Niyazi Eminovdan iflic olan əmisi ilə bağlı paylaşım - DETALLAR

Niyazi Eminovdan iflic olan əmisi ilə bağlı paylaşım
Məlum olduğu kimi, artıq bir neçə gündür sosial şəbəkələrdə “Baku Medical Plaza” xəstəxanasının uzman neyrocərrahı Tural Hidayətovun əməliyyat etdiyi 67 yaşlı xəstə Knyaz Eminovun iflic olması müzakirələrə səbəb olub. Yaxınları xəstənin əməliyyatından sonra yaranan fəsada görə həkimi ittiham edirlər.

Ötən gün “Qafqazinfo”ya açıqlama verən Tural Hidayətov isə əməliyyatın fəsadsız keçdiyini, əməliyyatdan sonra xəstədə hemiparezin (sağ tərəfin qüvvətsizliyi) formalaşdığını bildirib. Onun sözlərinə görə, buna səbəb əməliyyat sırasında görülməyən millimetrik damarların tromboz ve ya spazma getməsidir. Bu növ anevrizmalarda bu cür infarktlar yarana bilər, lakin əksər hallarda fizioterapiya ilə 3-6 ay ərzində bərpa olurlar.

Həkim xəstənin beynəlxalq protokola uyğun əməliyyat olunduğunu və yaxınlarına əməliyyat riskləri ilə bağlı məlumat verildiyini qeyd edib. O, həmçinin pasiyentin iki həmkarının yaxını olması səbəbindən xəstəxana xərcləri xaric, əməliyyata görə ödəniş alınmadığını söyləyib.

Bu gün isə sözügedən xəstənin qardaşı oğlu, tanınmış həkim, onkoloq-mammoloq Niyazi Eminov sosial şəbəkə hesabında məlum hadisə ilə bağlı paylaşım edib. O, bu tip əməliyyatlarda belə risklərin olduğunu, lakin həkimlərin xəstə yaxınlarını əvvəlcədən, onların başa düşəcəyi dildə risklərlə bağlı məlumatlandırmalı olduğunu qeyd edib: “Əmim iş yerində bayılmışdı. Dostumuz uzman doktor Xəyyam Eyvazova yönləndirdik, nevroloji defisiti yox idi, yəqin şəkəri düşüb deyə düşündük. Xəyyam doktor beynin MRT-sini çəkdirdi, dostumuz uzman doktor Eldəniz Hüseynov təlaşla mənə zəng elədi, əmimdə rüptüre - anadangəlmə beyin anevrizması aşkarlanmışdı. Şansından subaraxnoidal boşluğu qanamamışdı, heç nə olmamış kimi ayaq üstə gəzirdi. Növbəti addımda digər dostumuz uzman doktor Ağakişi Yəhyayevə qaçdıq. Dedi ki, intramural trombu var, intravaskulyar müdaxilə olunsa, insult keçirmə ehtimalı var, açıq əməliyyat olunsa, yaxşıdır. Başqa invaziv radioloqlarla da danışdıq, bir qismi “edilə bilər”, bir qismi isə “açıq olunsa, yaxşı olar, nevroloji defisit olmaz” dedilər. Açığı, biz Ağakişi doktora güvəndik, çünki o hamıdan daha təcrübəli idi bu mövzularda, Azərbaycanın ilk uzman invaziv radioloqudur, illərin həkimidir. İstəmirdik, nevroloji defisiti olsun, riskə atmadıq, açıq üsul qərarı verdik. Onun da tövsiyəsi ilə digər dostlarımız olan uzman Tural doktora müraciət etdik. Bizi səmimi, candan qarşıladılar, ürək-dirək verdilər, əməliyyata hazırladılar. Risklər haqqında yaxınlarıma ayrıntılı, özəl bilgi verilmədi, mənim anladığım, açıq əməliyyatda da insult riski olduğu deyilməmişdi, yəqin ki... Ya da biz anlaya bilməmişdik deyilənləri. Amma imzalanan “onam formunda” hamısı müfəssəl yazılıb, görürəm”.

