- Qabil bəy, Türkiyə Prezidenti Racəb Tayyib Ərdoğan Ermənistana bir daha Zəngəzur dəhlizi şərtini xatırlatdı. Türkiyənin münasibətləri bərpa etmək üçün ilkin şərti kimi bu prinsipdən çıxış etməsi prosesə necə təsir edəcək?
- Sülhyaratma prosesində Türkiyə elə də ciddi bir problem görmür. Qarabağ ətrafında və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı da ciddi əngəl yoxdur. Sülh müqaviləsinin imzlanması, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması indi əsas amil kimi önə çıxır. Burada ən mühüm məsələ isə Zəngəzur dəhlizinin açılmasıdır. Amma buna əngəl yaradan dövlətlər çoxdur. Bunu da daha çox böyük dövlətlər edir. İran və Rusiyanın bu məsələ ilə bağlı ziddiyyətli yanaşmaları var. Rusiya bu dəhlizin açılması fonunda nəzarəti öz üzərinə götürmək istəyir. Bunu isə Ermənistan öz suverenliyinə zidd addım kimi dəyərləndirir. Amma bunlar zamanla həlli tapacaq məsələdir.
- İranın dəhlizlə bağlı şərtləri nədən ibarətdir?
- Tehran rejimi dəmir yolu və şosse yolunun Zəngilandan Ağbənddən Arazı keçərək onun ərazisi ilə çəkilməsini istəyir. Amma Ermənistan ərazisindən dəhlizin açılması məsələsində isə İran dözümsüz yanaşma sərgiləyir. Onlar iddia edirlər ki, bu min illik gedilən yolların bağlanması deməkdir. Ona görə də, hər bir dövlət əsaslandırılmamış subyektiv fikirləri ilə proseslərə mane olmağa çalışır.
- Belə olan halda dəhlizin tarixi Zəngəzurdan və yaxud İran ərazisindən açılması məsələsi gündəmə gəlir...
- Reallıq onu göstərir ki, dəhliz elə özünün köhnə yerindən yəni, Zəngəzur ərazisindən çəkiləcək. Çünki bu məsələdə də Ermənistanın ciddi strateji maraqları var.
- Tiflis platformasında Azərbaycanla Ermənistan arasında sülh müstəvisində müzakirələrin aparılması təklif edilir. Yeni müstəvidə aparılacaq danışıqların effektivliyi ilə bağlı proqnozlar necədir?
- Əslində Gürcüstanda danışıqların aparılması, burada görüşlərin keçirilməsi effektlidir. Bu ciddi bir platforma olacaq. Ermənistanla sülh müqaviləsinin imzalanması, gələcəkdə “Qafqaz Evi” ideyasının reallaşmasına zəmin yaradacaq. Azərbaycan Prezidentinin irəli sürdüyü üçtərəfli platforma Cənubi Qafqaz ölkələrinin qarşılıqlı təmasları və inteqrasiyası üçün təsirli vasitədir.
- Avropa İttifaqı və digər platformaların və vasitəçilərin Tbilisi formatına münasibəti nədən ibarətdir?
- İndiyə kimi Brüssel formatı daha əlverişli idi. İndi isə bölgə ölkəsi olan Gürcüstanın vasitəçilik səyləri ümumi işin xeyrinə olacaq. Gürcüstanın vasitəçilik təklifləri heç də ilk dəfə deyil. Bu ölkə və Azərbaycan dəfələrlə bu vasitəçilik məsələsini gündəmə gətirib. Ona görə də, bu platformanın Avropa İttifaqı tərəfindən müdafiə edilməsi də gözlənilir. Reallıqda isə Avropa İttifaqının irəli sürdüyü təşəbbüslər hələ ki, aktual olaraq qalır.