Müharibə baş verə bilər - AÇIQLAMA
“Ermənistanın davranışları bunu göstərir ki, müharibə baş verə bilər”. Bu sözləri
Pravda.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü
Nəsib Məhəməliyev deyib.
Deputat bildirib ki, artıq sərhədə kifayət qədər texnika toplanır, Ermənistanda yenidən səfərbərlik həyata keçirilir, yeni silah-sursat alınır: “Ermənistan siyasətçilərinin, şəxsən Nikol Paşinyanın və bir çox siyasilərin davranışlarına, parlament üzvlərinin bəyanatlarına fikir verdikdə görürük ki, Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı görünmür. Hadisələri daha da gərginləşdirir, Laçın yolu ilə bağlı heç bir əsas olmadan “humanitar böhran” adı altında siyasi bəyanatlar səsləndirir, informasiya məkanında təxribatlarla məşğuldur. Dünyanın nüfuzlu kütləvi informasiya vasitələrində Azərbaycan əleyhinə çox ciddi təbliğat aparır, Azərbaycanı aqressiv bir dövlət kimi təqdim etməyə, başda Fransa olmaqla xarici havadarlarının dəstəyi ilə regionda sülhün əldə olunmasına tam maneə olmağa çalışır. Danışıqlar prosesinin də iflic olmasını nəzərə alaraq deyə bilərik ki, Ermənistan ciddi şəkildə müharibəyə hazırlaşır. Təbii ki, Ermənistan çox gözəl başa düşür, onun nə ordusu, nə də digər strukturları Azərbaycan Silahlı Qüvvələri ilə üz-üzə gələ, Azərbaycan Ordusunun qarşısında dayanış göstərə bilməz. Ancaq təhlükə bundan ibarətdir ki, digər dövlətlərin dəstəyi ilə bölgədə ciddi təxribatlar baş verə, lokal döyüşlər hətta daha geniş müharibəyə çevrilə bilər. Ermənistanın davranışları buna gedir”
Tarix: 8-09-2023, 21:56