz qiymət verin…
Tarix: 30-08-2023, 10:42
Xəbəri paylaş





Xəbər lenti