ABŞ rəsmisi "Laçın dəhlizi və digər yolları eyni vaxtda açmağa" çağırıb

ABŞ rəsmisi "Laçın dəhlizi və digər yolları eyni vaxtda açmağa" çağırıb
ABŞ Dövlət Departamentinin rəsmisi Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon görüşməsində “Laçın dəhlizi və digər yolların eyni vaxtda” açılmasına çağırıb.

Qarabağda yaşayan ermənilər bir neçə aydır ki, "Laçın yolunun bağlı olmasına görə" ərzaq çatışmazlığı ilə üzləşdiklərini bildirirlər.

Laçın dəhlizinin bağlı olmadığını deyən rəsmi Bakı Ermənistanın göndərdiyi humanitar yardımın ölkəsinə girişinə icazə verməyib, əvəzində humanitar məqsədlər üçün Ağdam-Xankəndi yolunu təklif edib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir neçə gündür ki, Xankəndiyə göndərdiyi 40 tonluq un məhsulu isə Ağdam-Xankəndi yolunda, rus sülhməramlılarının postu qarşısında giriş icazəsi gözləyir.
Rəsmi Bakı Ağdam-Xankəndi yolu açıldıqdan sonra 24 saat ərzində Laçın sərhəd-buraxılış məntəqəsinin də açılacağını bəyan edib.

Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim X (Twitter) sosial media hesabında yazıb.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə cümə axşamı günü telefonla danışdıqdan sonra ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim X (Twitter) sosial media hesabında yazıb ki, “Dağlıq Qarabağ”a gedən yolların “açılması və birbaşa danışıqlar bu məsələlərin həlli üçün açar”dır.

Yuri Kim Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovla müzakirəsini “konstruktiv” adlandırıb.

O bildirib ki, ABŞ Qarabağdakı humanitar vəziyyətlə bağlı Azərbaycan və Ermənistanı birlikdə işləməyə və zəruri ehtiyac məhsullarını göndərmək üçün “Laçın dəhlizi və digər yolları eyni vaxtda açmağa çağırıb”.

Yuri Kim-lə telefon müzakirəsində nazir Ceyhun Bayramov Qarabağda ermənilər yaşayan bölgədə “çətin humanitar vəziyyət” və “blokada” olması iddiasını rədd edib, Azərbaycan XİN yaydığı məlumatda bildirib.

Bu “bəhanə ilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası səylərinə müdaxilələrin qəbuledilməz olduğu diqqətə çatdırılıb”, - Azərbaycan XİN vurğulayıb.

Rəsmi Yerevan hesab edir ki, “Stepanakert və Bakı arasında hüquq və təhlükəsizlik təminatlarının müzakirəsi üçün effektiv beynəlxalq mexanizmin yaradılması zəruridir”, - Ermənistan XİN nazir Ararat Mirzoyanla Yuri Kim arasındakı söhbətlə bağlı yaydığı məlumatda bildirib.

Azərbaycan və Ermənistan bir-birini "hərbi-siyasi vəziyyəti gərginləşdirməkdə" ittiham edir
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın rəsmi Bakını hərbi-siyasi vəziyyəti gərginləşdirməkdə ittiham etməsini “saxta siyasi manipulyasiya” adlandırıb.

Nikol Paşinyan cümə axşamı keçirdiyi “hökumət iclası”nda Azərbaycanı Laçın dəhlizini blokadada saxlamağa davam etməkdə günahlandırıb və bildirib ki, bunun nəticəsində Qarabağda “humanitar böhran kuliminasiya nöqtəsinə” çatıb.

Sentyabrın 7-də Nikol Paşinyan keçirdyi iclasda ötən həftə ərzində Cənubi Qafqazda hərbi-siyasi vəziyyətin “əhəmiyyətli dərəcədə gərginləşdiyini” bildirib.

“Buna əsas səbəb Azərbaycanın Dağlıq-Qarabağda cəbhə xəttində və Ermənistan-Azərbaycan sərhədi boyu hərbi fəallığı artırmasıdır. Aydındır ki, bu addımlar Azərbaycanın Dağlıq-Qarabağ və Ermənistan əleyhinə yeni hərbi təxribat törətmə niyyətini göstərir. Saxta və həqiqətə uyğun olmayan açıqlamalar bu təxribata bəraət qazandırma məqsədi daşıyır”, - Paşinyan qeyd edib.

Azərbaycan isə bölgədə təhlükəsizliyə “əsl hədənin” Ermənistan tərəfindən gəldiyini bildirib.

“Ermənistan tərəfindən hərbi-siyasi təxribatların davam etməsi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı Baş nazir daxil olmaqla, Ermənistan tərəfinin davam edən iddiaları, öhdəliklərə zidd olaraq, Azərbaycan ərazilərindən hələ də çıxarılmayan erməni silahlı qüvvələri olduğu hər kəsə məlumdur”, - Azərbaycan XİN-in cümə axşamı yaydığı bəyanatında əks olunub.

