Qərar verildi: - “On günə Xankəndidəki separatçıların taleyi…”

Qərar verildi:
“Ağdam-Xankəndi yolu bağlı qalacaq, qərar yekdilliklə qəbul edilib”.

Qondarma rejimin “parlament”inin sədri David İşxanyan bu gün keçirdiyi mətbuat konfransında belə açıqlama verib. Onun sözlərinə görə, Ağdam-Xankəndi yolunda Rusiya sülhməramlılarının müvafiq nəzarət-buraxılış məntəqəsi qurulub, post-patrul xidmətinin müvafiq məntəqəsi də var.

“İctimaiyyətimizə və bütövlükdə dünyaya çatdıra bilərəm ki, bəli, bu yolun bağlı saxlanılması, istifadə edilməməsi ilə bağlı dəqiq qərar var. Cəmiyyətimiz bu məsələyə inamsızlıq və fərqli şərhlər verməyə meyilli olmamalıdır”,-İşxanyan belə deyib.

Beləliklə, Qarabağdakı ermənilər Azərbaycanın göndərdiyi humanitar yardımı qəbul etməkdən imtina edib. İndi nəzərlər rəsmi Bakının atacağı addımlara yönəlib. Azərbaycan Qarabağdakı erməni əhali qrupuna 40 ton un göndərsə də, separatçı rejimin təsiri və təzyiqi nəticəsində ermənilər bu yardımın qəbulundan imtina etdilər.

Artıq məsuliyyət ermənilərin üzərinə düşür və Azərbaycanı “humanitar böhran” yaratmaqda ittiham etmək üçün hər hansı əsas qalmır. Belə olan halda, Azərbaycanın hansı addım atacağı gündəmə gəlib. Çünki Azərbaycan ya yüklərin erməni sakinlərə çatdırılmasında israr edib dialoqu davam etdirə, ya da yardımın çatdırılmasında əsas maneə olan terrorçu dəstələrə qarşı hərbi zərbələr endirə bilər.

Siam.az-ın məlumatına görə, politoloq Zaur Məmmədov Cebhe.info-ya açıqlamasında bildirib ki, yaxın on gün ərzində vəziyyətə aydınlıq gələcək. Hətta Azərbaycan antiterror əməliyyatına başlaya da bilər:

“Məsələ yalnız Qarabağdakı ermənilərin humanitar yükü alıb-almaması ilə bağlı deyil. Ümumiyyətlə, separatçıların taleyi ilə bağlı ciddi qərarlar qəbul ediləcək. Hesab edirəm ki, bununla bağlı müxtəlif istiqamətlərdə, və ayrı-ayrı regional dövlətlərlə kommunikasiyalar davam edir. Mövcud vəziyyət göstərir ki, hadisələr gərginləşməyə doğru gedir. Əgər müsbət qərar çıxarılarsa, vəziyyət yaxşıya doğru dəyişə bilər. Əlbəttə, ermənilərin əsas məqsədi separatçılığı davam etdirməkdir. Bu məsələdə onlara müəyyən beynəlxalq qüvvələr də kömək edir.

Ancaq bu, uzun müddət davam edə bilməz. İndiki proseslər ona gətirib çıxartdı ki, ABŞ-ın və Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqlarına ciddi zərbə endirildi. Ermənistan danışıqları demək olar ki, kənara atıb. Bundan iki çıxış yolu var. Ya sülh danışıqları yolu ilə nəticə əldə edilməli, ya da güc yolu bu məsələ öz həllini tapmalıdır”.
Tarix: 30-08-2023, 22:34
Xəbəri paylaş





Xəbər lenti