Tərtərdə “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində qanvermə aksiyası keçirilib


İyulun 19-da Səhiyyə Nazirliyinin, Milli Hematalogiya və Transfuziologiya Mərkəzinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanda “Talasemiyasız həyat naminə” proqramı çərçivəsində Talasemiyadan əziyyət çəkən uşaqlara qan toplamaq məqsədilə qanvermə aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, gənclər, ümumilikdə minlərlə rayon sakini könüllü olaraq iştirak edib.
Qanvermə aksiyasında iştirak edənlər əvvəlcə müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib. Aksiyada 178 nəfər qan verib.
Aksiyada iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, qanvermə aksiyasının məqsədi hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Talassemiya və digər irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələrin həyatı kütləvi surətdə qanvermə aksiyalarından asılıdır. Bu məqsədlə 2005-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və qayğısı ilə başlanılmış “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində mütəmadi olaraq qanvermə aksiyaları keçirilir. Könüllü qan vermə aksiyalarından toplanan qan irsi qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsinə sərf olunur.

Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Milli Hematalogiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının rəhbər heyyətini qəbul edib. Rayon rəhbəri aksiyanın yüksək səviyyədə təşkilindən razılığını bildirərək Mərkəzi Qan Bankının aksiyada iştirak edən hər bir əməkdaşına Tərtər Rayon İcra Hakimiyyətinin təşəkkürnamələrini təqdim edib. Eyni zamanda qan donorluğunun təşkilatçılığında fəal iştirakına və verdiyi dəstəyə görə Milli Hematalogiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı tərəfindən Tərtər Rayon İcra Hakimiyyətinə təşəkkürnamə təqdim edilib.
Tarix: 19-07-2023, 23:10
Xəbəri paylaş





Xəbər lenti