“Sülhməramlılara ehtiyac qalmayıb” – ermənipərəst Zatulin özündən çıxdı
Azərbaycanın Qarabağda erməni separatizmini məhv etməsi və qondarma rejimin “rəhbərlərinin” qolu qandallı Bakıya gətirilməsi Rusiyada ermənipərəst qüvvələri qıcıqlandırıb.
Dövlət Dumasının MDB işləri üzrə komitəsi rəhbərinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulin Azərbaycanı “həddini aşmaqda” ittiham edib.
Əslində bu, ittihamdan daha çox, Zatulinin timsalında ermənipərəst qüvvələrin Bakının qələbəsi qarşısında çarəzis vəziyyətdə qalmaları deməkdir.
Zatulin də açıqlamasında bunu gizlətmir. Onun fikrincə, artıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinə heç bir ehtiyac qalmır: “Onların müdafiəsinə heç kimin ehtiyacı yoxdur.
“Saakyan və Qukasyan faktiki olaraq, sülhməramlıların gözü qarşısında həbs edildi. Bu, çox ciddi məsələdir. Rusyanın bəzi rəsmiləri isə ermənilərin Qarabağdan getməsində heç kimin günahı olmadığını dilə gətirəcək qədər irəli gediblər. Onların fikrincə, bu, könüllü addımdır. Ermənilərin Qarabağdan getməsi o deməkdir ki, sülhməramlılara inam yoxdur. Aydındır ki, sülhməramlıların Qarabağda fəaliyyətinin başa çatmasına sayılı günlər qalıb. Axı orada kimi müdafiə edəcəklər?”, - o deyib.
Zatulin həm də ondan qorxur ki, erməni separatizminin məhv edilməsi digər ölkələr üçün də siqnaldır: “Gürcüstanda Azərbaycandan nümunə götürərək, Abxaziya və Cənubi Osetiya planları qurmağa başlayıblar”.
Ermənipərəst Zatulin qəzəblidir, çünki onun dəstəklədiyi separatizm məhv edildi və Azərbaycan qələbəsini tamamladı. //Publika.az//