Qondarma seçki günü ermənilər mitinqə çağırılıb, toqquşmalar gözlənilir; təlxək yığınına yeni rəhbər kim gətiriləcək?Xankəndidəki qondarma “vəzifəsindən” istefa verən Araik Arutyunyan “parlamentin deputatlarına” yeni “prezident” seçərkən “vicdanlarını rəhbər tutmağa və müxtəlif kiçik qrupların təsirinə boyun əyməməyə çağırıb”. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Arutyunyan öz Facebook səhifəsində yazıb.O, 44 günlük müharibədən dərhal sonra partiya fəaliyyətini dayandırdığını və “azad vətən” fraksiyası ilə heç bir əlaqəsinin olmadığını xatırladıb. O yazıb ki, məhz buna görə “seçkidə” “azad vətən”in mövqeyinə müdaxilə etməyəcək, “fraksiyalar” özləri qərar verəcək. “Nə mənim, nə də hər hansı üçüncü tərəfin bu prosesə müdaxilə etmək hüququ yoxdur. Mən bütün siyasi və ictimai xadimləri təmkinli olmağa, qanunvericiliyi və yüksək demokratik siyasi mədəniyyəti rəhbər tutmağa çağırıram. Hər hansı bir şəxs və ya qrup iğtişaşlar törətməyə cəhd edərsə, bu, "artsax"ın konstitusiya quruluşuna və gələcəyinə ciddi zərbə olacaq", - deyə Arutyunyan yazıb.
Araik onun istefasından sonrakı prosesə də toxunub və yada salıb ki, “yeni prezident” seçilənə qədər səlahiyyətlərini qondarma parlamentin “sədri” həyata keçirir. O, istefaya getməzdən əvvəl geniş səlahiyyətlərə malik yeni “dövlət naziri” təyin etdiyini “sabitliyin qorunması” istəyi ilə izah edib. Yada salaq ki, söhbət Qurgen Nersisyanın yerinə gələn “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyandan gedir. “Samvel Şahramanyanı seçərkən onun dürüstlüyünü, çevikliyini, müxtəlif məsul vəzifələrdəki təcrübəsini və toplanmış biliyini nəzərə aldım ki, bu da həm milli təhlükəsizlik, həm də dövlət idarəçiliyi ilə birbaşa əlaqəlidir” deyə, Araik izahat verib.
Hələlik Araikin yerinə kimlərin “namizəd” olacağı haqda dəqiq bilgi yoxdur. Bildirilir ki, Samvel Babayanın başçılıq etdiyi “vahid vətən” “namizəd” irəli sürməyəcək və səsvermədə iştirak etməyəcək, “Seçki günü sentyabrın 8-nə təyin edilib, fraksiyamız iclasda tam tərkibdə iştirak edəcək, lakin səs verməyəcək. Qalan səs verən öz xalqının taleyi ilə oynamağa görə məsuliyyət daşıyacaq, bu çox ciddi məsuliyyətdir, min dəfə düşünmək, bir dəfə qərar vermək lazımdır”, - Babayan Azatutyun TV-nin efirində bildirib.Qondarma “dqr konstitusiyası”na görə “yeni prezident” deputat fraksiyalarının irəli sürdüyü namizədlər arasından “seçiləcək”. Seçkilər 7-10 gün ərzində təşkil olunmalıdır və iki mərhələdə keçirilə bilər. “Parlamentin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri” Anahit Hayriyan bildirib ki, 8 sentyabr son tarixdir. İrəvandakı 2 sentyabr mitinqində jurnalistlərə açıqlama verən sabiq prezidentlər - Serj Sərkisyan və Robert Köçəryan isə Araikin istefasına münasibət bildiriblər. Sərkisyan Araik Arutyunyanın qondarma vəzifəsini tutacağı gözlənilən yeni “dövlət naziri” Samvel Şahramanyanı da tərifləyib, ona ümid etdiklərini deyib. “Onu şəxsən tanıyıram. Gənc olduğu üçün yaxın münasibətim olmayıb, amma düşünürəm ki, təvazökar, gənc və balanslı liderdir”, - deyə Sərkisyan bildirib.
Köçəryan isə “Araik Arutyunyanın istefasına sevindim”, - deyə reaksiya verib. Araikin narahat müraciətindən, Samvel Babayanın “seçki günü” mitinq keçirmək istəyindən belə anlaşılır ki, Xankəndidəki qondarma seçkidə qan tökülə bilər. Mitinq saat 16:00-a təyin edilib. “Qarabağ klanı” əvvəlki gücündə olmasa da, Sərkisyanın Şahramyanı tərifləməsi onu göstərir ki, bu “namizəd” üzərində razılıq saxlanıla bilər. Amma bu məsələdə həlledici amil erməni oliqarx Ruben Vardanyan olacaq. O, özü də hakimiyyət iddiasındadır və Araikin istefasında onun mövqeyi də ciddi rol oynayıb. Bəs “seçki” günü nələr olacaq, “hakimiyyətə” kim gələcək, Babayanın çağırışı qan tökülməsinə gətirib çıxaracaqmı?
