Qəfil ölümlərin səbəbi nədir? - Kardioloqdan açıqlama
Son vaxtlar gənc yaşda qəfil ölüm hallarının çoxalması insanları narahat edən əsas problemlərdən biridir.
Qəfil ölümlərin yarıdan çoxu isə ürək-damar xəstəlikləri ilə əlaqədar baş verir. Mütəxəssislər bildirirlər ki, dünyada ürək-damar xəstəliklərinin yaşı getdikcə gəncləşir.
Bəs, bunun səbəbi nədir? Sürətlə yayılan ani ölümlərin qarşısını necə almaq olar?
Mövzu ilə Bakupost.az -a açıqlama verən kardioloq Zaur İslamov bildirib ki, gənc yaşda qəfil ölümlərin baş verməsinin əsas səbəbi pis vərdişlərdir.
Kardioloqun sözlərinə görə, heç kim vaxtı-vaxtında profilaktik olaraq kardioloq müayinəsinə gəlmir:
“Ani ölümlərin çoxalmasının əsas səbəbi qeyri-düzgün həyat tərzi, pis vərdişlər, həddən artıq energetik və spirtli içkilərdən istifadə etmək, həmçinin siqaret çəkməkdir. Digər bir səbəb isə vətəndaşlarımızın heç olmasa, ildə bir dəfə kordioloq müayinəsindən keçməməsidir. Bundan başqa düzgün qidalanmama, artıq çəki, oturaq həyat tərzi və s. də riskləri artırır. Ürək-damar xəstəliklərinin dəyişə bildiyimiz və dəyişə bilmədiyimiz risk faktorları var. Dəyişə bilmədiyimiz risk faktoru irsiyyət, yaş, cins və yaşadığımız ölkədir. Dəyişə bilən risk faktorları isə artıq çəki, təzyiq, xolesterin, şəkər, stress və pis vərdişlərdir”.
Zaur İslamov bildirib ki, statistik olaraq kişilərdə ürək-damar xəstəlikləri qadınlardan daha çoxdur:
“Qadınlara nisbətən kişilər arasında qəfil ölümlərin sayı daha çoxdur. 65 yaşdan sonra kişilərlə qadınlarda ürək xəstəliklərinin tezliyi eyniləşir. Buna səbəb odur ki, kişilər çox vaxt xəstəliyi iqnor edirlər, həkimə getmirlər. Bundan başqa hazırki dövrdə həyatımızda çoxalan stress də ürək-damar xəstəliklərinin səbəblərindən biridir. Cavanlarda ürəkdə problem olduqda bu daha çox irsi xəstəliklə əlaqədər olur. Həmin şəxslər uşaqlıqdan kordioloq nəzarətində olmalıdır. Gənclər simptomlara fikir vermirlər və şikayətləri olduqda həkimə müraciət etmirlər. Bu da qəfil ürək-damar xəstəliklərindən ölümlərin sayını çoxaldır. Yaddan çıxarmaq olmaz ki, ürəklə zarafat etmək olmaz”.
Kardioloq qeyd edib ki, heç bir elmi iş və tədqiqat COVİD-19 üçün vurdurduğumuz vaksinlərlə ürək-damar xəstəlikləri arasında əlaqə aşkar etməyib:
“Hər hansı bir hadisə və ya xəstəlik nədənsə sonra baş verirsə, bu o demək deyil ki, onun nəticəsində olur. 30 il siqaret çəkən və vaskin vurdurduqdan sonra infakt olan şəxs heç yadına salmır ki, illər boyu zərərli vərdişi olub. Deyir peyvənd vurdurdum və ondan oldu. Halbuki adamın bütün risk faktorları var, yəni siqaret çəkir, oturaq işdə çalışır, artıq çəkisi var, gündəlik stress yaşayır. İnsanlar göz önündə olan şeyləri kənara qoyub, başqa nəzəriyyələr axtarmağa başlayırlar”.
Tarix: 26-06-2023, 12:40