N. Eminov qeyd edir ki, əməliyyatdan sonra xəstənin infarkt keçirdiyi məlum olub: “Əməliyyatdan sonra anladıq ki, əmimdə sağ hemiplegiya, sağ prozoplegiya əmələ gəlib və ayılmır, şüuru aydınlanmır. Dostlarımız dedilər ki, əməliyyatdan əvvəlki və sonraki ödemə bağlıdır, keçəcək. Keçmədikcə ailəm tədirginləşməyə başladı. Anjio və kranial KT çəkildi, dostlarımız dedilər ki, hər şey yaxşıdır, ödemdi, keçəcək. Əmim ayıldı, amma amneziya, motor disfaziya, disleksiyası var idi. Biz çəkilmiş kranial KT ilə radioloq dostlarımızdan fikir aldıq, nə də olsa radioloqdurlar, bəlkə, fərqli nə isə görərlər deyə, onlar da dedilər ki, böyük ehtimal bu ödem deyil, işemiyadır, diffuzion MRT çəkilməlidir. Tural Hidayətzadə dostumuzdan xahiş etdik ki, MRT çəkilsin, o da dedi ki, biz də MRT planlayırıq bu durumda. Çəkdik, bazal qanqlionlar-internal kapsula bölgəsində genişcə infarkt sahəsi təsdiqləndi.

İnsan oğlunun xüsusiyyətində var, problem olanda günahkar axtarır. Kimdir günahkar? Mən və Əlövsət doktormu? Güvənərək xəstəmizi uzman dostlarımıza həvalə etdik, əməliyyat edən doktorlardımı? Tanrıdırmı, əstəğfürullah, hər şey onun kontrolundadır?!

Ailəmizin həkimlərimizdən əsas küskünlüyü odur ki, iflic və digər nevroloji hadisələrin risklərini bizə niyə əvvəlcədən anlayacağımız dildə önəmlə anlatmadınız? Axı biz Ağakişi doktorun yanından məhz ona görə sizin yanınıza gəlmişdik ki, elə bilirdik ki, nevroloji defisit olmayacaq. Doktorların günahı varmı? Yox, əlbəttə. Bu bir ağırlaşmadır. Onlar istəyərdimi ki, dostlarının əmisinin başına bu ağırlaşma gəlsin? İstəməzdilər, təbii. Daha yeni inkişaf edir səhiyyəmiz, daha da təkmilləşəcəyik. Sonra öyrəndik ki, anevrizma cərrahiyyəsi çox riskli cərrahiyyədir əslində. Gözlənilən ağırlaşmalardır bunlar, bütün dünyada. Hamımız çox üzgünük, əmim üçün ailəlikcə çox məyusuq. Əmim yaxşı kişidir, əmim qızları daha çox üzgündürlər, çox emosionaldırlar, üslubları yanlışdır, bilirəm, onları bağışlayın, atalarına çox bağlıdırlar... Onların əvəzinə mən sizlərdən üzr istəyirəm.

İnşallah əmim 3-6 ay ərzində, ümid edirəm ki, minimal nevroloji defisitlə sağalacaq, bunların hamısı unudulacaq. Heç kim heç nədən sığortalanmayıb. Mən cərraham, mənim də məndən asılı olmadan olan ağırlaşmalarım olur, bu normaldır. Hər işdə bir xeyir var. Səbirli olmaq lazımdır sadəcə. Neyrocərrah dostlarıma tövsiyəm, xəstələrinizə əməliyyat risklərini onların başa düşəcəyi dildə, daha ayrıntılı bir şəkildə izah edin, lütfən. Yaxınlarıma tövsiyəm, səbirli olun, inşallah düzələcək”.

Həkim, həmçinin bildirib ki, həmkar olduqlarına görə əmisinin əməliyyatı ilə bağlı hər hansı endirim xahiş etməyiblər. Xəstəxanadan deyildiyi qədər – 8-9 min AZN civarında, hissə-hissə ödəniş olunub.
//“Qafqazinfo”//
Tarix: 8-07-2023, 17:07
Xəbəri paylaş





Xəbər lenti