Antiterror əməliyyatlarının sonuncu nöqtəsi Xankəndidə Azərbaycan Bayrağının dalğalanması ilə bitməlidir-EKSPERT

Ağdərədən Tərtər çayı boyunca əməliyyatlar başlayır: Sərhəddə isə...
Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Siam.az onunla müsahibəni təqdim edir:

- Qabil bəy, Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən 2019-cu ildəki bəyanatlarını təkrarlayıb. İndiki şəraitdə onun bu ritorikaya qayıtmasına səbəb nə idi?

- Bu, təəccüblü bir yanaşmadır. Müharibədən sonra Azərbaycanla bağlı artıq bir söz deməyən Nikol Paşinyan yenidən dil açıb. Onun dilini açmaq üçün qəyyumları müəyyən səylər göstərib. Artıq Qarabağın dağlıq hissəsi ilə bağlı Paşinyan əvvəlki ritorikasına qayıdıb. Onun iddiasına görə, Qarabağdakı separatçılarla Azərbaycan arasında beynəlxalq mexanizm tətbiq edilməlidir. Bu təbii ki, absurd yanaşmalardır. Əslində Paşinyan bu cür açıqlamalarla prosesi bir qədər də gərginləşdirir. Onun Qarabağdakı erməni azlığınının silahlanması və “heç nədən çəkinməyəcəyik, yenidən savaşacayıq, Azərbaycana qarşı sona kimi mübarizə aparacayıq” kimi sərsəm iddialar səsləndirməsi tamam başqa mətləblərdən xəbər verir.

- Bu çağırışlar, verilən bəyanatlar, Ermənistanın davam edən təxribatları yeni hərbi eskalasiya riskini nə dərəcədə gücləndirmiş olur?

- Bu, təkcə Qarabağ separatçıları ilə bağlı deyil. Paşinyanın özü də müharibə variantını seçib. Əslində bununla Paşinyan tərəfindən sülhyaratma prosesini əngəlləmək üçün cəhdlər edilir. Bu təhlükəli tendensiyadır. Paşinyanın haradan, kimlərdən təlimatlar aldığı bilinir. Sözsüz ki, Azərbaycan özünün önləyici tədbirlərini görür. Eyni zamanda Paşinyanın müharibə ritorikasına adekvat reaksiyalar da gecikmir.

- Sizcə, Ermənistanın yenidən müharibə ab-havasından danışmasında kimlər maraqlıdır? Məğlub ölkənin yenidən hərbi ritorikaya keçməsi nə dərəcədə real görünür?

- Proseslər artıq heç də 2021-ci ildən sonrakı bir səmtə getmir. Burada tamam fərqli bir istiqamət izlənilir. Son bir neçə ayda sürətlə silahlanmaya 1 milyard dollardan artıq vəsait sərf etmiş və bəzi qəyyum dövlətlərdən silah almış Ermənistan artıq müharibədən sonra tamamilə dağılmış erməni ordusunu dirçəltmək istəyir. Ona görə də, Paşinyan güc mövqeyindən danışmağa başlayıb. Paşinyan komandasında olan şəxslər belə Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası haqqında fikir söyləmir. Hətta Qarabağda yaşayan erməni əsilli sakinlərlə Azərbaycanın siyasi rəhbərliyi arasındakı münasibətlərin beynəlxalq mexanizmlərlə tənzimlənməsi haqqında fikirlər durmadan tirajlanr.

- Ermənistanın bu davranışları, verilən açıqlamalar fonunda müəyyən bir məsafə qət edilmiş sülh prosesi üçün hansı təhlükələr var?

- Xeyli məsafə qət edilmiş sülh prosesi üçün ciddi təhlükə yaranıb. Artıq bölgənin isti müharibəyə doğru irəliləməsi müşahidə edilir. Ehtimal edilən yeni müharibə Qarabağda başlaya bilər. Azərbaycan dövləti kimlərinsə diqtəsi ilə mərkəzi hakimiyyətə qarşı çıxan, tabesizlik göstərən quldur dəstələrini ya silahsızlaşdırmalıdır, ya da yerindəcə məhv etməlidir. Hərbi əməliyyatların Ağdərədən başlayaraq Tərtər çayı boyunca Sərsəng Su anbarı da daxil olmaqla, Xocalı və digər istiqamətlərdə irəliləyəcəyi proqnozlaşdırılır. Antiterror əməliyyatlarının sonuncu nöqtəsi Xankəndidə Azərbaycan Bayrağının dalğalanması ilə bitməlidir.

- Antiterror əməliyyatlarının Azərbaycan-Ermənistan sərhəddinə daşınması riskini necə qiymətləndirirsiniz?

- Əgər Ermənistan Azərbaycanın öz daxilində apardığı antiterror əməliyyatlarına qarışmağa cəhd etsə, müharibə Qarabağın hüdudlarından kənara çıxacaq. Amma bu o qədər ehtimal edilən hal kimi görünmür. Sadəcə olaraq Azərbaycan təmkinli formada öz əraziləri üzərində suverenliyini təmin etmək üçün qiyama qalxmış şəxslərə qarşı antiterror əməliyyatları tətbiq etmək məcburiyyətində qalıb. Çünki onlar danışıqlara gəlmir. Hətta Azərbaycanın göndərmiş olduğu hümanitar yardımı belə qəbul etmir. Belə olan halda onlarla gücün dili ilə daha anlaşıqlı danışıqlar aparıla bilər.
Tarix: 5-09-2023, 16:40
Xəbəri paylaş





Xəbər lenti