Son bir neçə həftədir Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin tez-tez pozulması halları müşahidə edilir və tərəflər mövcud vəziyyətə görə bir-birini ittiham edirlər.

Ermənistan lideri Cənubi Qafqazda yeni müharibənin qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin və BMT Təhlükəsizlik Şurasının üzvlərinin ciddi tədbirlər görməli olduğunu diqqətə çatdırıb.

“Bakı və Stepanakert (Xnakəndi-red.) arasında Dağlıq-Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini özündə ehtiva edən beynəlxalq mexanizm çərçivəsində dialoqun qurulması və Laçın dəhlizinin blokadadan çıxarılması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının yerinə yetirilməsi olduqca vacibdir. Bütün bu sadaladıqlarımın əsasında Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmağa və sülh müqaviləsi imzalamağa hazırdır və biz sülh gündəliyinə sadiq olduğumuzu bir daha bəyan edirik”, - Paşinyan deyib.

Azərbaycan tərəfi isə hesab edir ki, bölgədə sülh və təhlükəsizliyin bərqərar olması üçün Ermənistan tərəfi Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, hərbi və siyasi təxribatlara son qoymalı, sülh müqaviləsi danışıqlar prosesinin uğurla nəticələnməsi istiqamətində törədilən maneələri dayandırmalıdır, Azərbaycan XİN-in bəyanatında deyilir.

Avropa İttifaqı: “Ağdam yolundan da istifadə konkret və davamlı həllin bir hissəsi ola bilər”
Avropa İttifaqı Laçın dəhlizinin “blokadadan çıxarılmasının vacibliyinə və tədarükün, gündəlik təlabatların təmin edilməsi üçün Ağdam yolundan da istifadənin konkret və davamlı həllin bir hissəsi ola biləcəyinə qətiyyətlə inanır”. Bunu cümə günü verdiyi bəyanatında Avropa İttifaqı (Aİ) bildirib.

Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel Ermənistan-Azərbaycan arasında normallaşma prosesinin irəliləməsi yönündə intensiv addımlar atmağa davam edib, qurum bəyan edib.

“Yerlərdəki mövcud humanitar vəziyyət sürətlə pisləşir; yerli əhalinin ehtiyaclarını ödəmək üçün addımlar atılması mütləqdir”, Aİ hesab edib.

Qurum bəyanatında Bakı və Qarabağ erməniləri arasında dialoqun “mühüm əhəmiyyət kəsb etdiyini” vurğulayıb.

“Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi təmin edilməli, konkret üsullarla bağlı müzakirələr mümkün qədər tez başlamalıdır. Bakı ilə Qarabağ erməniləri arasında dialoq etimad və inamı gücləndirməlidir”, Aİ bildirib.

“Qeyd olunan səylər Bakı ilə Yeravan arasında münasibətlərin bütün yerli əhalinin rifahı naminə normallaşması naminə vacibdir. İndi həm də bugünki eskalasiya fonunda cəsarətli kompromis həllinin vaxtıdır”, - qurum vurğulayıb.

Avropa İttifaqı bu prosesə beynəlxalq dəstək, eləcə də əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün yerlərdə iştirakla bağlı müxtəlif təkliflər verdiyini qeyd edib.

ABŞ humanitar yardımın Qarabağ əhalisinə çatması üçün "son həftələrdə tərəflərlə davamlı işləyib"
ABŞ humanitar yardımın "Dağlıq Qarabağ əhalisinə çatması üçün" son bir neçə həftə ərzində tərəflərlə "davamlı işləyib", - ABŞ Dövlət Departamentinin cümə axşamı günü yaydığı bəyanatda deyilir.

ABŞ Dövlət Departamenti “Dağlıq Qarabağ blokadaya alındığı üçün" zəruri ərzaq, dərman və digər malların çatışmazlığına görə "humanitar şəraitin pisləşməsindən dərin narahat"lıq ifadə edib.

"Biz Laçın dəhlizinin təcili olaraq humanitar, kommersiya və sərnişin daşınması üçün yenidən açılmasına çağırışımızı təkrar edirik", - bəyanatda vurğulanır.

Qurum bəyan edib ki, Bakı və Xankəndindən olan rəsmilər və nümayəndələr "təxirə salınmadan bir araya gələrək Dağlıq Qarabağın əhalisinə əlavə təchizat marşrutlarından istifadə etməklə zəruri ərzaqların daşınması barədə razılığa gəlməli və bütün həllolunmamış məsələlərin müzakirəsini davam etdirməlidirlər".

"Zəruri humanitar yardım heç vaxt siyasi fikir ayrılıqlarının girovuna çevrilməməlidir", - bəyanatda vurğulanıb.
bbc
Tarix: 9-09-2023, 11:00
Xəbəri paylaş





Xəbər lenti