Natəvanı öldürən süd vəzi xərçəngi: İlkin əlamətləri hansılardır? - Necə qorunmalı?


Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Natəvan Babayeva ötən gün 46 yaşında dünyasını dəyişib. 
Teleaparıcı uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi. O, bir neçə gün öncə müalicə üçün Türkiyəyə getmək istəyərkən hava limanında halı pisləşmiş, bu səbəbdən xəstəxanaya yerləşdirilmişdi. Onun süd vəzisində başlanan xəstəlik ağırlaşaraq digər orqanlara yayılmışdı. 
Müasir dövrdə süd vəzi xəstəliklərindən əziyyət çəkən qadınlara tez-tez rast gəlinir. Bəs nə etməli? Bu dəhşətli xəstəlikdən necə qorunmalı? 
Mövzu ilə bağlı  Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, professor Aydın Əliyev Yenisabah.az-a danışıb. 
Həkim bildirib ki, bu xəstəliyin yaranmasının bir sıra səbəbləri ola bilər, lakin ən başda qida dayanır: 
"Təəssüflər olsun ki, onkoloji xəstəliklər günümüzdə böyük problemə çevrilib. Birinci amil isə məhz qidalanmadır. Peyğəmbərimiz deyib ki, biz nə yeyiriksə, ondan ibarətik. Yediyimiz qidalar, içdiklərimiz nə qədər çirklidirsə, bir o qədər də xəstəliyə tutulacağıq. Qəbul etdiyimiz qidalar, yağlar, qazlı, şirin içkilər bədənimizin metobolizmasını, onun biokimyasını dəyişir. Bu dəyişdikdə bədəndə xəstə hüceyrələr formalaşır və çoxalır. Hər dəfə cavanlarla dava edirəm ki, "siqareti atın!" Dünyada  6 milyon insan siqaretdən ölür, siqaret çəkənlər bir çox halda onkoloji xəstəlikdən əziyyət çəkirlər, yaxud ağciyərlərində problem olur. Nəfəs tutulduqca, yetərli oksigen alınmadıqca da istənilən xəstəliyə düçar olmaq çox asandır. Bunlar hamısı təsir edən faktorlardır. Yediyimiz trans yağlar, rəngli sular hamısı çox zərərlidir, onlara qətiyyən yaxın durmaq olmaz". 
Professor qeyd edib ki, bu xəstəliyin yaranmasına digər səbəb psixoloji gərginlik və stressdir: 
"Yediyimiz qeyri-sağlam qidalar, çirkli hava ilə bərabər psixoloji gərginlik də xəstəliklərə yol açan səbəblərdən biridir. Bu gün qadınlarda süd vəzi xərçənginin tez-tez aşkarlanması onların ailə münasinbətlərinin, qadın-kişi münasibətlərinin düzgün qurulmamağıdır. Ailədəki psixoloji gərginlik xəstəliklərin yaranmasında mühüm rol oynayır. Üstəgəl, yaşadığımız mühitdəki problemlər təəssüf ki, stressə səbəb olur. 
O cümlədən, bədxassəli şişlərin yaranmasında müxtəlif kosmetik vasitələrin, plastik müdaxilələrin də rolu var. Bunlar hamısı insanı təbiilikdən çıxarır. Nə qədər təbiətlə bağlı olsaq, o qədər xəstəliklərdən uzaq olarıq. 
Bu mənada, gərək biz təbiəti də sağlam saxlayaq, ekologiyanı qoruyaq. Bu gün şəhərə fikir verin, əhalinin böyük əksəriyyəti siqareti çəkib yerə atır. Bu həm zibillikdir, həm mədəniyyətsizlikdir, həm də oksigeni udur və karbon qazı çoxalır. Karbon qazı çoxaldıqca da xəstəliklər artır. Bu da onkoloji xəstəliklərin yaranmasına gətirib çıxaran amillərdən biridir.
Bundan əlavə, belə bir durumda kim bilə-bilə ölkəyə keyfiyyətsiz dərman, qida gətirirsə, bizim düşmənimizdir. Belə insanlar olan yerdə bizim düşmənə ehtiyacımız yoxdur". 
Tarix: 21-07-2023, 12:26
Xəbəri paylaş





Xəbər lenti