Antiterror tədbirlərində 192 hərbçi, 1 mülki şəxs şəhid olub, 511 hərbçi yaralanıb
Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı 192 hərbçi və 1 mülki şəxs şəhid olub, 511 hərbçi yaralanıb.Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, uğurlu lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olunub.
Lokal antiterror tədbirləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin 192 hərbi qulluqçusu şəhid olub.
Şəhid olan hərbçilərdən 180 nəfər Müdafiə Nazirliyinin, 12 nəfər isə Daxili İşlər Nazirliyinin hərbi qulluqçularıdır. Şəhid olanlardan 1 nəfər də mülki şəxsdir.
11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.
Eyni zamanda, lokal antiterror tədbirləri nəticəsində 511 hərbi qulluqçumuz və 1 mülki şəxs yaralanıb.
"Yaralıların ən qısa zamanda müalicəsi üçün yüksək səviyyəli peşəkar həkim briqadaları fəaliyyət göstərir və bütün zəruri tibbi tədbirlər görülür. Yaralı hərbçilərimizin tezliklə öz sağlamlıqlarına qovuşmasını arzu edirik.
Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş bütün hərbi qulluqçularımızın əziz xatirəsini yad edir, ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Allah bütün şəhidlərimizə rəhmət eləsin", - nazirlikdən qeyd olunub.
Tarix: 27-09-2023, 11:45