Bu Tibb Mərkəzində xəstələr şikayətçidir — TƏBİB isə “hər şey yaxşıdır” deyir…

TƏBİB-in tabeliyində olan Suraxanı Tibb Mərkəzində xəstələrə verilən yeməklərlə bağlı biabırçı mənzərə ortaya çıxıb. Bununla bağlı Demokrat.az-a hazırda Suraxanı Tibb Mərkəzində müalicə alan xəstələrdən şikayət daxil olub.
 
Adının anonim qalmasını istəyən şikayətçilər iddia edir ki, xəstəxanada onlar üçün nəzərdə tutulan yeməklər bərbad vəziyyətdədir.
 
"Xəstəxanada xəstələrə qarşı laqeyd münasibət sərgilənir, yaxşı xidmət üçün bizdən pul tələb olunur. Verilən yeməkləri itin qabağına atsan, yeməz. 
 
Xəstəxanadakı bərbad vəziyyətlə əlaqədar bu yaxınlarda Fövqaladə Hallar Nazirliyi tərəfindən yoxlama aparılıb. Yoxlama zamanı sözügedən nöqsanlar ortaya çıxıb və xəstəxana 1500 manat məbləğində cərimələnib", - deyə şikayətçi qeyd edir.
 
Şikayətçinin sözlərinə görə, bu yaxınlarda Suraxanı Tibb Mərkəzinin direktoru təyin edilən Ələkbər Tağıyevə dəfələrlə şikayət edilsə də, məsələyə göz yumur.
 
Sözügedən məsələ ilə bağlı TƏBİB-dən Demokrat.az-ın informasiya sorğusuna cavab olaraq bildirilib ki, sözügedən şikayət həqiqəti əks etdirmir: “Suraxanı tibb mərkəzində müalicə alan vətəndaşların qidalanması Respublika Neyrocərrahiyyə Xəstəxanası tərəfindən həyata keçirilir. Həmin mərkəzi mətbəxdə yeməklər həftəlik tərtib edilmiş menyu əsasında hazırlanır. Gündəlik bişirilən yeməklərdən 72 saat olacaq şəkildə nümunələr götürülüb saxlanılır. Səhər yeməyində südlü sıyıqlar, süd və süd məhsulları (yağ, pendir, kəsmik), nahar və şam yeməyində isə müxtəlif salatlar, şorbalar, meyvə şirələri, yarma və ya tərəvəz yeməkləri və mal, toyuq, balıq ətindən yeməklər hazırlanır. Ara yemək zamanı isə meyvə, şirniyyatlar və ağartı məhsulları verilir.
 
Bişirilən bütün yeməklərə şöbəmiz tərəfindən yaradılan whatsapp qrupu üzərindən paylaşılan şəkillərlə və müxtəlif vaxtlarda keçirilən monitorinqlərlə həkim-dietoloq Vüsalə Tağıyeva tərəfindən nəzarət edilir. Xəstələr üçün hazırlanan yeməklər Nazirlər Kabinetinin 103 saylı qərarı ilə norma əsasında verilir.
 
Xəstəxanada bişirilən yeməklər pəhriz yeməkləri olduğu üçün bəzi vətəndaşlar tərəfindən narazılıqla qarşılanır.  Belə hallarla qarşılaşıldıqda müəssisənin həkim diyetoloqu tərəfindən həmin xəstələrə verilən yeməklərin ev yeməklərindən fərqli olaraq onların müalicəsinə paralel olaraq hazırlandığı izah olunur.
 
TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində müalicə və profilaktika məqsədiylə xəstələrə xüsusi hazırlanmış qidalanma rejimi tətbiq olunur və pəhriz yeməkləri təqdim edilir. Bu məqsədlə TƏBİB-in aidiyyəti bölməsi tərəfindən tibb müəssisələrində yeməklərin keyfiyyətinin artırılması və müalicəvi qidalanmanın təşkil edilməsi üçün bir sıra yeniliklər həyata keçirilib. İlkin olaraq xəstələrin qidalanmasında istifadə edilən normaya (Nazirlər Kabinetinin 103 saylı qərarının 5 və 6-cı əlavələrində) dəyişikliklər edilərək təsdiqlənməsi üçün aidiyyəti qurumlara ünvanlanıb. Bundan əlavə, xəstəliklərin növündən asılı olaraq yeni pəhriz menyuları hazırlanaraq tibb müəssisələrinə göndərilib. Son olaraq qida sahəsində çalışanların işinin təşkili məqsədiylə  yeni təlimat hazırlanmaqdadır.
 
Qidalanmanın təşkili, xəstələrin keyfiyyətli və müxtəlif çeşidli pəhriz yeməkləri ilə təmin olunması müəssisə rəhbərliyi, qida bölmə rəisi,  həkim diyetoloqun bilavasitə nəzarəti ilə həyata keçirilir. Tibb müəssisələrində xəstələr üçün orta sutkalıq ərzaq normaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 saylı qərarı ilə təsdiq edilmiş 5 və 6 saylı əlavələr əsasında təşkil olunur. Qidalanmanın keyfiyyətini artırmaq üçün tibb müəssisələrində yeni mətbəxlərin quraşdırılmasına, avadanlıqlarla təchiz olunmasına xüsusi diqqət ayrılır. Eyni zamanda  müəssisənin qida sahəsində çalışan personalın bilik və bacarıqlarının artırılması üçün TƏBİB-in Qida və təsərrüfat malları şöbəsi tərəfindən mütəmadi olaraq  Bakıda və bölgələrdə praktiki təlimlər həyata keçirilir.
 
Son olaraq İsmayıllı, Goranboy, Beyləqan, Cəlilabad, Siyəzən rayonunda, ümumilikdə 50 müəssisənin qida sahəsi üzrə çalışanlarının iştirakı ilə keçirilən təlimlərdə ərzaq məhsullarının qəbulu, saxlanılması, müalicəvi qidalanmanın əsasını təşkil edən pəhriz masaları haqqında ətraflı məlumat verilib, eyni zamanda müxtəlif çeşidli pəhriz yeməklərinin hazırlanması praktik olaraq nümayiş etdirilib.
 
Suraxanı Tibb Mərkəzində müalicə alan vətəndaşların qidalanması isə Respublika Neyrocərrahiyyə Xəstəxanası tərəfindən həyata keçirilir. Həmin mərkəzin mətbəxində yeməklər həftəlik tərtib edilmiş menyu əsasında hazırlanır. Gündəlik bişirilən yeməklərdən nümunələr götürülüb saxlanılır. Səhər yeməyində südlü sıyıqlar, süd və süd məhsulları (yağ, pendir, kəsmik), nahar və şam yeməyində isə müxtəlif salatlar, şorbalar, meyvə şirələri, yarma və ya tərəvəz yeməkləri və mal, toyuq, balıq ətindən yeməklər hazırlanır. Ara yemək zamanı isə meyvə, şirniyyatlar və ağartı məhsulları verilir. Bişirilən bütün yeməklərə həkim-diyetoloq tərəfindən nəzarət edilir. Pəhriz yeməkləri ilə bağlı şikayət olduqda isə həmin xəstələrə yeməklərin onların müalicəsinə paralel olaraq hazırlandığı izah edilir”.
Tarix: 19-07-2023, 23:15
Xəbəri paylaş





Xəbər lenti