Hədəf Xankəndidir: Ordu hazır durumda, təslim olmasalar... - Kritik gəlişmə
Azərbaycan Ermənistanın təxribatları fonunda özünün konkret hədəflərinə çatacaq. İndiki durumda Azərbaycan üçün əsas hədəf Xankəndidir. Azərbaycanın ərazi bütövlüyü təmin edilib. İndi isə onun suverenliyinin son hədəfləri reallaşmalıdır. Xankəndi və onun ətrafındakı tarixi torpaqlarımızda bayrağımız dalğalanmalıdır. Qarabağ bütövlükdə Azərbaycanın idarəçilik sisteminə daxil olmalıdır. Eyni zamanda burada separatizmə son qoyulmalı, xunta yuvası darmadağın edilməlidir.
Hurriyyet.Az bildirir ki, bunu Teleqraf.com-a Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
O qeyd edib ki, Qarabağda Azərbaycana qarşı əlində silah tutan bilən hər kəs silahı yerə qoyub, təslim olmalıdır: “Bunun əksini edənlər isə məhv edilməlidir. Separatizmin bütün şəbəkəsi darmadağın olunmalıdır. Hədəf budur. Bu istiqamətdə artıq proseslər sona çatmaqdadır. Dairə daralır. Çünki Ermənistanda Nikol Paşinyan və onun komandası Azərbaycana qarşı təxribatlarını və təhdidlərini davam etdirir”. Partiya sədri hesab edir ki, Ermənistan Azərbaycana qarşı ən müxtəlif platformalarda başqa çıxış yolu qoymur: “Eyni zamanda separatçılar da ən müxtəlif şəkildə fəallaşıblar. Hazırda orada qondarma rejimin rəhbərliyinə gəlmək üçün ciddi daxili gərginlik yaşanır. Ona görə də, Azərbaycan oradan yeni bir qondarma rejim “prezidentinin” seçilməsi faktını qəbul etməli deyil. Buna imkan verilə bilməz”. Fəzail Ağamalıya görə, məhz bu səbəbdən də Azərbaycanın müvafiq qurumları öz peşakarlığını ortaya qoyub separatizm yuvasını yerləbir etməldir: “Bu gözlənilir. Cəmiyyətimizin də gözlədiyi budur. Dövlətimizin buna kifayət qədər imkanları var. Çünki 3 ildir yumşaq güc, diplomatik fəaliyyət, çağırışlar, ölkə başçısı səviyyəsində belə onların əfv edilməsinə qədər deyilən sözlərin qarşılığı yoxdur. Əgər faşist düşüncəli insanlar Azərbaycanın qanunları qarşısında geri çəkilmək istəmirsə, son hədəf antiterror əməliyyatları olacaq”.