Avropa İttifaqı iki ayağını bir başmağa dirəyib ki, Laçın dəhlizi açılmalıdır.Hə, orasını da deyirlər ki, Ağdam-Xankəndi və digər yollar da istifadə oluna bilər. Ancaq əsas Laçın dəhlizidir. Bu dəhliz mütləq və mütləq açılmalıdır. Eyni şeyi Fransa da deyir, Ermənistan da, ABŞ da, Rusiya da. Belə bir fonda az qala bütün dünyanın dəstəyini alan Qarabağ erməniləri digər yolların açılmasına heç bir maraq göstərmirlər. Əksinə, var gücləri ilə buna müqavimət göstərirlər. Bu da təbiidir. Erməniyanlar erməniləri ruhlandırıb Azərbaycana qarşı müqavimətə təhrik edirlər. Separatizmə dəstək verirlər. Bunun başqa adı ola bilməz.
Laçın dəhlizinin açılması Azərbaycan üçün nə deməkdir?- Azərbaycan dövlətinin bir ovuc separatçı qarşısında biabırçı şəkildə məğlubiyyəti deməkdir.
- Azərbaycanın Ermənistana, dünya ermənilərinə və onların havadarlarına uduzması deməkdir.
- Azərbaycanın Qarabağda Ermənistana məxsus 10 minlik hərbi birləşmənin qalmasına, onların daha yüksək səviyyədə silahlanmasına, daha yaxşı təchiz olunmasına boyun əyməsi deməkdir.
- Azərbaycanın separatçı rejimlə beynəlxalq formatda danışıqlar ararmağa məcbur olması deməkdir. Bu həm də danışıqların on illər ərzində uzadılması, erməni separatizminin yenidən canlanması üçün fürsət tanınması deməkdir. Zatən biz bunu ATƏT-ın Minsk qrupunu uzun-uzadı danışıqları zamanı görmüşük. Aydındır ki, beynəlxalq formatda ermənilər ən azı Azərbaycanda muxtariyyət hüququ qazanacaqlar. Hələ bir az da dirəşsələr müstəqil dövlət də ola bilərlər. Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında dedi: “Biz Qarabağ, Kəlbəcər və Laçın rayonlarının Ermənistanın yurisdiksiyasında qalması ilə bağlı nizamlanma variantını təklif etdik”. Düşünün ki, ermənilər bu təklifi belə o vaxt rədd ediblər. Mahiyyətdə maksimalist olan ermənilərin iddiaları indi də böyükdür...
- 2025-ci ildə Rusiya “sülhməramlıları”nın Azərbaycanda daha 5 il qalması və ya onların Qərbə bağlı hərbi kontingentlə əvəz olunması. Bu, Azərbaycan üçün daha pis variantdır.
- Zəngəzur dəhlizinin açılmaması deməkdir.- Azərbaycanda yaşayan digər etnik qruplar arasında da separatizmə marağın artması deməkdir.- Azərbaycan ərazisində “boz zona” var, yəni Azərbaycanda Azərbaycanın nəzarətindən kənarda qalan ərazilər var. Yəni Azərbaycan Respublikasının sərhəd-nəzarət və sərhəd təhlükəsizliyi ilə əlaqədar olan müvafiq qanunları, həmçinin gömrük rejimi qaydaları həmin ərazidə keçərli deyil.
- Azərbaycanın ərazi bütövlüyünün yenidən şübhə altına alınması.- O taylı, bu taylı Azərbaycanın birləşməsinə ciddi maneə deməkdir.- Türk Dünyasının Turan sevdasına qovuşmasının qarşısına baryer qoymaq deməkdir...Rusiyanın mövqeyi bəllidir: Rəsmi Moskva Qarabağ probleminin konservləşməsində maraqlıdır. Ruslar bunu heç gizlətmir də. Çünki bu, ona həm Ermənistana, həm də Azərbaycana təzyiq rıçaqı verir. Üstəlik, Rusiya hərbçiləri Qarabağda qeyri-müəyyən müddətə qədər qalmaq imkanı qazanır.
Bəs Avropa İttifaqı və ABŞ nədən Azərbaycana bu qədər problemlər vəd edən Laçın dəhlizinin açılmasında təkid edir?Səbəb eynidir. Rusiyaya Qarabağ erməniləri ona görə lazımdır ki, Ermənistan və Azərbaycana təzyiq mexanizmi əldə etsin. Avropa İttifaqı və ABŞ da Qarabağ ermənilərindən eyni məqsədlə istifadə etmək arzusundadır. Yəni tərəflər problemin həllində yox, məsələnin uzanmasında maraqlıdır. Çünki məsələnin uzanması onlara hakim roluna çıxış etmək imkanı qazandırır.
