Ehtiyat hər kəsin yaraşığıdır...- Bahəddin Həzi yazır...

Laçında sakin gileyinə daha bir BAXIŞ
Bir xanım videoyayım açıb Laçından danışırdı. Axıra qədər baxdım...
Xanım, dediyinə görə, sahibkardı; Laçında nəsə iş görmək istəyib. Obyekt açmaq istəyib, yenə dediyinə görə, icazə verməyiblər. Başqa çox məsələlərdən də geniş danışdı. Onların hamısını sadalamaq istəmirəm.

Söylədiyi tənqidi fikirlərin məzmununa toxunmayacam. Əgər onun dediyi kimi qüsurlar, doğrudan da, varsa, bunlar düzəldilə bilər. Yəqin ki, düzəldiləcək. Sadəcə, xanımın bir cümləsi məni daha çox narahat elədi.

Deyir: "Başqa bölgələrdən adamlar gəlib Laçında işləyirlər, ancaq Laçınlılara iş vermirlər".

Bəli, doğrudur, başqa bölgələrdən mütəxəssislər, ümumiyyətlə, işçilər gedib Laçında işləyirlər. Elə mənim kiçik Vətənim olan Füzulidə də belədir. Eləcə də, Ağdamda, Şuşada, Kəlbəcərdə və sair.

Ancaq bir şeyi unutmayaq: işğaldan azad olunmuş bütün ərazilər yeni biçimdə və çağdaş standartlara uyğun olaraq yenidən qurulur. Əksər hallarda sıfırdan inşa olunur. Bunun üçün də yüksək hazırlıqlı mütəxəssislər, hətta ixtisaslı fəhlələr də hər yerdən oraya aparılır. Onların arasında Qarabağın və Şərqi Zəngəzurun yerli sakinləri də, başqaları da var.

Məsələn, Füzulidə hava limanı tikilib. Çox qısa müddətdə. Zəngilanda da hava limanı inşa olundu. Laçında da olunur. Burda işləri yüksək səviyyədə, keyfiyyətlə görmək tələb olunurdu.

İndi oturub gözləyək ki, nə vaxtsa filan mütəxəssis yerli camaat arasından çıxacaq?! Bu, nonsensdir axı. Hava limanı üçün lazım olan mütəxəssis harda varsa, ordan gələcək. Lap elə xaricdən də. Eləcə də, yol tikintisi və başqa işlərin görülməsi.

Azərbaycanda aqronom çoxdur. Ancaq elə Bakıətrafı kəndlərdə salınan istixanalarda, başqa yerlərdəki aqrar sahələrdə İsraildən, Türkiyədən nə qədər aqronom var. Çünki yeni bilik və texnologiyaları mənimsəmiş və tətbiq edə bilən aqronomumuz yetərli qədər deyil.

Bir də ki bizim həkimlər gedib Almaniyada işləyəndə olur, Türkiyədə çalışanda olur, ordan bizə gələn mütəxəssisi qapıdan qaytaraq? Bu, doğru yanaşma deyil axı.

Bəli, yerli camaata iş yerləri açılmalıdır, açılır da. Hə, yetərli deyilsə, o başqa. Ancaq bu məsələ üzərindən bölgə ayrımçılığı aparmaq yanlış, zərərli, hətta təhlükəlidir. Xüsusilə də, bu, işğaldan azad olunmuş bölgələrə dair olanda ikiqat yanlış, zərərli və təhlükəli olur. Detallara varmayacam. Nə demək istədiyimi anladınız.

Xatırlayırsınızsa, bir zaman rayonlardan gələn avtomobillərin Bakıya girişi məhdudlaşdırılmışdı. Biz bu qərarı da çox tənqid etmişdik. Eləcə də, paytaxtla əyalət arasında fərqləri bölücü anlamda qabardanlara da öz tənqidi fikirlərimizi yazmışdıq. Bizi birləşdirən dəyərlərə daha çox vurğu salmaq lazımdır, nəinki axtarıb bizi ayıra biləcək nöqtələr tapmaq.

Xüsusilə, Qarabağda və Şərqi Zəngəzurda çalışan insanlara, onların aid olduğu "başqa" bölgələrə aid mövzularda diqqətli olaq. Başqa bölgə yoxdur; hamısı Azərbaycan torpağı, Azərbaycan insanıdır.

Bir də ki, ölkənin hər yerindən gəlib Qarabağı, Şərqi Zəngəzuru işğaldan azad edən əsgər və zabitləri xatırlayaq. Şəhidlər var, qazilər var. Onların arasında Qarabağlı da var, Şərqi Zəngəzurlu da var, ölkənin hər bölgəsindən də var. Bu torpaq təkcə Qarabağlının, Laçınlının, Kəlbəcərlinin... deyil axı. Hamımızındır. Odur ki, hamımız bu məsələlərdə ehtiyatlı olaq. Ehtiyat təkcə igidin deyil, hamının yaraşığıdır...

Müəllif: Bahəddin Həzi - Mənbə: Bizimyol.info
Təqdim etdi: Siam.az 
Tarix: 13-11-2023, 22:02
Xəbəri paylaş





Xəbər lenti