Paşinyandan etiraf: ““Artsax”ın ləğvi prosesi qaçılmaz idi”
“Lissabon sammitində bizə dedilər ki, öz müqəddəratını təyinetmə hüququnun ən yüksək təzahürü Azərbaycan dövlətinin daxilində muxtar status ola bilər” “2016-cı ilin avqustunda danışıqlar prosesində baş verən substantiv dəyişikliklər nəticəsində “Artsax Respublikası”nın ləğvi prosesi qaçılmaz oldu”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri “Mülki müqavilə” Partiyasının təşəbbüs qrupunun İcevanda keçirilən iclasında partiyanın İdarə Heyətinin sədri, Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. “Bizə miras qalan danışıqlar vəziyyətində irəliyə doğru qaçılmaz yol təkcə ərazilərin verilməsi və s. deyil, həm də Qarabağda yaradılmış “dövlət nizamının” ləğvi idi. Bu barədə birinci dəfə istintaq komissiyasında çıxışım zamanı çox diqqətlə danışdım, ikinci dəfə daha açıq danışdım, bu yaxınlarda vətəndaşların suallarını cavablandırdım. Mən indi təəssüf ki, Qarabağdakı hadisələrdən sonra daha sərbəst danışa bilirəm”, - Paşinyan bildirib. Baş nazir qeyd edib ki, bu mövzu Ermənistanda müzakirə olunmayıb: “Çünki müzakirə olunsaydı, xalqa 30 il ərzində resursların mənasız şəkildə ilkin olaraq həll olunmayan problemə sərf edildiyini söyləmək lazım gələcəkdi. Əvvəlcə onu deyək ki, niyə bu problem həll olunmaz oldu? Bunun bir sıra səbəbləri var. Çünki BMT Təhlükəsizlik Şurasının qətnamələri mövcud idi. İndi bizi ittiham edirlər, deyirlər ki, əvvəldən “Dağlıq Qarabağ”ın öz müqəddəratını təyinetmə məsələsi ilə məşğul olacağımızı deyirdik, amma bunu etmədik. Bütün problem ondadır ki, biz öz müqəddəratını təyinetmə hüququnun nə olduğunu anlamağa çalışmırıq. 6 dekabr 1996-cı ildə Lissabon sammitində bizə dedilər ki, öz müqəddəratını təyinetmə hüququnun ən yüksək təzahürü Azərbaycan dövlətinin daxilində muxtar status ola bilər”. “Əslində biz bu məntiqlə getdik və bizim günahımız və ən böyük səhvimiz odur ki, 44 günlük müharibədən sonra xalqımızla bu mövzularda danışmağa başladıq. Digər tərəfdən, həmin söhbətin psixoloji və emosional qeyri-mümkünlüyü ilə üzləşdik”, Paşinyan əlavə edib. Paşinyan əlavə edib ki, bəzi qüvvələr Ermənistanda dövlət qurmamaq üçün “Artsax” məsələsindən istifadə edib, hər şeyi mümkün olmayan “Artsax” məsələsinin həllinə yönəldiblər.