Qarabağ separatçılarını İrəvanda “diriltmək” cəhdləri – “Düyməyə” basıldı

Hərbi-siyasi ekspert: “Separatçıların qondarma qurumu dirçəltmək niyyətlərini ortaya qoymaları təsadüfi deyil”
Azərbaycan Ordusunun sentyabrın 19-da keçirdiyi bir sutkalıq antiterror əməliyyatlarından sonra Ermənistana qaçan ləğv edilmiş separatçı qurumun tör-töküntüləri hərəkətə keçiblər. Erməni mediasının məlumatına görə, qondarma qurumdan geriyə qalan “məmurlar” İrəvanda “iclas” keçirib, “Artsaxın strukturlarının” yenidən formalaşdırılmasını müzakirə ediblər. Onların yenidən Qarabağa qayıdışı barədə müzakirələr apardıqları vurğulanır. Məlumatlarda o da qeyd edilir ki, “Qarabağın mühacirət hökuməti” ideyası da nəzərdən keçirilir.
Ekspertlər hesab edirlər ki, separatçıların aktivləşməsi təsadüfi deyil. Analitiklərin qənaətincə qondarma qurumu İrəvanda “diriltmək” cəhdləri müşahidə olunur ki, bu, Azərbaycanla yanaşı, Ermənistan üçün də arzuolunmazdır.  
Hərbi-siyasi ekspert Azər Bayramov AYNA-ya müsahibəsində bildirib ki, Qarabağın ləğv edilmiş separatçı rejiminin dirçəldilməsi ilə bağlı İrəvanda atılan addımlar onu göstərir ki, qondarma qurum tam məhv edilməyib:

- Separatçıların Rusiyaya meylli olduğunu nəzərə alsaq, onların yenidən formalaşması üçün addımların atıldığını müşahidə edirik. Özlərini buraxan qondarma rejimin terrorçubaşılarının Ermənistana getdikdən sonra yenidən dirçəlmək üçün cəhdlər edəcəkləri əvvəldən gözlənilən idi. Və biz indi bu prosesin şahidi olmaqdayıq.
Hesab etmirəm ki, indiki halda separatçıların Azərbaycan üçün hansısa təhlükəsi var. Amma gələcəkdə qondarma qurum “rəhbərlərinin” qondarma iclasları revanş hissi ilə yaşayan digər kəsimlərin də bu yöndə addımlar atmasına zəmin yarada bilər. İstənilən halda, Azərbaycan separatçılara da, Ermənistanın hakim dairələrinə də xəbərdarlığını etməlidir.
- İddialar var ki, separatçıların bu addımlarının Ermənistan üçün də təhlükələri var. Söhbət hansı təhlükələrdən gedir?
- Təbii ki, separatçıların Paşinyan hakimiyyətinə qarşı təhlükə mənbəyinə çevrilməsi qaçılmaz görünür. Yəni çki, bu, təkcə Azərbaycana qarşı təhlükə deyil, Ermənistan üçün də təhlükədir. Ola bilsin ki, separatçılar havadarlarından dəstək vədi alaraq belə addımlar atmağa cəsarətləniblər – istər Azərbaycana, istər də Ermənistana qarşı. Bütün hallarda, indi separatçılar Azərbaycandan çox Ermənistanın indiki hakimiyyəti üçün təhlükə mənbəyinə çevrilirlər. Onsuz da Ermənistanda indi hakimiyyət üçün vəziyyət kövrəkdir, ölkə daxilində hərc-mərclik var. Bu qarışıqlıqdan istifadə edən separatçılar İrəvanda hakimiyyət çevrilişinə belə cəhd göstərə bilərlər.
- Belədirsə, separatçıların bu toplantısından Paşinyan hakimiyyətinin xəbərinin olmaması mümkündürmü?
- Əlbəttə, mümkün deyil. Hesab etmirəm ki, Paşinyanın xəbəri olmadan separatçılar İrəvanda hansısa görüş, toplantı keçirə bilsinlər. Böyük ehtimalla, hökumət bunun qarşısının alınması üçün yetərincə addım atmayıb, siyasi iradə göstərə bilməyib. Yenə deyirəm, separatçıların Paşinyan hökumətinin özü üçün təhlükə yaratdığı əvvəlcədən elə hakimiyyət nümayəndələri tərəfindən bildirilirdi. Bu müddətdə separatçıların bir araya gəlməməsi üçün Paşinyan hakimiyyətinin nümayəndələri addımlar atırdılar, tədbirlər görürdülər. Görünür hakimiyyət hansısa boşluqlara yol verib, yaxud da, hakim elita içərisində separatçıların toplaşmasında maraqlı qüvvələr var. Hər halda separatçıların qondarma qurumu yenidən dirçəlmək niyyətlərini ortaya qoymaları təsadüfi deyil. Görünür, qondarma qurumun havadarları düyməyə basıblar. Amma separatçıların hansısa nailiyyəti gözlənilmir.
- Separatçıların “dirilmək” cəhdləri sülhlə bağlı prosesə hansı təsirləri göstərə bilər?
- Əlbəttə, prosesə mənfi təsir göstərir. Amma bunu Azərbaycan yox, Ermənistan düşünməlidir. Ümumiyyətlə, rəsmi İrəvan sülh istəyini ciddi şəkildə göstərməlidir və sülhə mane yaradacaq amilləri aradan qaldırmalıdır. Bilirsiniz, son üç il ərzində Ermənistandan sülh bəyanatları verilir, dildə “sülh” kəlməsini eşidirik, amma əməldə sülhü görmürük, sülhlə bağlı addımlar atılmır. Üç il ərzində Ermənistan Qarabağdakı separatizmə dəstək göstərdi, onları silah-sursatla təmin etdi. Sonda heç bir nəticə əldə edə bilmədilər, çünki Azərbaycan Ordusu separatçıları məhv etdi, Qarabağda separatizmin kökünü kəsdi. Artıq Azərbaycan ərazi bütövlüyünü təmin etmiş, suverenliyini bütün ərazilərində bərpa etmiş dövlətdir. Ermənistan rəhbərliyi anlamalıdır ki, Azərbaycan onların istənilən təxribatının qarşısını alacaq. Onların sülhdən başqa yolları yoxdur. Ona görə də indi separatçıların dirçəlməsi istiqamətdində atılan addımların qarşısını Ermənistan hakimiyyətinin məhz özü almalıdır.  
Tarix: 5-12-2023, 21:10
Xəbəri paylaş





Xəbər lenti