Rəsmi Bakı: “Qarabağda 10 mindən çox erməni silahlısı var”


XİN Qarabağdakı rejimə görə Ermənistanı ittiham edir
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağda 10 mindən çox erməni silahlısının olduğunu bildirib.
Bu barədə sentyabrın 19-da nazirliyin Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üçün bölgədə son vəziyyətə dair keçirdiyi brifinqdə məlumat verilib.
Tədbirdə Prezidentin köməkçisi Hikmət Hacıyev, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov və Xarici işlər nazirinin muavini Fariz Rzayev iştirak ediblər.
Qeyd edilib ki, bölgədə yüzdən çox tank və digər zirehli texnika, yaylım atəşli raket sistemləri də daxil olmaqla iki yüzdən çox ağır artilleriya qurğusu, onlarla müxtəlif radio-elektron mübarizə sistemi və iki yüzdən çox minaatan sistem var.
Hökumət rəsmiləri bildiriblər ki, Azərbaycanın beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərə baxmayaraq, Ermənistan və onun Azərbaycanın suveren ərazilərində qurduğu qondarma rejim normallaşma prosesinə xələl gətirməyə və gərginliyin azaldılmasına yönəlmiş bütün təklifləri rədd etməyə davam edir:
Əksinə, Azərbaycan qarşı tərəfin israrla davam etdirdiyi təxribatçı addımlarla üzləşir. Qarabağ bölgəsində qondarma “prezident seçkiləri” bunun bariz nümunəsidir. Azərbaycanın bütün mesajlarına baxmayaraq, Ermənistan tərəfi öz yolundan dönmədi. Türkiyə, Pakistan, Ukrayna, Böyük Britaniya, Gürcüstan, Moldova, Rumıniya, Macarıstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Almaniya, ABŞ, İran, habelə Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatlar bəyanat verərək qondarma və qanunsuz “seçkiləri” pisləyib, onun legitimliyini tanımayıb”.
Brifinqdə həmçinin qeyd olunub ki, son bir neçə ayda Rusiya, ABŞ və Avropa İttifaqı vasitəsilə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni zamanda istifadə etməklə erməni sakinlərə yüklərin çatdırılmasına yönəlmiş səylər davam etdirilib:
Keçid üçün çağırışlar ABŞ Dövlət Departamentinin, Rusiya XİN-in, Avropa İttifaqı Şurasının Prezidentinin mətbuat katibinin verdiyi bəyanatlarda, habelə ATƏT-in Daimi Şurasının 12 sentyabr tarixli görüşü zamanı çıxışlarda səsləndirilib. Həyata keçirilməsi üçün bir təkan olacağı ilə bağlı bütün cəlb olunmuş tərəflərin ortaq gözləntisi olsa da, bu ümidlər bir daha boşa çıxdı”.
Tədbirdə bildirilib ki, Ermənistanın sözügedən yolların açılmasına davamlı etirazı yalnız siyasi xarakter daşıyır və hər hansı “humanitar böhran” məsələsilə heç bir əlaqəsi yoxdur:
Ermənistanın məqsədi Azərbaycan ərazisində separatizmi qızışdırmaq üçün alət və vasitələri qoruyub saxlamaqdır. Sıravi sakinlər isə bu siyasi avantüranın girovu kimi saxlanılır. Bu xüsusda, ABŞ Senatında bu yaxınlarda keçirilən ictimai dinləmə erməni lobbisini razı salmaq üçün təşkil edilmiş şoudan savayı bir şey deyildi. Təəssüf ki, Dövlət Departamentinin nümayəndəsi də erməni lobbiçilərinin təşviq etdiyi birtərəfli anti-Azərbaycan bəyanatlarına qoşulub”.
Sentyabrın 17-də Ermənistanın Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel keçidlə malların qəbuluna razılıq verməsinə dair BQXK-dan ilkin məlumat aldıq.  Bu gün BQXK-nın keçidlə bağlı şifahi notasını aldıqdan sonra saat 7-də biz BQXK-nın iki avtomobilinin birini Ağdam-Xankəndi, digərini isə Laçın-Xankəndi yolu ilə eyni vaxtda keçidini təşkil edə bildik ki, bu da Azərbaycana qarşı “blokada” ittihamlarının heç bir əsası olmadığını nümayiş etdirdi. Eyni zamanda, yüklərin çatdırılması məsələsi Ermənistanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü hədəf alan hərbi və siyasi təxribatlarının artması hallarından təcrid olunmayıb”, – deyə brifinqdə vurğulanıb.
Azərbaycan rəsmiləri sonda qeyd ediblər ki, Bakı Yerevandan silahlı qüvvələrinin şəxsi heyətinin dərhal çıxarılmasını tələb edir:
“Bu halda, qondarma rejimin “nümayəndə”lərinə amnistiya tətbiq edilə bilər”.
Münaqişənin qısa xronikası
Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.
Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.
2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.
Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.
Meydan.TV
Tarix: 18-09-2023, 23:17
Xəbəri paylaş





Xəbər lenti