Azərbaycan heç bir halda Laçın yolunun dəhliz statusunda açılmasına imkan verməməlidir. Laçın ancaq və ancaq Azərbaycanın tam nəzarətində olan bir yol kimi açıla bilər.
Ən maraqlısı odur ki, ABŞ, Avropa İttifaqı, Rusiya, Fransa, Ermənistan... Laçın yolunun məhz üçtərəfli anlaşma əsasında açılmalı olduğunu arqument kimi ortaya qoyur. 10 noyabr 2020-ci ildə əldə olunmuş üçtərəfli bəyanata əsasən, Azərbaycanın əsas hissəsini Ermənistandan keçərək Naxçıvanla birləşdirən yol maneəsiz (yəni dəhliz statusunda) fəaliyyət göstərməlidir.
Göstərirmi? Göstərmir. Ermənistan Zəngəzur dəhlizi ifadəsini belə eşitmək istəmir.İkinci və ən önəmli məqam, bəyanata əsasən, Rusiya sülhməramlıları Qarabağa daxil olan kimi, yəni dərhal erməni silahlı birləşmələri ərazini tərk etməli idi. Edibmi? Etməyib.Bu iki məsələ Azərbaycan üçün həyati əhəmiyyət kəsb edir. ABŞ, Avropa İttifaqı, Rusiya, Fransa, Ermənistan...isə bu məsələ haqqında heç danışmır da. Onlara üçtərəfli bəyanat yalnız Laçının dəhliz statusunda fəaliyyət göstərməlidir hissəsi maraqlıdır. Sanki üçtərəfli bəyanatın Azərbaycan üçün xüsusi önəm daşıyan digər maddələri heç mövcud da deyil.
Başqa önəmli məqamlar da var. Qazax rayonu 7 kəndi Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara, və Xeyrimli kəndləri hələ də Ermənistanın işğalı altındadır. Eləcə də Naxçıvanın Kərki kəndi düşmənin əlindədir. Üçtərəfli bəyanatın ilk variantında bu məsələ də qeyd olunmuşdu. Sonra Nikol Paşinyanın iqtidardan qovulma ehtimalını azaltmaq üçün Azərbaycanın razılığı ilə bəyanatdan bu hissə çıxarıldı. Təbii ki, Paşinyanın yalvar-yaxarından sonra. 44 günlük müharibədən xeyli vaxt keçib. Ermənistan hələ də adıçəkilən kəndləri qaytarmayıb. Xatırladım ki, Ermənistanı Gürcüstana birləşdirən qədim adı Dəryal olan Hərbi Gürcüstan yolu-Lars Qazax rayonunun işğal altında olan kəndlərindən keçir. Yəni Azərbaycan bu kəndləri geri almaqla strateji xarakterli Ermənistan-Gürcüstan yolunu da nəzarət altına götürmüş olur.
İşğalla bağlı daha bir önəmli məqam var. Nəsə, son vaxtlar bu məslə gündəmdən çıxıb. Yadınızdadırsa, Azərbaycan tərəfi Ermənistandan 50 milyard dollarlıq təzminat istəyirdi. Düşünürəm ki, Azərbaycan yenidən bu məsələni gündəmə gətirməlidir. Ermənistan işğalı altında olan Azərbaycan ərazilərində etnik təmizləmə siyasəti həyata keçirib, şəhər və kəndləri bütün infrastrukturları ilə birlikdə xaraba qoyub. Əbəs yerə Ağdamı Qafqazın Xorasiması adlnadırmırdılar. 126 min insanın yaşadığı Qarabağın ən böyük rayonunu erməni faşizmi yer üzündən silmişdi. Şükür ki, Ağdam digər işğaldan azad olunmuş ərazilər kimi indi yenidən tikilir.
Azərbaycan Ermənistandan 8 kəndi geri tələb etməlidir. Beynəlxalq səviyyədə təzminat davası açmalıdır. Qarabağdakı erməni terrorçularına tərk-silah olunmaq üçün konkret vaxt verilməlidir. Müddət başa çatdıqdan sonra isə Qarabağ ermənilərinin terrorçu hərbi birləşmələrinə, onların hərbi obyektlərinə dəqiq zərbələr endirmək lazımdır. Qarabağda heç bir halda əlisilahlı erməni qalmamalıdır. Terrorçuları zərərsizləşdirmək Azərbaycanın legitim haqqıdır.
Azərbaycanın geriyə çəkilməyə yeri yoxdur. Bunu dost da bilməlidir, düşmən də. Azərbaycan inadla öz hədəfinə doğru addımlamalıdır. Hər hansı bir tərəddüd düşmənə şans tanımaq deməkdir. 44 günlük müharibədən möhtəşəm Zəfərlə çıxan Azərbaycan diplomatiya müstəvisində də Zəfər yürüşünü davam etdirməlidir.../musavat.com/
Tarix: 13-09-2023, 16:56