Hərbi analitik Telman Qasımov “Yeni Müsavat”a vəziyyətin gərgin olduğunu açıqladı. Onun sözlərinə görə, Xankəndidə bütün qüvvələr birləşib: “Ruben Vardanyan, David İşxanyan və digərləri fəallaşıblar. Eyni vaxtda Samvel Babayan mitinq təyin edib. İşxanyan özü Daşnaksütyun Partiyasının üzvüdür, yəni Rusiyaya bağlı bir təşkilat olduğunu bilirik. Digərləri də Moskvaya bağlı adamlardır. Görünür, Rusiyanın hazırlıqları var. Ehtimal odur ki, Rusiyanın təkidi ilə Araik Arutyunyan Samvel Şahnamaryanı "vəzifəyə" gətirib. O da Bako Saakyanın kadrıdır, təcrübəsi olan adamdır. Bu mənada onun “seçilməsi” gözləniləndir".
Həmsöhbətimiz bildirdi ki, Xankəndidə kimin “rəhbər” olması fərq etmir, qeyd-şərtsiz Bakı ilə danışmalıdırlar: “Bizi maraqlandırmır ki, orada kim "seçilir", çünki onları müstəqil dövlət kimi tanımırıq. Sadəcə, Rusiyanın planları əsasında hərəkət edirlər. Məsələ burasındadır ki, sərhəddə vəziyyət gərgindir. Ermənistan genişmiqyaslı hücuma keçə, hərbi eskalasiyaya başlaya bilər. Yəni müharibə bitməyib, var böyük savaş, var lokal... Hazırda müharibənin getdiyini görməkdəyik, ermənilər sərhədə texnika cəmləyir, böyük təxribatlara hazırlaşırlar. Ona görə bugünlərdə sərhəddə genişmiqyaslı toqquşmalar baş versə, Xankəndidə sentyabrın 8-nə nəzərdə tutulan “seçki” təxirə salına bilər".
Xəzər Teyyublu Hüquq müdafiəçisi Xəzər Teyyublu sentyabrın 5-də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın keçirdiyi brifinqdə Ağdam-Xankəndi yolunun açılmasını dəstəkləməsini proseslərin final mərhələsinə qədəm qoymaq kimi dəyərləndirir. Onun sözlərinə görə, yaxın vaxtlarda yoldan humanitar yüklərin daşınması gerçəkləşə bilər və sülhməramlılar da tikanlı məftilləri götürməlidirlər. X.Teyyublu hesab edir ki, rəsmi Moskvanın mövqeyini ifadə edən Zaxarovanın fikirlərindən sonra bunun praktiki nəticələrini Ağdam-Xankəndi yolunda görməliyik: “Yəni onu demək istəyirəm ki, Azərbaycan üçün Xankəndi qapısı açılmaqdadır. Biz ora humanitar yüklə daxil oluruq, sonrakı mərhələlərdə digər ehtiyacları çatdırmağa başlayacağıq. Bu isə erməniəsilli sakinlərlə təmasları intensivləşdirəcək. Nəticədə planlı şəkildə davam edən bu proses bizim Xankəndidə suverenliyi təmin etməyimizə gətirib çıxaracaq. Ona görə də Qarabağın yuxarı bölgəsində keçiriləcək oyuncaq seçkilərin nəticələri əhəmiyyətli deyil. Araikin təyin etdiyi Samvel martın 1-də danışıqlarda iştirak etmiş şəxsdir. Onun təyinatı ilə demək istədilər ki, dialoq mühiti üçün münbit şərait yaransın”.
Hüquq müdafiəçisi heç bir dövlətin “artsax” adlı ölkə tanımadığını qeyd edərək, ABŞ, Rusiya, Avropa Birliyinin yalnız oradakı erməni əhalisi ilə bağlı çağırışlar etdiklərini düşünür: “Heç bir bəyanatda qondarma rejimin rəhbərliyindən bəhs edilmir. Son olaraq Dövlət Departamentindən Vedant Petal humanitar şəraitlə bağlı Azərbaycana çağırış edib. Yəni oradakı separatizm qəbul edilmir. Separatçıların oturduğu bina isə uzaq olmayan gələcəkdə ya Xankəndi icra hakimiyyəti, ya da "ASAN xidmət" kimi fəaliyyət göstərəcək. Odur ki, sentyabrın 8-də separatçılar yığışıb qondarma "rəhbər" seçəcək və yeni dövrə hazırlaşdıqlarını guya bəyan edəcəklər. Əslində isə Araik anlayırdı ki, sonun başlanğıcıdır. O baxımdan, kənara çəkildi".
Emil SALAMOĞLU
Tarix: 8-09-2023, 08:43